“Şükriyyə” Gürcüstana gedəcək

post-img

Oktyabrın 14-də Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şükriyyə” tamaşası Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında fevral ayının 22-də imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında nümayiş olunacaq.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşada Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edirlər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi, “37-ci il”in güdazına getmiş Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Məhəbbətinə sadiq qalan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgündə olub. Səhnə əsəri Şükriyyə Axundzadə ilə bərabər, digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların da bəlalı taleyinə işıq salır.

XQ

Mədəniyyət