№ 308 Bakı şəhəri, 21 oktyabr 2025-ci il
“Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2000-ci il 19 iyun tarixli 105 nömrəli və “Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2021-ci il 28 aprel tarixli 120 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 445 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470 (Cild I); 2025, № 8, maddə 800) ləğv edilsin.
3. “Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 aprel tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 423 (Cild I); 2024, № 3, maddə 303) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, ədliyyə orqanlarının xüsusi xəzinə hesabının açılması ilə eyni gündə icra xidməti icra məmurlarının xüsusi fondunda qalan vəsaitin və cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin xəzinə hesablarında qalan hissəsinin ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri