Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

9 oktyabr

• Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.

• Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” proqramına, “Sky News” telekanalına müsahibə verib.

• Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə olunub. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində isə xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan Bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.

• Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 9-u saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 168 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, ölkəmizin dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

• Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda tank və PDM-ləri ələ keçirilib. Erməni təxribatına qarşı ordumuz tərəfindən hərbi əməliyyatlar uğurla davam etdirilib. Azərbaycan Ordusu tərəfindən düşmənə bir daha ağır zərbə vurulub. Hərbçilərimiz qarşısında aciz qalan düşmən texnikaları ataraq qaçıb. Nəticədə işlək vəziyyətdə olan 30-a yaxın tank və piyada döyüş maşınları ələ keçirilib.

• Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.

• Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

• Düşmənin radioelektron mübarizə vasitələri və atəş mövqeyinə çıxardığı zirehli texnikalar məhv edilib.

Mustafa KAMAL
XQ



Siyasət