Müsahibimiz Azərbaycan Respublikası Hərbi Prokurorluğu Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevdir
BMT Təhlükəsizlik Şurasında Ermənistanın əsassız iddiaları üzrə keçirilən müzakirələrlə yanaşı, avqustun 11-də Şuşa şəhərində kütləvi məzarlığın aşkarlanması ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biridir. Aşkarlanan məzarlıq Ermənistan silahlı qüvvələrinin və Qarabağdakı qanunsuz hərbi dəstələrin 1990-cı illərin əvvəllərində xalqımıza qarşı törətdiyi cinayətlərin yeni səhifəsinin açılması deməkdir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyatı qurumların əməkdaşlarının daxil olduğu Dövlət Komissiyasının üzvləri kütləvi məzarlığın aşkarlandığı ərazidə zəruri axtarış işləri aparıblar.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev bununla bağlı “Xalq qəzeti”nin suallarını cavablandırıb.
– Əvvəlcə, aşkarlanan kütləvi məzarlıq barədə məlumat verməyinizi xahiş edirik. Bununla bağlı qazıntı işləri nə zaman həyata keçirilib və məzarlıq Şuşanın hansı ərazisində yerləşir?
– Vətən müharibəsindən sonra itkin düşdüyü hesab olunan şəxslərin işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı və tapılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Dövlət başçımız istər xarici ölkələrə səfərləri zamanı, istərsə də beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə, o cümlədən Brüssel formatında aparılan danışıqlarda ölkəmiz üçün prioritet məsələlərdən birinin məhz itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi olduğunu qeyd edib.
2021-ci ildə BMT Baş Assambleyasında çıxış edən Prezident İlham Əliyev, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, o cümlədən onların basdırıldığı kütləvi məzarlığın tapılması ilə bağlı da məsələyə toxunub. Məhz dövlət başçımızın tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə start verilib. Həmin axtarış işlərindən biri də Şuşa şəhərindəki keçmiş həbsxananın ərazisində aparılıb. Axtarış tədbirləri may ayından başlanıb və 3 ay davam edib.
– Orada ehtimal edilən neçə insan qalıqları var?
– Bu günədək Şuşa həbsxanasının ərazisində aparılan axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqdan, ən azı, 31 şəxsə aid insan meyit qalıqları aşkar edilib.
– Ekspertiza nəticəsində insan qalıqlarının kimlərə aid olduğunu müəyyən etmək mümkündürmü?
– Təbii ki. İstər Şuşa həbsxanasında, istərsə də digər ərazilərdə aşkar edilən hər bir insan meyit qalıqları ilə bağlı tədqiqat işləri aparılır. Yəni, onlar məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı, məhkəmə molekulyar-genetik ekspertizasından (DNT) keçirilir. Məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsinə əsasən, həmin meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərdən kimlərə məxsus olması dəqiq müəyyən ediləcək.
– İstintaq Şuşa həbsxanası ərazisində qalıqları aşkarlanan şəxslərin hansı şəraitdə və dövrdə qətlə yetirildiyi qənaətindədir?
– Qeyd etdiyim kimi, onların qətlə yetirilmə tarixi, qalıqların kimə məxsus olması və digər xüsusatlar, təbii ki, məhkəmə-tibbi tədqiqatlardan sonra bilinəcək. Amma kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə insan meyit qalıqlarına aid sümüklərə baxış keçirilən zaman, həmçinin Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq olunan cinayət işinin materiallarından və cinayət işinin materialları üzrə toplanmış sübutlardan məlum olur ki, həmin şəxslər Şuşa həbsxanasında saxlanıldıqları müddətdə qəddarcasına, yəni, döyülməklə, işgəncə verilməklə, başları kəsilməklə və digər vəhşi üsullardan istifadə edilməklə qətlə yetiriliblər. Məsələn, üzərlərinə itlər buraxılıb, halsız, yaralı vəziyyətdə olan soydaşlarımız yem kimi donuzların qarşısına atılıb. Elə Şuşa həbsxanasının ərazisində də orada saxlanılan digər soydaşlarımıza torpağı qazdırmaqla basdırıblar.
– Respublika Hərbi Prokurorluğunda aparılan istintaq nəticəsində bu cinayətləri törədənlərin kimliyini müəyyən etmək mümkün olubmu? Onların adlarını açıqlaya bilərsinizmi?
– 1988-сi ildən başlayaraq, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinin araşdırılması məqsədilə 2003-cü il dekabrın 18-də baş prokuror, daxili işlər və milli təhlükəsizlik nazirlərinin birgə əmri ilə istintaq-əməliyyat qrupu yaradılmış və 2005-ci il mayın 5-də Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə həmin istintaq-əməliyyat qrupu tərəfindən araşdırılması aparılan cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğuna tapşırılıb. Cinayət işinin məhz Respublika Hərbi Prokurorluğunda araşdırıldığı müddətdə işin həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların, o cümlədən zərərçəkmiş, təqsirləndirilən, şübhəli şəxslərin sayının çoxluğu nəzərə alınaraq, həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılması məqsədilə iş üzrə beş əsas istiqamət müəyyən edilib. Bunlar Azərbaycan xalqına qarşı Meşəli, Xocalı, Cəmilli, Qaradağlı və digər yaşayış məntəqələrində törədilmiş soyqırımları, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan və müasir dövrdə milli ədavət və düşmənçilik niyyətilə baş vermiş xüsusilə ağır cinayətlər kimi istiqamətlərdir.
Cinayət işinin istintaqı zamanı 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya, işgəncə, müharibə adət və qanunlarını pozma və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri müəyyən edildiyindən həmin şəxslər qeyd etdiyim maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər aidiyyatı qurumlara göndərilib. Axtarışa verilmiş adamların arasında Seyran Ohanyan, Robert Koçaryan, Yevgeni Nabokix, Valeri Çitçyan kimi Xocalı qatilləri də var. Onu da qeyd etmək istəyirəm ki, axtarışa verilmiş şəxslərdən Ermənistan Respublikasının 4 vətəndaşı – Lüdvik Mkrtıçyan, Alyoşa Xosrovyan, Karen Qazaryan və Arsen Baqdasaryan Azərbaycan Respublikasının ərazisində təxribat, terror, əsir və girovluqda saxlanılan azərbaycanlılara qarşı işgəncə və digər cinayətlər törətmələri müəyyən edildiyindən həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində olan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələr tərəfindən hər bir şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalarına dair hökmlər çıxarılıb.
Yeri gəlmişkən, Meşəli soyqırımında iştirak edən şəxslərdən biri Vaqif Xaçatryanın iştirakı ilə cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qısa müddətdə həmin cinayət işinin onun barəsində olan hissəsi yekunlaşdırılaraq baxılması üçün məhkəmə məsuliyyətinə veriləcək.
– Xaçatryanın cinayət işi üzrə hansı yenilik var?
– Hazırda istintaq davam edir. Təbii ki, yenilik var. Meşəli soyqırımında və digər cinayətlərdə onun iştirakı müəyyən olunub. Hazırda intensiv istintaq hərəkətləri davam etdirilir. Yəqin ki, iş məhkəmə baxışına keçəndən sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
– O, özünü təqsirli bilirmi?
– Bu, istintaq sirridir. Yalnız iş yekunlaşdırıldıqdan sonra açıqlana biləcək.
– Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minədək Azərbaycan vətəndaşı itkin düşüb. Kütləvi məzarlıqların aşkarlanması ilə itkin düşmüş şəxslərdən daha bir qisminin taleyinə aydınlıq gətirildiyini demək mümkündürmü?
– 1988-ci ildən başlayaraq, ermənilərin törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Həmin dövrdən etibarən ermənilər tərəfindən yalnız milli mənsubiyyətinə görə, 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 19 mindən artıq şəxs yaralanıb, 877 yaşayış məntəqəsi qarət edilərək dağıdılıb, yandırılıb. 1 milyondan artıq əhali qaçqın və məcburi köçkünə çevrilib. Həmin dövrdə 1480 azərbaycanlı əsirlikdə saxlanıldıqları müddətdə işgəncə və digər qəddar, qeyri-insani rəftara məruz qalıb, 3890 nəfər itkin düşüb. İtkin düşənlərin işğaldan azad edilmiş ərazilərdə axtarışı davam etdirilir. Yəni, insan sümük qalıqlarının müəyyən hissəsi tapılıb, qalan hissəsinin də axtarışı istiqamətində işlər görülür.
– İndiyədək işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Kəlbəcər rayonunun Başlıbel kəndlərində və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Bunlarla bağlı nələri qeyd edə bilərsiniz?
– Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış tədbirləri nəticəsində sadaladığınız yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlardan, ümumilikdə, 480-dən çox insan meyiti qalıqları aşkar edilərək götürülüb. Həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirilməsinin aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı, 300-ə yaxın məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Hazırda müəyyən müsbət nəticələrimiz var. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Müsabəni apardı: 
Səxavət HƏMİD, 
“Xalq qəzeti


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    