Noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Həmişə oxuyacaq tar” adlı ədəbi-musiqili gecə keçirilib.
Tədbir çərçivəsində musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının təqdimatı da olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Musiqi Dünyası” Azərbaycan beynəlxalq elmi musiqi jurnalı və “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn kitab dahi bəstəkar, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ithaf olunub.
Ədəbi-musiqili gecəni giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov musiqi tariximizin bütün mənzərəsinə nəzər saldıqda ən yüksək mövqedə məhz tarın dayandığını söyləyib, onun “musiqi alətlərimizin şahı” adlanmağa layiq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan milli musiqi alətləri içərisində özünəməxsusluğu ilə fərqlənən tar xalqımızda azərbaycançılıq ruhunun aşılanmasında əvəzsiz rol oynayır.
O, tarın tarixi, Azərbaycan musiqisinin inkişafında rolu və yeri, dahi Üzeyir Hacıbəylinin tar haqqında fikirləri, Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verib. Qeyd edib ki, Üzeyir Hacıbəyov cavan yaşlarından bolşeviklərin xalqların milli xüsusiyyətlərini məhv etmək üçün tarı da sıradan çıxarmaq, onu hər yerdən yığışdırmaq kampaniyalarına başladığı vaxtlarda cəsarətlə onu müdafiə etmişdi. Böyük bəstəkar yaxşı blirdi ki, tar təkcə musiqi aləti deyil, həm də xalqımızın ruhunun ifadəçisi, milli kimliyini özündə yaşadan mənəvi dəyərlərdəndir. Tarın yaranma tarixi haqqında müxtılif əfsanələr var və onun dəqiq vaxtını heç kəs bilmir. Min ildən artıqdır ki, tar bizimlə birlikdə yol gəlir.
Akademik daha sonra əlavə edib ki, tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb.
Tar haqqında müxtəlif dövrlərdə bir sıra kitab və monoqrafiyaların çap olunduğunu, məqalə və dissertasiyaların yazıldığını söyləyən muzeyin direktoru ictimaiyyətə təqdim olunan “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının məziyyətlərindən bəhs edib. Bildirib ki, professor Tariyel Məmmədovun kitabı elmi məzmununa görə bu musiqi alətinə həsr olunmuş əsərlərin şahı hesab edilə bilər. Nəşrdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi verilib. O, kitabda elektron versiyada tar ifaçılarının zəngin irsinin də yer aldığını vurğulayıb.
Akademik Rafael Hüseynov professor Tariyel Məmmədovun musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb, “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabını musiqi irsimizin öyrənilməsi baxımından dəyərli elmi mənbə kimi qiymətləndirib. Bildirib ki, bu kitab Azərbaycan musiqi tarixinin böyük bir salnaməsi, musiqi mədəniyyətimizin mühüm hadisəsidir.
Çıxışının sonunda Rafael Hüseynov gələcəkdə digər musiqi alətlərimiz haqqında da belə sanballaı nəşrlərin ərsəyə gələcəyinə inam ifadə etdi.
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Xalq artisti Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, tar haqqında dolğun məlumatların yer aldığı kitabda musiqi tariximizi əyani sürətdə izləmək mümkündür.
Çıxışlarda Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı nəşrlərin müstəsna rolundan söz açılıb. Bildirilib ki, kitab Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olmaqla yanaşı, həm də mühüm praktiki əhəmiyyətə malikdir. Professor Tariyel Məmmədovun çoxillik gərgin fəaliyyətinin, davamlı zəhmətinin bəhrəsi olan əsər gənclər, mədəniyyət və incəsənət tədqiqatçıları üçün dəyərli mənbədir.
Sonda kitabın müəllifi Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov çıxış edərək əsərin ərsəyə gəlməsindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Qabil YUSİFOĞLU
XQ



