Haradasınız, “13-lər”?

post-img

Azad Xocalıda faciədən bəhs edən kitabın təqdimatı

“O gecə dərd batmanla gəlmişdi Xocalıya!”... Jurnalist Səriyyə Müslümqızının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının iştirakı ilə erməni vəhşiləri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı əsir götürülən 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edən kitabı bu sözlərlə başlayır.

Dünən Xocalının Əsgəran qəsəbəsində sözügedən faciənin qurbanlarına həsr olunmuş “Haradasınız, “13-lər”?” kitabının təqdimatında da xocalılıların yaşadıqları müsibətlər xatırlandı, batmanla gələn dərdləri yada salındı. Şəhid ailələri, müharibə veteranları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, jurnalistlər qarşısında çıxış edən müəllif bildirdi ki, kitabda haqlarında bəhs olunan 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da. Onlar neçə-neçə günahsız, dinc sakinin həyatını xilas etmək üçün canlarını qurban veriblər. İtkin düşən 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə hələ də məlum deyil...

Müəllif kitabın şahidlərin söylədikləri yəni real faktlar əsasında yazıldığını, əsas məqsədinin isə Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduğunu qeyd etdi. Mərasim iştirakçıları kitabın bu baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladılar.

Şəhid və itkin 13 xocalılının doğmaları çıxışları zamanı göz yaşlarına boğularaq o ağrılı günləri xatırladılar. Bildirdilər ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük qəhrəmanlıq salnaməsinin yazılması, torpaqlarımızın mənfur erməni işğalından azad edilməsi onların ən böyük təsəllisi, acılarının məlhəmidir. Xocalı soyqırımından bəhs edən kitabın təqdimatının azad Xocalıda keçirilməsi isə hamımız üçün qürurvericidir.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına Azərbaycan və ingilis dillərində dərc olunub.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı



Mədəniyyət