Azərbaycan Milli QHT Forumu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
XQ bəyanatı təqdim edir: “Biz - Azərbaycan Milli QHT Forumunun sıralarında birləşmiş yüzlərlə Azərbaycan QHT-ləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş bəşəriyyət əleyhinə cinayəti – soyqırımı törədənləri lənətləyirik.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı müharibə cinayətlərinin ən dəhşətlisidir.
Ermənistanın Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə 613 nəfər dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilməsində iştirak etmiş hər bir müharibə cinayətkarı bu əməlinə görə məsuliyyət daşıyır.
Xocalı faciəsi dünya tarixində kütləvi qətliamlar kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş mahiyyətə tam uyğundur. Xocalıda bir gecədə 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Qarabağ və Şərqi Zəngəzurda aşkar edilmiş kütləvi məzarlıqlar Ermənistanın vaxtilə bu bölgədə etnik təmizləməni hansı miqyasda aparmağa çalışdığını faktlarla ortaya qoyur.
Xocalı soyqırımı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmağa hesablanmışdı. Lakin tarixi ədalət bərpa olundu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Xocalı soyqırımının qisasını aldı. Azərbaycanın bu tarixi qələbəsi ədalətin bərpa olunması uğrunda ləyaqətli, şərəfli səhifə kimi dünya hərb tarixinə həkk olub. Xocalı soyqırımında və bu soyqırımın davamı olaraq 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə qarşı vəhşiliklər törətmiş canilərin bir hissəsinə Azərbaycan məhkəmələri hökm oxuyub. Onların hər biri layiq olduğu cəzanı almalıdır. Buna görə də Ermənistan bu kateqoriyadan olan şəxslərin qəhrəmanlaşdırılmasına son qoymalı və özü də caniləri mühakimə etməlidir.
Bu gün Xocalı firavan, abad məkana çevrilir, doğma sakinlərini qarşılayır. Biz qəlbimizdə böyük ağrı olsa da, qürurla Xocalıya qayıtmışıq.
Biz əminik ki, dirçələn Xocalı bundan sonra dünyada tarixi ədalətin bərpasının rəmzi olacaq.

