Ötən əsrin faciəsi adlandırılan Xocalı qətliamının 34 illiyi paytaxtın bütün dövlət qurumlarında, şirkətlərdə, elm-təhsil və mədəniyyət müəssisələrində müxtəlif səpkili mərasimlərlə qeyd olunub. Xatırlanıb ki, 1992-ci ildə, Qarabağ müharibəsinin ilk dövründə Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində kütləvi soyqırımına məruz qalıblar, şəhər yer üzündən silinib.
Konstitusiya Məhkəməsi
“Xocalı faciəsi zamanı insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilərək, beynəlxalq humanitar hüququn fundamental prinsipləri kobud şəkildə pozulub”. Bu fikirlər Konstitusiya Məhkəməsində təşkil olunan anım tədbirində konkret faktlarla əsaslandırılıb.
Sədr Fərhad Abdullayev Ulu öndərin o zaman göstərdiyi prinsipial mövqeyin Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl dövlət siyasətinin əsasını təşkil etdiyini bildirib. Tədbirdə, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, bu cinayətin törədilməsində məsuliyyət daşıyan şəxslərin ifşa olunması, tarixi ədalətin bərpası üzrə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilib. Dövlətimizin uğurlu xarici siyasəti sayəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar, həmçinin Amerikanın bir çox ştatları Xocalı hadisələrini soyqırımı kimi tanıyır.
Mərasimdə vurğulanıb ki, Xocalı soyqırımı tarixi yaddaş olmaqla yanaşı, gələcək nəsillər üçün hüquqi və mənəvi dərsdir. Bu dərs sülhün, qarşılıqlı hörmətin və beynəlxalq hüququn aliliyinin qorunmasının nə qədər zəruri olduğunu bir daha təsdiq edir.
Dövlət Sərhəd Xidməti
Vətənin müdafiəsinin öncül strukturlarından olan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, həmçinin tabe qurumlarda və hərbi hissələrdə silsilə mərasimlər keçirilib.
Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-nın Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.
Bildirilib ki, Ulu öndərin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb. 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanılıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapıb.
Anım mərasimi çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilib.
Energetika Nazirliyi
Faciənin 34-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Nazirlikdə keçirilən anım mərasimi “Əsrin faciəsi” haqqında videoçarxın nümayişi ilə başlanıb. Energetika nazirinin müavini Samir Vəliyev mərasimdəki çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc əhaliyə qarşı həyata keçirilmiş vəhşiliklərdən və qətllərdən bəhs edib. Faciənin bağışlanmaz cinayət olduğu xüsusi vurğulanıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün atılan addımlar qeyd edilib. Hadisələrin canlı şahidinin - şəhid övladı olan nazirlik əməkdaşının Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı çıxışı dinlənilib.
Nəsimi rayonu
“Bu gün Xocalıda ucalan üçrəngli bayrağımız tarixi ədalətin bərpasının rəmzidir”. Respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda keçirilən anım mərasimində də bu fikir bütün çıxışlarda qırmızı xətt kimi keçib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə diqqətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin ildönümü hər il həm respublikamızda, həm də ölkə hüdudlarından kənarda geniş şəkildə qeyd olunur.
Xüsusi vurğulanıb ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar mənbəyinə çevrilib. Bu müharibədə Azərbaycan xalqı milli həmrəyliyini və gücünü bütün dünyaya nümayiş etdirərək 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Hazırkı reallıqlar Xocalıya qayıdış üçün hərtərəfli şərait yaradıb. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhərinin bərpası, yaşayış evlərinin və infrastrukturun yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Tədbirdə çıxış edən Xocalı sakinləri Sahibə Şahmuradova, Tacəddin Səfərov və Məlahət Məmmədova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Səbail rayonu
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində keçirilən anım tədbiri şəhidlərin ruhuna böyk ehtiramın ifadəsi olub.
Mərasimdə icra başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın əməkdaşları iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbir zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutduğu, uşaq, qadın və qocalara rəhm etmədikləri, Xocalıda misli görünməmiş qətliam törətdikləri bildirilərək faciənin xalqımızı dərindən yaraladığı, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyi diqqətə çatdırılıb. Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığı diqqətə çatdırılıb, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd edilib.
Nərimanov rayonu
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə gənclər və idman sektorunda 26 fevral - Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirində YAP Nərimanov rayon təşkilatının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri və ictimai fəallar da iştirak ediblər.
Xocalı faciəsini özündə əks etdirən videoçarx izlənildikdən sonra çıxışlar olub. Soyqırımının acı nəticələrindən, dünya arenasında Xocalı soyqırımının tanınmasından, ümummilli lider Heydər Əliyev və cənab İlham Əliyevin yürütdüyü siyasətdən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş irimiqyaslı tədbirlərdən danışılıb. Azərbaycan xalqının faciə qurbanlarının əziz xatirəsinin daim yad edəcəyi, unutmayacağı vurğulanıb. Rayonda həmçinin Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil edilib. Ərazi yararsız tullantılardan təmizləyərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Bakı Dövlət Universiteti
BDU-da təşkil olunan anım mərasimində rektor Elçin Babayev Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ölkə rəhbərliyinin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən söz açan rektor Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının bu soyqırımının təkcə xalqımıza deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirdiyini qeyd edib.
Mərasimdə Milli Məclisin üzvü, Əməkdar jurnalist Sevil Mikayılova, Milli Məclisin və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov və Tarix fakültəsinin əslən Xocalıdan olan IV kurs tələbəsi Aysel Quliyeva Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının qurbanlarının unudulmayacağını, artıq Böyük Qayıdışın başladığı Xocalının günbəgün daha da gözəlləşəcəyini, inkişaf edəcəyini bildiriblər.
Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Bakı Mühəndislik Universiteti
BMU-da faciənin 34-cü ildönümü ilə əlaqədar tələbələr üçün silsilə açıq dərslər təşkil olunub.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva, professor Abbas Seyidov, dosent Xaqan Balayev, baş müəllim Elnur Nəciyev və müəllim Ramiz Nəcəflinin keçirdikləri açıq dərslərdə Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, başvermə səbəbləri və ağır nəticələri faktlar əsasında geniş təhlil edilib.
Xocalı soyqırımının Azərbaycan xalqının tarixi yaddaşında sağalmaz izlər buraxdığını və bu faciənin siyasi-hüquqi qiymətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyini vurğulayan müəllimlər tarixi həqiqətlərin saxtalaşdırılmasına qarşı elmi arqumentlərlə mübarizə aparmağı, faktlara əsaslanan mövqe ortaya qoymağı xüsusilə gənc nəslin üzərinə düşən mühüm vəzifə kimi önə çəkiblər. Qeyd olunub ki, milli yaddaşın qorunması, şəhidlərin xatirəsinin əziz tutulması və dövlətçilik şüurunun möhkəmləndirilməsi ali təhsil müəssisələrinin prioritet istiqamətlərindən biridir.
Sonra tələbələrin Xocalı hadisələri ilə bağlı hazırladıqları təqdimatlar dinlənilib. Gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi proseslərə obyektiv yanaşma bacarıqlarının inkişafına xidmət edən açıq dərslər zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və müzakirələr aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
İdarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı faciəsinin növbəti ildönümünə silsilə tədbirlərlə yadda qalıb.
Mərasimlərdə soyqırımı haqqında məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılmasının dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib. Azərbaycanın ərazi bütövlüyünün və ölkəmizin suverenliyinin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı, Xocalı sakinlərinin artıq öz evlərinə qayıtdığı, Qarabağda gedən quruculuq işlərinin sürətlə davam etdirildiyi şagirdlərin nəzərinə çatdırılıb.
Təhsil müəssisələrinin müəllim və şagird kollektivləri Xocalı soyqırımı abidəsini də ziyarət ediblər.
Milli İncəsənət Muzeyi
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib.
Muzeyin şöbə müdiri, sənətşünas Əsəd Quliyevin təqdim etdiyi mühazirədə Xocalı soyqırımının Azərbaycan təsviri sənətində əks olunmasından, mövzuya fərqli bədii yanaşmalardan geniş danışılıb. Natiq qeyd edib ki, muzeyin kolleksiyasında qorunan çoxsaylı rəngkarlıq və qrafika nümunələri tarixi faciənin bədii salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır.
Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, ehtiyatda olan polkovnik Bəhram Şeydayev çıxış edərək Xocalı həqiqətlərinin təbliğinin vacibliyini vurğulayıb, faciə qurbanlarının xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Ümumölkə sükut dəqiqəsi
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Həmin anda küçələrdə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanıb.
Xocalı soyqırımın ildönümü ilə əlaqədar ölkənin paytaxtında, şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ



.jpg)






