Rəssam öz sənət yoluna “kəşf” kimi qovuşub
Rəssamlıq zamanın sərhədlərini aşan rəngli hekayələrdir. O, adi kətanı və boyanı insan ruhunun ucalığını əks etdirən sənət dilinə, fəlsəfəyə və ideyaya çevirir. Görkəmli Rəssamlar hər zaman klassik məktəblərin davamçısı olmaqla yanaşı, sənətə yeni, unikal üslub və nəfəs gətiriblər. Azərbaycanın zəngin mədəni irsi və incəsənət ənənələrini yaşadan sənətkarlar arasında Sakit Qulam oğlu Məmmədovun adı böyük hörmətlə çəkilir.
1958-ci ildə Neftçala rayonunda anadan olan rəssam altı yaşından fırça tutmağa başlayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında təhsil alıb. Akademiyanı fərqlənmə diplomu ilə bitirən Sakit Məmmədov yaradıcılığının ilk dövrlərindən müxtəlif janr və mövzulara müraciət edib.
UNESCO Rəssamlar İttifaqının, Avropa Təbiət Elmləri Akademiyasının, Roma Müasir İncəsənət Akademiyasının və Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, “Türk Dünyası” Akademiyasının həqiqi üzvüdür. 2018-ci ildə ona Xalq rəssamı fəxri adı verilib.
Sakit Məmmədovun sənəti Azərbaycanın sərhədlərini aşaraq beynəlxalq aləmdə də tanınıb. Rəssam Böyük Britaniya tərəfindən Lord, Vatikan dövləti tərəfindən isə Qraf titulu ilə təltif edilib, həmçinin Avropa Parlamentinin Senatoru fəxri adına layiq görülüb.
Böyük Britaniya kraliçası II Elizabet Sakit Məmmədov sənətinin heyranlarından olub, onu bir neçə dəfə ölkəsinə dəvət edərək öz sarayında qəbul edib. Rəssamın Kraliçaya bağışladığı "Cıdır düzü" və "Bahar qızı" əsərləri bu gün Londonun Kral ailəsinə məxsus məşhur "Vindzor" qəsrində saxlanılır. Almaniyada onun adına orden və markalar təsis olunub, Türkiyədə pul vahidinin üzərində isə Sakit müəllimin çəkdiyi “Dədə Qorqud” əsəri yer alıb.
Sənəti işığın, rənglərin və insan ruhunun dialoqu kimi görən Sakit Məmmədov yaradıcılığındakı fəlsəfəni və böyük əsərlərin yaranma prosesini rəssamın öz dilindən eşitmək üçün onunla həmsöhbət olduq.
– Sənətkarın missiyası və onunla tamaşaçı arasındakı əlaqə nədən ibarətdir? Millilik və dünyəvilik balansını nə dərəcədə vacib hesab edirsiniz?
– Bilirsiniz, sənət ibadət kimidir. Rəssam əsər üzərində işləyəndə özünü tamamilə unutmalı, çəkdiyi əzab hiss olunmamalı, əksinə, ruhu duyulmalıdır. Tamaşaçı isə o əsərdən yalnız zövq almalıdır.
Rəssamlıq həm də dünyəvi sənətdir, dünyanın hansı ölkəsində nümayiş olunmasına baxmayaraq, tamaşaçı tabloların ruhunu anlamalıdır. Elə insanlar var ki, onların yaradıcılığı öz ölkələrinin sərhədlərini aşır. Məsələn, Qırğızıstan kiçik ölkə olsa da, oradan Çingiz Aytmatov kimi böyük şəxsiyyət çıxıb. Onun əsərlərində həm millilik, həm də dünyəvilik var. Bu səbəbdən də bütün dünya Aytmatovun yaradıcılığını qəbul edir.
– Siz “opalizm” cərəyanının banisi kimi tanınırsınız. Bəs “opalizm” nə deməkdir və bu cərəyanın yaranması fikri nədən qaynaqlandı?
– Mən “opalizm”i yaratmamışam, kəşf etmişəm. Bu, hər şeydən əvvəl, yaradıcılığa olan fəlsəfi baxışımdır. Mənim üçün “opalizm” – təbiətdəki rənglərin ruhunu üzə çıxarmaqdır. Çünki həmin rənglər təbiətdə hər zaman mövcud olub. Dahi rəssam Mikelancelodan “David” heykəlini necə bu qədər mükəmməl yaratdığını soruşanda, o, “mən heç nə yaratmamışam, sadəcə Tanrının yaratdığı daşın artıqlarını yonmuşam” demişdi. “Opalizm” də məhz bu təvazökar və fəlsəfi yanaşmanı əks etdirir: sənətkarın missiyası gözəlliyi üzə çıxarmaqdır.
Rəngkar olduğum üçün gənclik illərimdən bəri təbii daşlara və minerallara xüsusi marağım var idi. Bir dəfə Avstraliyadan emalatxanama gələn xanımın boynundakı medalyonun rəngləri məni valeh etdi. Yaxından baxdıqda məlum oldu ki, orada heç bir süjet yoxdur, sadəcə işıq qamması və rənglərin harmoniyası hökm sürür. Sonradan öyrəndim ki, bu medalyon opal daşından hazırlanıb. Həmin vaxtdan etibarən opal daşı ilə dərindən maraqlanmağa başladım və səyahət zamanı bir neçə opal əldə etdim. Bu kəşf bütün yaradıcılıq fəaliyyətimdə yeni mərhələnin başlanğıcı oldu. Mənim “opalizm” adlandırdığım istiqaməti dünya qəbul etdi və artıq nəşr olunan kitab və jurnallarda “sürrealizm” və “realizm” kimi klassik cərəyanlarla yanaşı “Opalizm” də təsviri sənət istiqaməti kimi qeyd olunur.
– Yaratdığınız tablonun dünyada məşhur olmasını necə qarşılayırsınız?
– Rəssamın hər bir əsəri ananın dünyaya uşaq gətirməsi kimidir. Mən tablolarımı qız övladlarına bənzədirəm. Onlar bir evdən digərinə, bir mədəniyyətdən başqa mədəniyyətə gedirlər. Gözümün nurunu, ruhunu, bütün enerjisini verdiyim əsərlər üzərində gecə-gündüz çalışıram, təbii ki, onların harada olacağı, kimin evində, hansı muzeydə sərgilənəcəyi məni düşündürür. Ancaq əsərlərimin dünyanın bir çox yerində nümayiş olunması mənə qürur verir. Çünki onlar tək mənim rəsmlərim deyil, həm də Vətənimi, Azərbaycanımı təmsil edən mədəniyyət elçiləridir.
Bu yaxınlarda Prezident İlham Əliyevin və İtaliya Respublikası Prezidentinin iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin açılışı oldu. Orada mənim “24 Gözəl” adlı silsilədən 14 əsərim nümayiş olundu və daimi eksponat kimi universitetdə qalacaq. Qeyd edim ki, “24 Gözəl” silsiləsi 24 fərqli ölkəni təmsil edir və hər bir tabloda həmin ölkənin tarixi, simvolları, mədəniyyəti və milli dəyərləri öz əksini tapıb. Universitetdə sərgilənən tablolar arasında “İtaliya gözəli” adlı əsərim xüsusi diqqət çəkdi.
– Portret janrına xüsusilə üstünlük verməyiniz nədən irəli gəlir? Məhz bu janrın ən dəyərli nümunələrindən sayılan “Roma Papası” portretinin beynəlxalq miqyasda bu qədər böyük marağa səbəb olmasını necə şərh edərdiniz?
– Bu janra olan bağlılığım, ilk növbədə, insanların daxili aləminə və ruhuna marağımdan qaynaqlanır. Sənətkar üçün kimin portretini çəkməyin fərqi yoxdur, təsvir edilən şəxsin unikallığı, onun maraqlı dünyasıdır. Rəssam işləyərkən həm enerji verməli, həm də kətandan enerji almalıdır ki, tamaşaçı da bunu hiss etsin. Bəzən əli qabarlı bir fəhlənin portretini çəkmək mənə böyük zövq verir.
Bir dəfə yaşlı bir kişinin portretini çəkmişdim və onu sərgiyə daxil etmişdim. NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin sabiq komandanı, general Oktar Ataman xanımı ilə sərgidə olanda onu almaq istəmişdi, mən isə həmin portretin satılmadığını bildirmişdim. Sərgidən sonra Oktar bəy mənə sual verdi ki, niyə məhz bu portreti satışa çıxarmıram? Məndə ona bu portreti sadə, almağa imkanı olmayan həmin yaşlı kişiyə hədiyyə edəcəyimi bildirmişdim.
Roma Papasının portreti isə yaradıcılığımda xüsusi yer tutur. Mən yeganə rəssamam ki, Roma Papası II İohan Paveli naturadan çəkmişəm. Hətta İtaliyanın o zamankı səfiri Marqarita Kostanın "Papanı altı dəfə görmüşəm, Sakitin yaratdığı portret vasitəsilə onu yeddinci dəfə görmüş kimi oldum" sözləri bu əsərimə verilən dəyər idi. Həmin portret Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Vatikana səfəri zamanı Vatikan Dövlət Muzeyinə hədiyyə edildi.
– Sizin “Metro”, “Bahar”, “Neftçala”, “Toy”, “Leninqrad xatirələri”, “Səhnə arxası”, “Altıağac”, “Səhər”, “Çinarlar”, “Neftçala”, “Kəndimiz”, “Moskva”, kimi məşhur tablolarınız arasında “Qarabağnamə” əsəri xüsusilə seçilir. Vətən müharibəsinin izlərini daşıyan bu əsər barədə məlumat vermənizi istərdik.
– Torpaq, Vətən insan nəfəsini, sevgisini hiss edir. Otuz il torpaqlarımız işğal altında idi, həmin torpaq çürümüşdü, orada daha xarıbülbül bitmirdi. 2020-ci ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bizə böyük qürur hissi yaşatdı. O zaman mən qərar verdim ki, Qarabağ müharibəsinin izlərini, xalqın mübarizəsini və zəfərini əks etdirən 5 metrlik əsər çəkəcəm. Bir il ərzində gecə-gündüz işləyərək “Qarabağnamə”ni ərsəyə gətirdim.
– Bu gün şöhrət arxasınca qaçan gənc rəssamlara nə tövsiyə edərdiniz? Onlar hansı dəyəri heç vaxt unutmamalıdırlar?
– Rəssamlıq yalnız istedadla deyil, savad və zəhmətlə olur. Valideynlər övladlarını hələ kiçik yaşlarından muzeylərə, sərgilərə aparmalıdırlar. Onlar cəmiyyətin içində olmalı, insanlarla ünsiyyət qurmalı, kitab oxumalıdırlar. Tez məşhur olmaq, pul qazanmaq onları sənətdən uzaqlaşdırır. Çünki rəssamlıq səbir və fədakarlıq tələb edir. İnsan daim öyrənməli, öz üzərində işləməlidir.
Professionallıq sənətkarın ruhunu, ruh isə şəxsiyyətini ortaya qoyur. Əgər insan şəxsiyyət deyilsə, onun yaratdıqları da dəyərsiz olur.
Arzu ƏLİYEVA
XQ