“Zəfər aşiqləri: Qarakilsə şəhidləri”

post-img

Şair-publisist Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində nəşr olunub və kitabxanalara hədiyyə edilib.

Böyük Zəfərimizin 5-ci ildönümünə həsr edilmiş kitab ölkəmizin ərazi bötüvlüyü və suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz ruhlarına ithaf olunub. “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” ensiklopedik topluda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Ağudi, Comərdli, Urud, Şıxlar, Şəki, Qızılcıq, Sofulu, Ərəfsə, Dəstəyird, Murxuz, Vağudi kəndlərinin vətənpərvər döyüşçülərinin bioqrafik məlumatları və fotoları, eyni zamanda, müəllifin “Şəhidim: ovunmayan həsrət” başlıqlı məqaləsi oxuculara təqdim olunur.

Kitabın ön sözündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva qeyd edir ki, ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Ombudsman əldə olunmuş parlaq Zəfərdən sonra dövlətimizin həyata keçirdiyi sülh siyasəti nəticəsində Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı, onların hüquqlarının təmin olunması ilə bağlı şəraitin yarandığı, bu kontekstdə qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların və onların varislərinin qayıdış hüququnun təhlükəsiz formada təmin edilməsi, vurulmuş zərərə görə kompensasiya almalarının onların beynəlxalq sənədlərdə təsbit olunmuş fundamental hüquqları olduğunu vurğulayıb.

Kitabın redaktorları AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi Şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, rəyçilər tarix üzrə fəlsəfə doktorları Elmar Məhərrəmov və Bəxtiyar Həsənovdur.

Ombudsman Aparatının əməkdaşı, şair, publisist Azadə Novruzovanın müəllifi olduğu ensiklopedik toplu tarixi yaddaşımızın qorunub saxlanılması, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı Yasamal rayonunun kitabxanalarında oxumaq olar.

XQ

Mədəniyyət