Qərbi Azərbaycan aşıqlarının çal-çağırı

post-img

Yanvarın 22-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu konsert rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Agentliyin təşkil etdiyi müsabiqələrdə Qərbi Azərbaycana qayıdış mövzusunun son illərdə prioritetə çevrildiyini bildirib. O, Agentliyin bu cür peşəkar, aktual layihələrə bundan sonra da dəstək olacağını vurğulayıb. Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2025-ci ildə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr etdiklərini bildirib.

Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev, Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.

XQ



Mədəniyyət