Dekabrın 26-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illə bağlı hesabat yığıncağı keçirilib.
Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəli sükutla yad edilib.
Tədbiri açıq elan edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov 2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığını bildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranın müraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasında konkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci il üçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilin fəaliyyət planının təsdiq edildiyini vurğulayıb.
Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Kərim Rzayevin məruzəsi dinlənilib.
Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev, Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz Rayon Təşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindən görülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunu bildiriblər.
Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi veteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib, ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldar İbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovu yubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr və təltiflər təqdim ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general Müşfiq Məmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib.
Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.
XQ

