Xalq ruhunun poetik tərcümanı

post-img

Zəlimxan Yaqub – 75

Zaman bu kəsiri bitirməliydi,
Vaqifi bu günə gətirməliydi,
Sazla şerimizi öpüşdürməyə
Bir şair Zəlimxan yetirməliydi.

Xəlil Rza Ulutürk

2025-ci ilin son günlərini yaşayrıq. Bu il həm də onunla əlamətdar oldu ki, poeziya vurğunları, zəlimxansevərlər Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyini təntənə ilə qeyd edir. Yubiley münasibətilə müxtəlif səviyyələrdə tədbirlər, BDU-da elmi konfrans keçirildi.

Zəlimxan Yaqub adı, Zəlimxan Yaqub imzası bu gün təkcə Azərbaycanda deyil, türkün ruhu dolaşan hər yerdə sevilir, onun bənzərsiz poeziya nümunələri könüllərə yol tapır. Ona bu sevgini qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də bənzərsiz və təkrarsız nitq qabiliyyəti, fenomenal yaddaşı olub. Təsadüfi deyildir ki, “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, – deyən istiqlal şairimiz Xəlil Rza hələ ötən əsrin 80-ci illərinin əvvəllərində onu sadəcə şair yox, poeziya hökmdarı adlandırır və deyirdi: “Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm”.

AMEA-nın müxbir üzvü, görkəmli filosof Səlahəddin Xəlilov Zəlimxan yaradıcılığını “şeirlə yazılmış poeziya tarixi” adlandırır və deyir: “Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstəviyə gətirilməsi sahəsində Zəlimxanla müqayisə oluna bilsin”. Tanınmış media qurucusu, Əməkdar jurnalist Əflatun Amaşov isə bu böyük söz ustadını belə dəyərləndirib: “Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasında sütundur. O, ayrıca mənəvi dəyərdir. O dəyər özü ayrıca dünyadır”.

Xalqımız üçün özü də mənəvi dəyər olan Zəlimxan Yaqubun yaradıcılığının ana xəttini də əsasən zaman-zaman ədəbiyyatın əbədi mövzusu olan mənəvi saflıq, təmizlik, daxili gözəllik, Vətənə məhəbbət, torpağa bağlılıq təşkil edir. Xalq yazıçısı İsa Muğanna təsadüfən demirdi ki, “Zəlimxan Yaqub ən kamil insanın ürəyini, vicdanını, təfəkkürünü təmsil edən SƏS-ÜNdür. Göylərdən gəlib, yerdə ən kamili də kamilləşdirməyə qabil olan ustaddır. Zəlimxan Yaqub Azərbaycana töhfə göndərilmiş Uca insandır.

Zəlimxan Yaqub Nəsiminin, Füzulinin, Alının, Ələsgərin varisidir, həm də adi, sadə varis yox, elə bir varisdir ki, onun yaratdığı vərəsə sələflərinin vərəsəsi qədər təkrarolunmazdır. Əbədiyyətdən gələn səs, yer üzünün əbədi səsidir”. Dünyanın çirkabını şair sözünün təmizləyəcəyinə inanan Z.Yaqub insanları ülvi hisslərlə, təmiz adla yaşamağa, kindən, küdurətdən uzaq olmağa, mənəvi paklığa çağırır və deyirdi:

Mən dünyanı durultmağa can atdım,
Dünya məni bulandıra bilmədi.

Şair inanır və oxucusunu da inandırırdı ki, bu qoca dünyada öz əməllərinlə açdığın iz həmişə səndən nişan verəcək. Əgər qəlbini təmiz bir ada versən, xeyirxah əməllərlə yaşasan, unudulmayacaqsan, hər zaman hörmətlə xatırlanacaqsan. Buna görə də Tanrıdan yalnız təmizlik və təmiz ad istəməyi tövsiyə edirdi:

Təmizlik içində Allahlıq yaşar,
Tanrıdan istəsən, təmiz ad istə.

Daim kindən, küdurətdən, qeybətdən, dedi-qodudan uzaq idi. Hətta şeirlərinin birində özünün də dediyi kimi, ona kinlə, küdurətlə daş atanlara da öz sevgisiylə cavab verir, atılan daşı, nifrəti ayağının altına qoyub, sevgisini hər şeydən baş eləyirdi.

Gülü tikansız, tikanı ziyansız, yalanı ayaqsız, həyatı boyaqsız, ürəyi kədərsiz, sevinci qədərsiz, zamanı silahsız, insanı günahsız, dünyanı azarsız, torpağı məzarsız görmək istəyən Zəlimxan Yaqub insanları qeybətdən, paxıllıqdan uzaq olmağa, kin-küdurətdən, nifrətdən qaçmağa, sevgidən, sevincdən, toydan danışmağa, haram tanımayan əl, yalan danışmayan dil saxlamağa çağırıb hər zaman:

Hər könül mülkündən bir sərvət gətir,
Ruzu, qismət gətir, hərəkət gətir.
Yerdən genişlik al, göydən ucalıq,
Dinəndə, dilinə təravət gətir,
Amandı, dilinə qeybət gətirmə.

Yalanların, qeybətlərin, dedi-qoduların adamları boğduğunu, Haqqı dananları, xırdalananları, insanın qanını qaraldıb, səbrini daraldanları və çöllərdə gördüyü tülküləri indi şəhərin içində görəndə isə bir anlıq təəssüf hissi yaşayır və yazırdı. Yerin göyü, dağın dağı, daşın daşı sevdiyi, çəmənlərin torpağa xalı çəkdiyi, hər gün sevənlərin doğulduğu dünyada insanları bir-birilərini sevməyə, günahsız gəldiyimiz qoca dünyadan günahkar kimi köçməməyə çağırır:

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi.

Hər kəlməsi bir ağsaqqal öyüd-nəsihəti, hər şeiri hikmət boğçası olan şairin istəyi və tövsiyəsi nə idi: qanqalların içində çiçək ömrü, iblislərin içində mələk ömrü yaşamaq, məkrin odu içində də hiylədən uzaq olmaq, dedi-qodu içində dili təmiz saxlamaq, tamah hərislərinin toruna düşməmək, huşsuzların içində iti yaddaş, “başsızların içində” salamat baş saxlamaq!

Özündənrazıları, başqalarını bəyənməyənləri, ağsaqqala, ağbirçəyə hörmət qoymayanları, təkəbbürü özündən qabaqda gedənləri qınayır və belələrini “adamların arasında sıyrılmış taxta” hesab edirdi.

İnsanları daim ucada görmək istəyir, insan ömrünün qocalığını da bir ucalıq sayır və deyirdi ki, əgər qocalıq Allahın verdiyi ömür payına bağlıdırsa, ucalığı insan gərək zərrə-zərrə, damla-damla hər kəsin özü qazansın. Şairin arzuladığı qocalığa – ucalığa çatmaq üçün isə gərək Vətəndən, torpaqdan, eldən-obadan güc alasan, “hər əsən küləklə yarışmayasan, alçaq əməllərlə barışmayasan”.

İnsanları gədələrdən uzaq olub, dədələrin qədrini bilməyə, ağsaqqal öyüd-nəsihətinə qulaq asmağa çağırır, “dədələrdən dünya istəsən verər, amma gədələrdən borc eyləmə”, – deyirdi. Çünki:

Kim gədədi, gədəsindən danışar,
Kim dədədi, dədəsindən danışar.
Nə dünəni, nə sabahı görməyən
Öz vaxtından, vədəsindən danışar.

İnsanları Haqdan gələn səslərə qulaq verib, “saflıqdan özünə maya” tutmağa, Allah deyən kəslərə qucaq açmağa, dinsizlərin nifrətindən, qəzəbindən, kinindən, dünyanın iblisindən, şeytanından, cinindən uzaq durmağa, çeşmə kimi duru olmağa, varlığını, hissini, duyğusunu tozdan-dumandan qorumağa, şaxta vurmuş barmaqları, buza dönmüş otaqları qızdırmağa çağırıb həmişə.

Yaxşılığın, yaxşıların dünyada əvəzinin olmadığı qənaətindəydi və bu inamla yaşayırdı ki, dünyada yaxşılar çoxdursa, deməli, bu dünyanın axırı deyil hələ. Elin yaddaşına köçə bilməyənlər, gərək eldən yox, özündən küssün, deyirdi. Çünki dünyada hər kəs öz əməllərinin bəhrəsini görür:

Nəyi səpirsənsə, o verəcək dən,
Qanqalın yerində qanqaldır bitən.
Bu qoca dünyada heç görmədim mən,
Təhqirlər yağdıran təriflər dərə.

Təəssüf ki, bu gün Zəlimxan Yaqub aramızda deyil. O, cəmi 66 il yaşadı. Sevənlərinin hamısı onun belə az yaşamasına təəssüflənir. Axı, o, daha çox yaşaya bilərdi. Ancaq onun yoxluğu sadəcə cismani yoxluqdur. O, milyonların qəlbindədir. Dünyasını dəyişməsindən keçən bu 10 ildə həm də onun şahidi olduq ki, şair bu qənaətə gəlməkdə nə qədər haqlıymış:

El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

Şeirlərinin birində özünün də dediyi kimi, o, sözünü zamana deməyə gəlmişdi, dedi də. Xalq ruhunun poetik tərcümanı mərtəbəsinə yüksəldi.

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

Mədəniyyət