“İRS” jurnalı ərəb dilində

post-img

“İRS” beynəlxalq jurnalının ərəb dilində növbəti buraxılışı işıq üzü görüb. Bu nəşr Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə həsr olunub. Buraxılışda Azərbaycanın müasir inkişafını, tarixi irsini və beynəlxalq münasibətlərini müxtəlif aspektlərdən işıqlandıran elmi və publisistik məqalələr öz əksini tapıb.

Misirli tədqiqatçı Əhməd Tərabikin “Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı: İslam dünyasında səmərəli tərəfdaşlığın nümunəsi” adlı məqaləsində ölkəmizin İslam aləmində rolu və beynəlxalq əməkdaşlığa töhfələri təhlil edilib. Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Qadın İslam və mədəni müxtəliflik arasında: Azərbaycan təcrübəsinə baxış” məqaləsində isə Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və multikultural mühitdə rolu araşdırılıb.

Misirin Eyn Şəms Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru, azərbaycanşünas alim Əhməd Sami əl-Aydinin “İkinci Qarabağ müharibəsinin 5 ili: Qələbə, yenidənqurma və sülh yoluna baxış” məqaləsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və gələcək inkişaf perspektivləri təqdim edilib. Jurnalın bu buraxılışında Azərbaycan ilə ərəb dünyası arasında mədəni və elmi əlaqələrə, memarlıq irsinə və təbiət gözəlliklərinə həsr olunmuş məqalələr də yer alıb.

XQ

Mədəniyyət