Dünya susmasın gərək!

post-img

Xocalı soyqırımının bir daha təkrarlanmaması üçün o, heç vaxt unudulmamalıdır. Azərbaycanda olduğu kimi, soydaşlarımızın yaşadığı xarici ölkələrdə də “Xocalıya ədalət” kampaniyası indi və gələcəkdə mütəmadi şəkildə davam etdirilməlidir. Əminik ki, beynəlxalq ictimaiyyət, sivil dünya xalqımızın haqq səsini mütləq eşidəcək və erməni vandalların XXI əsrdə insanlığa qarşı törətdiyi cinayətin əsl qiymətini verəcək, əlləri xocalılıların qanına bulaşmış canilər ədalət mühakiməsinə cəlb olunacaqlar. 
Türkiyə Türkiyənin İzmir şəhərində “34-cü ilində hər yönü ilə Xocalı və Azərbaycan–Ermənistan münasibətləri” mövzusunda panel iclas keçirilib. 
Tədbir İzmir Azərbaycan Dərnəyinin təşəbbüsü ilə Türkiyənin Ege Universitetində təşkil edilib. Mərasimdə çıxış edən dərnəyin sədri Pərviz Altay, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri professor Abdullah Temsizkan, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl Xocalı soyqırımı barədə danışıb, bəşəri ədalət naminə bu faciənin dünyada tanınmasının vacibliyini vurğulayıblar. 
Ali təhsil müəssisəsinin professoru Vəfa Kurbanın moderatorluğu ilə keçirilən iclasda Manisa Calal Bayar Universitetinin professorları Umut Kedikli və Zafer Atarın mövzu ilə bağlı məruzələri dinlənilib. 
Qazaxıstan Xocalı faciəsinin qurbanları Astanada da yad edilib. Azərbaycanın Qazaxıstandakı səfirliyində burada yaşayan Azərbaycan icmasının, ekspertlərin, həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən anım mərasimi düzənlənib.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalıda törədilən vandalizm aktı barədə ətraflı məlumat verib. Bildirib ki, Xocalı hadisəsi Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifələrindən biridir.
Vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası isə bu istiqamətdə maarifləndirmə və təbliğat işini əhəmiyyətli dərəcədə gücləndirib. Bunun nəticəsində bir çox ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici və icra orqanı, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi Xocalı faciəsini kütləvi qətl aktı kimi pisləyib. Səfir xatırladıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, eləcə də 2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünü, suverenliyin və tarixi ədaləti bərpa etdi: “Bu gün biz Xocalı faciəsini tamamilə fərqli hiss və duyğularla yad edirik. Xocalı artıq bizimlədir. Biz əbədi olaraq ata-baba torpaqlarımıza qayıtdıq”.
Belçika Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) tərəfindən Belçika paytaxtında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 
Tədbirdə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, eləcə də Lüksemburqda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
LuxAz-ın sədri Seymur Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını vurğulayaraq tarixi ədalətin gec-tez bərpa olunacağına əminliyini bildirib. O, həmçinin gələcək nəsillərə sülh və insan həyatının dəyərinin aşılanmasının vacibliyini vurğulayıb. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin 1-ci katibi Emin Rüstəmov isə çıxışında Xocalı qurbanlarının daim ehtiramla anılmasının, bu soyqırımı aktının qan yaddaşımıza həmişəlik həkk edilməsinin vacibliyini vurğulayıb, beynəlxalq platformalarda “Xocalıya ədalət!” kampaniyalarının böyük əhəmiyyətindən bəhs edib.
Bosniya və Hersoqovina Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən paytaxt Sarayevodan 40 kilometr məsafədə yerləşən və qədim tarixə malik Fonitsa şəhərindəki XVII əsrə aid türk məscidində 100 nəfərlik iftar süfrəsi açılıb. Səfirlikdən bildirilib ki, builki Ramazan bayramı Xocalı soyqırımının ildönümünə təsadüf etdiyi üçün iftar məclisi məhz Xocalı şəhidlərinin xatirəsinə həsr olunub. 
Fevralın 26-da Sarayevonun mərkəzində yerləşən Azərbaycan–Bosniya Dostluq parkında “Xocalı və Serebrenitsa anaları” abidəsi ziyarət edilib və önünə əklillər qoyulub. Mərasimdə Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi ilə yanaşı, qardaş Türkiyənin səfirliyinin əməkdaşları da tam tərkibdə iştirak ediblər. Mərasimə, həmçinin bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə icmasının nümayəndələri qatılıblar.
Rusiya Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskova Xocalı faciəsi ilə bağlı yerli mediaya açıqlama verib. 
Onun sözlərinə görə, Xocalıda baş verənlər, sadəcə, kütləvi qırğın deyil, etnik mənsubiyyətə görə həyata keçirilmiş məqsədli məhvetmə aktıdır: “Qadınlara, uşaqlara rəhm edilmədən kütləvi qırğın törədilib, yüzlərlə insan əsir götürülüb, onların bir qisminin taleyi bu günədək məlum deyil. İnsanlar yalnız azərbaycanlı olduqları üçün məhv ediliblər. Bu isə soyqırımı anlayışına tam uyğun gəlir”. T.Poloskova qeyd edib ki, bu günədək Xocalı faciəsinə lazımi beynəlxalq hüquqi-siyasi qiymətin verilməməsinin bir neçə səbəbi var. Onun fikrincə, beynəlxalq hüquq hazırda ciddi böhran mərhələsindən keçir və bir çox hallarda məcburedici mexanizmə malik deyil: “Əksər dövlətlərdə daxili hüquq beynəlxalq hüquqdan üstün tutulur. Digər tərəfdən, beynəlxalq hüquq son illər ciddi böhran yaşayır və bir çox müddəaların yenidən baxılmasına ehtiyac var”.
T.Poloskova onu da vurğulayıb ki, beynəlxalq təşkilatların məsələyə diqqət yetirməsi üçün ciddi və sistemli təzyiq mexanizmləri formalaşdırılmalıdır: “Beynəlxalq təşkilatların özü-özünə reaksiya verməsini gözləmək sadəlövhlükdür. Təzyiq göstərilməlidir. Güclü beynəlxalq informasiya kampaniyasına ehtiyac var”.
Belarus Minsk şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib. 
Bununla əlaqədar Belarusun paytaxtında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir barədə Belarusun Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Xocalı faciəsinin qurbanlarını anım mərasimində bu ölkədəki Azərbaycan diasporunun, diplomatik korpusun, KİV-in nümayəndələri, eləcə də azərbaycanlı tələbələr iştirak ediblər.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ









Qan yaddaşı