İnşaatçı-memarın ömür yolunun 40 illik yüksəliş pillələri

post-img

“Memarlıq sadəcə peşə deyil, bu xüsusi düşüncə tərzi və cəmiyyətə xidmət formasıdır. Memar təkcə binalar, körpülər, yollar tikmir, o, insanların həyatının davam etdiyi mühiti formalaşdırır. Onun işi incəsənət, elm, mühəndislik və fəlsəfənin vəhdətindən yaranır. Memarın layihələrində rasional hesablama ilə məkanın poeziyası, ciddi həndəsi cizgilərlə şəhərin canlı ruhu birləşir”.  Bugünkü yazımızın qəhrəmanı, peşəsinin vurğunlarından olan inşaatçı-memar Övsət Həmidov memarların həyatda çağırışını məhz bunda görür. 

“Bu, sıradan bir peşə deyil”, deyə qəhrəmanımız bütün mənalı həyatını sərf etdiyi işin məsuliyyətini də yaxşı dərk edir: “Memarlıq zaman qarşısında  məsuliyyətdir. Memar gələcəklə işləyir. Memarın hər bir layihəsi ani nəticə deyil, onilliklərə, bəzən isə əsrlərə bir töhfədir. Ev, məktəb, xəstəxana, teatr və ya körpü şəhərin yaddaşının bir hissəsinə çevrilir. Buna görə də, memar xüsusi məsuliyyət daşıyır: onun səhvləri çox böyük, uğurları isə bütöv nəsillər üçün yaşadığı dövrün təcəssümünə  çevrilə bilər”.

Həyat və fəaliyyətinin “hesabat dövrünü” qələmə aldığımız  istedadlı inşaatçı - memar, xeyirxah və gözəl insan Övsət Həmidovu təkcə boya-başa çatdığı kənddə, böyük bir regionda, dostları və tanışları arasında deyil, ölkənin inşaat sektorunda, azadlığa qovuşan və 5 ilə yaxındır ki, əsl tikinti-quruculuq meydanına çevrilən Qarabağda da məhz belə tanıyırlar.

Övsət Həmidovun ali məktəb illərindən başlayan  həyatı 40 ildir ki, tikinti və memarlıqla ayrılmaz şəkildə bağlıdır. Həm soyundan olan insanlar, həm kəndliləri və dostları, həm də onu tanıyan iş adamları bu istedadlı inşaatçı memarla həmişə fəxr edir, onun peşəsinə necə böyük sevgi ilə yanaşmasından, işinə olan məsuliyyətindən və intizamından heyranlıqla danışırlar.

Təsadüfi deyil ki, ölkənin tikinti sektorunda tələbkar memar-inşaatçılardan biri hesab olunan Övsət Həmidov Qarabağda gedən bərpa-quruculuq işlərinın həyata keçirilməsində, şəhər və kəndlərin layihələndirməsində yaxından iştirak edir. Bu haqda bir qədər sonra söz açacağıq. 

Övsət Gülhəsən oğlu Həmidov  10 fevral 1961-ci ildə Lerik rayonunun Çayrud kəndində, ali təhsilli, tanınmış meşə təsərrüfatı işçisinin ailəsində dünyaya gəlib. Bu çoxuşaqlı ailədə göz açan uşaqların təlim tərbiyəsinin dəyəri onların təhsildə və elmdə qazandıqları uğurlarla dəyərləndirildiyi üçün bütün qardaşlar yüksək ali təhsil almağa çalışıblar. Bu “rəqabətdə” də Övsət həmişə öndə olub. Orta məktəbdə ona dərs demiş Nəsir müəllim Rzayev deyir ki,  “Övsət çox çalışqan, əla qiymətlərlə oxuyan, ictimai işlərdə fəal olan ağıllı bir oğlan idi. O, hər şeydə – təhsildə, idmanda və yaradıcılıqda sinif yoldaşları üçün nümunə sayılırdı”. 

Lerik rayonunun Çayrud kənd orta məktəbini əla qiymətlərlə bitirən Övsət Həmidov Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə ali təhsil alıb. Universitetdə tələbə elmi cəmiyyətinin fəal üzvü olan gənc memar 4 elmi işi ilə müəllim-professor heyətinin diqqətini çəkib. Amma  elmi biliklərin praktik təcrübədə sınaqdan keçirilməsini daha doğru yol hesab edərək, 1978-ci ildə “İstilik İzolyasiya” Bakı quraşdırma idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 8 il bu müəssisədə  müxtəlif vəzifələrdə çalışaraq, peşəsinin incəliklərinə yiyələnməklə yanaşı, idarəçiliyin  sirlərini də öyrənməyə səy göstərib. Bütün bu illər ərzində onun qurduğu xəyallarda paytaxt Bakıda möhtəşəm binalar layihələndirmək, Xəzərin qoynundakı bu doğma şəhəri öz ideyaları ilə daha da gözəlləşdirmək xüsusi bir yer tuturdu. 

“Rəhmətlik atam çox savadlı və meşə təsərrüfatı işini yüksək səviyyədə bilən, həmkarları arasında böyük hörmət sahibi olan bir insan idi, - deyə Övsət müəllim xatirələrə baş vurur. Bizə qarşı çox tələbkar idi. Onun bir ifadəsi bu gün də yaddaşımdan mənə səslənir: “Həyatda kim olursan ol, vicdanlı, məsuliyyətli və  işinin ustası ol!” Bəlkə elə ona görədir ki, peşəmə laqeyd yanaşa bilmirəm. Ən kiçik layihələrimi belə sevə-sevə, məsuliyyətlə ərsəyə gətirmişəm...” 

Peşəsindən böyük sevgi ilə danışan Övsət müəllimə nədən inşaatçı-memar olmasını soruşanda, xəyalən keçmişə qayıdaraq deyir: “Yeniyetmə yaşlarında Bakıya gələndə şəhər, buradakı binalar, tikililər, xüsusilə tarixi memarlıq abidələri məni valeh edirdi. Məsələn, daha çox islam üslubunda tikilmiş Şirvanşahlar sarayı, Venesiya üslubunda inşa olunmuş Murtuza Muxtarovun evi- "Səadət sarayı", qotik üslubulu “İsmailiyyə sarayı”, intibah memarlığının nümunəsi olan  Filarmoniya binası, Barokko üslubunda tikilmiş  Bakı şəhər İcra Hakimiyyətinin binası, “Atlantalı ev”, Hacı Zeynalabdin Tağıyevin sarayı və sair binalardan gözümü ayıra bilmirdim. Hündürmərtəbəli yaşayış binaları da ucqar kənddən gəlmiş yeniyetmə üçün bir möcüzəyə çevrilmişdi.   Bu binalar və onların insanların yaşadığı və işlədiyi yerlərə necə təsir etməsi məni dərindən düşündürməyə başladı. Beləcə, bu ehtiras aydın bir istəyə çevrildi və dərk etməyə başladım ki, mən memar olmaq, binalar, körpülər, müəssisələr tikmək istəyirəm”.

Beləcə, Övsət Həmidov gələcək peşəsini seçməyə, inşaatçı-memar olmağa qərar verir. Çünki başa düşür ki, onun həyat çağırışı yaratmaq və qurmaqdır. O ilk gündən anlamağa başlayır ki, inşaatçı-memar sadəcə xətlər, həndəsi fiqurlar çəkmir, məkanı formalaşdırır, gələcək nəsillər üçün mirasa çevrilən təhlükəsiz, funksional və estetik cəhətdən xoşagələn strukturlar yaradır. Və memarlığın yalnız bir sənət növü deyil, insanların həyatı üçün dərin bir məsuliyyət olduğunu da başa düşür.

1980-1982-ci illərdə ordu sıralarında xidmətə çağrılır. Mükəmməl ali təhsili, az bir vaxtda qazandığı təcrübə, iti mühəndis təfəkkürü, layihələndirdiyi binalara yaradıcı yanaşma qabiliyyəti  ordu sıralarında xidmət zamanı da komandanlığın diqqətini çəkir və Rusiya Federasiyasının Primorsk diyarının Vladivostok şəhərində Hərbi Mühəndis İşləri İdarəsinin rəisi kimi məsuliyyətli vəzifəyə təyinat alir. Bu vəzifədə çalışdığı 2 ildə Övsət Həmidov göstərilən etimadı 24 beşmərtəbəli yaşayış binasının, 1 gəmi körpüsünün, 1 gəmi təmiri üçün nəzərdə tutulan DOK-un və hərbi hava limanının uğurlu inşasına rəhbərlik etməklə doğruldur.

Ordu sıralarından tərxis olunduqdan sonra peşəsinin kamilləşməsi yolunda daha səylə çalışmağa başlaıyır. Ən müasir tikinti metodlarının, modern memarlıq üslublarının  mənimsənilməsinin və işə tətbiqinin gerçək yolunu oxumaqda və öyrənməkdə görən gənc inşaatçı-memar 1990-1998-ci illərdə “Polad konstruksiya” Bakı Quraşdırma İdarəsində istehsalata hazırlıq sahəsinin rəisi vəzifəsinə təyin olunur. Az sonra müəssisənin plan və istehsalat şöbəsinə rəhbərlik etməyə başlayır. Amma praktik iş onu daha çox cəlb etdiyi üçün tikinti meydanını seçir və  4 il sahə rəisi vəzifəsində çalışır. 

Memarın işi canlı bir dialoqdur, - deyir Övsət müəllim. – Memar heç vaxt tək işləmir. Onun işi sifarişçilər, mühəndislər, inşaatçılar, şəhər rəsmiləri və sakinlərlə dialoqdur. Bu mənada, dinləmək və inandırmaq bacarığı rəsm çəkmək bacarığından heç də az əhəmiyyət kəsb etmir. Amma memarın daha mühüm dialoqu yer, məkan və təbiətlə olur”. 

Övsət müəllimin layihə hazırlığının ilkin mərhələsinə necə başlaması ilə təsadüfi tanışlığımdan onu kəşf etməyə başladım. Hər hansı bina üçün verəcəyi layihənin yeri ilə tanışlıq zamanı ətrafındakılarla ünsiyyəti dərhal kəsir, sanki məkanla “dialoqa girir”, düşüncələrini sorğuya çəkməyə başlayır. Yerindəcə Günəşin hardan boy verəcəyini, küləyin istiqamətini və torpağın xüsusiyyətlərini araşdırmağa və təhlil etməyə başlayır. Sonradan bu davranışın sirrini soruşanda deyir ki, “memarın hər bir qərarı ətraf mühitin çağırışlarına cavab olmalıdır. Usta memar təbiətə öz iradəsini tətbiq etməməli, əksinə, onunla “əməkdaşlıq” etməlidir”.

Fəaliyyətinin ən qiymətli dövrlərindən biri kimi tez-tez 1993-cü ili yada salır. Həmin dövrdə 32 yaşına yenicə qədəm qoyan Övsət Həmidov paytaxtdakı Musiqili Komediya Teatrının yenidən qurulması layihəsinin həyata keçirilməsində iştirak edir və burada Azərbaycanın görkəmli dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar mühəndis və tanınmış inşaatçı Əliş Ləmbəranski ilə çiyin-çiyinə işləməyə başlayır. “Bu şəxsiyyətlə tanışlığım mənim inşaatçı-memarlıq düşüncəmdə sanki bir inqilab yaratdı, – deyə Övsət müəllim ustadını minnətdarlıqla xatırlayaraq söhbətinə davam edir. – Əliş müəllim, ilk tanışlığımızdan peşəmə olan sevgimi görəndə mənə çox qiymətli məsləhət və tövsiyələr verməyə başladı. Tövsiyələrindən biri bu oldu ki, “inşaatçı-memar inkişaf etmiş məkan düşüncəsinə malik olmalı, bir obyekti 3 ölçüdə görə bilməli və onun müxtəlif bucaqlardan və günün müxtəlif vaxtlarında necə görünəcəyini təsəvvür edə bilməlidir. Memar müxtəlif mütəxəssislərin - mühəndislərin, dizaynerlərin, inşaatçıların və landşaft memarlarının səylərini birləşdirən “dirijordur”. Onların işlərini əlaqələndirir, layihənin plana uyğun həyata keçirilməsini təmin edir, düzəlişlər edir və yaranan hər hansı bir problemi həll edir. Yəni memar yalnız yaradıcı qabiliyyətlərə deyil, həm də təşkilati bacarıqlara malik olmalı, inandıra, danışıqlar apara və kompromislər tapa bilməlidir”. Bu fikirlər sonrakı peşə fəaliyyətimdə mənə bələdçi oldu və inşaat meydanında təşkilatçılıq sahəsində də özümü rahat hiss etməyimə kömək etdi.”

Bundan sonra qurucu insanın fəaliyyətində vəzifələr bir-birini əvəz etməyə başlayır. 1998-ci ildə Bakı Şəhər Tikinti Trestinin 22 nömrəli tikinti idarəsində plan-istehsalat şöbəsinin rəisi, 2000–2015-ci illərdə “SNT İnşaat” şirkətində direktor müavini, 2016-cı ildə “Narın MTK”da memar, 2016–2017-ci illərdə “Lider Monolit” MMC-də direktor kimi fəaliyyət göstərir. Bu illərdə müxtəlif bölgələrdə inşaatçı-memar kimi öz izini qoydu. Bunların sırasında Sumqayıtda 48-ci məhəllədə inşa edilən 4 binadan ibarət yaşayış kompleksini, Qəbələ, Zaqatala və Balakən Tütün Fermentasiya zavodlarını, Lənkəran və  Bakı mebel fabriklərini, Lənkəran və  Qusar konserv zavodlarının binalarını, Bakı və Lənkəran VAZ CTO layihələrinin vaxtında uğurlu tikilib fəaliyyətə başlamalarını qeyd etmək olar. 

Təcrübəli inşaatçı-memarı 2020-ci il 44 günlük müharibədə qazanılan Zəfərdən sonra azadlığa qovuşan Qarabağda həyata keçirilən möhtəşəm Qayıdış layihəsində iştirakını əmək fəaliyyətinin ən mühüm dövrü hesab edir. Həm də rəhbər vəzifədə iştirakını. Əmək fəaliyyətinə və təcrübəsinə verilən böyük dəyər hesab etdiyi bu hadisəni belə xatırlayır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin Zəfərdən dərhal sonra imza atdığı Qayıdış Proqramı haqqında məlumatları diqqətlə izləyir və çox istəyirdim ki, erməni vandallarının viranəyə çevirdikləri bu torpaqlarda sıravi bir inşaatçı mütəxəssis kimi də olsa, mən də iştirak edim və ölkəmə öz töhfəmi verim. Çünki bu torpaqların azad edilməsində Azərbaycanın qəhrəman oğullarından biri kimi mənim soyumdan olan, qardaşım oğlu Cavanşir Həmidov şəhid olub, qardaşım, 300-dən artıq qazimizi əlil olmaqdan xilas edən hərbi travmotoloq-həkim, polkovnik-leytenant Əbülfət Həmidov yaxından iştirak edib. Şükürlər olsun ki, məni tanıyan və fəaliyyətimə yaxından bələd olan insanlar bu arzumun gerçəyə çevrilməsində böyük rol oynadılar. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan  “Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin (sonradan Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin)  icraçı direktoru vəzifəsinə təyinat aldım. Qürurla deyə bilərəm ki, həmin dövrdən başlayaraq, azad edilmiş torpaqlarımızda Qayıdış Proqramı çərçivəsində reallaşdırılan layihələr son dərəcə möhtəşəm, gələcəyə hesablanmış layihələrdir və onların miqyası dövlət başçısının nə qədər böyük təmkinlə bu layihələrin hazırlanıb həyata keçirilməsinə diqqət ayırdığını göstərir...”

Bu təyinatdan sonra Övsət Həmidov böyük enerji ilə  bütün potensialını və inşaatçı-memar kimi yaradıcı təfəkkürünü Qarabağın dirçəlişinə yönəldir. Az müddət sonra onun rəhbərliyi altında bərpa olunan və  Qarabağa qayıdışın ilk ünvanlarından birinə çevrilən Talış kəndi xarabalıqlardan doğan tərəqqi məşəli kimi parlayır.  Müasir memarlığın və şəhərsalma qaydalarının tələblərinə cavab verən bu yaşayış məntəqəsinin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən iştirak edirlər. Qısa müddətdə həyata keçirilən tikinti işləri dövlət səviyyəsində yüksək qiymətləndirilir. 

Gerçəkləşən elə bu ilk tikinti layihəsi zamanı Övsət Həmidovun həyata vəsiqə alan səmərəli təklifi hamının diqqətini çəkir. Təcrübəli inşaatçı dağıntılardan yaranan milyonlarla ton tikinti tullantısının təbiətə yük deyil, faydaya çevrilməsi təklifini irəli sürür və bunu əsaslandırır. Onun təşəbbüsü ilə bu tullantılar təkrar emal edilərək yol yataqlarında və tametaltı əsaslarda istifadə olunmağa başlanır, nəticədə, həm xərclərə böyük qənaət edilir, həm də ekoloji fəsadların qarşısı alınır. Bu səmərələşdirici təkliflə yanaşı, Övsət Həmidovun ümumən tikinti-bərpa işlərinin həyata keçirilməsi zamanı enerji səmərəliliyinin artırılması, istilik tutumluluğu yüksək olan evlərin inşası kimi yenilikçi ideyaları da həyata vəsiqə alır və özünü doğruldur. 

 Onun rəhbərliyi dövründə Ağdam rayonunun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin layihələndirilməsi tamamlanır, bu yaşayış məntəqələrində genişmiqyaslı tikinti işlərinə start verilir. Ümumiyyətlə, dövlət başçısının 2026-cı ilin sonunadək 50 mindən çox insanın doğma yurda qaytarılması tapşırığının yerinə yetirilməsi üçün yorulmadan çalışan Övsət Həmidov Qarabağın dirçəlişində öz inşaatçı imzasını qoyur və bölgəyə həyat qayıtdıqca, daha böyük şövqlə  işlyir. Təcrübəli inşaatçı-memar kollektivi ilə birlikdə Qarabağın yaralı torpaqlarında ucaltdığı evlərdə ocaqlar yandıqca, orta məktəblərdə, bağçalarda uşaqların gülüş səsləri ucaldıqca həyat dəyişir, yaşayışın keyfiyyəti yaxşılaşır. Əlbəttə, bu proses yüksək səviyyədə bacarıq, səbr və davamlı zəhmət tələb edir.

Övsət Həmidovun həyat fəaliyyəti yalnız tikinti meydançalarındakı işi ilə bitmir. O, həm də  təcrübəli, peşəkar inşaatçı-memar kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrə keçdiyi ustad dərsləri ilə gənc mühəndislər nəslinin formalaşmasına böyük töhfə verir. Axı o, həm də inşaat mühəndisliyi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almış çox az sayda mütəxəssislərimizdəndir. Onun elmi tədqiqatları – inşaat materiallarının keyfiyyəti, seysmik dayanıqlılığı və müasir layihələndirmə metodları bu gün ölkəmizin tikinti sektorunda mühüm tətbiqi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi altında yetişən onlarla mütəxəssis bu gün başdan-ayağa tərəqqi və quruculuq meydançasını xatırladan Azərbaycanın müxtəlif bölgələrində, şəhərlərində uğurlu fəaliyyətləri ilə  insanların rahat evlərdə yaşamalarına,  komfort binalarda işləmələrinə töhfə verirlər.

Ustad memar gənc həmkarlarına tövsiyə və məsləhətlərində deyir: “Məsələ heç də binaları ucaltmaq, təmir edib istifadəyə vermək deyil. Memarın əsas vəzifələrindən biri estetika və funksionallıq, gözəllik və praktiklik arasında tarazlığı tapmaqdır. Bina təkcə gözəl deyil, həm də rahat, təhlükəsiz və davamlı olmalıdır. Memar işıqlandırma, havalandırma, akustika, enerji səmərəliliyi və əlilliyi olan insanlar üçün əlçatanlıq kimi çoxsaylı amilləri nəzərə almalıdır. O, binanın gələcəkdə necə fəaliyyət göstərəcəyini və dəyişən ehtiyaclara necə uyğunlaşacağını təxmin etməlidir”.

Övsət Həmidov ailə ocağına, nəsil şəcərəsinə və yurd yerinin adət-ənənələrinə, dini əqidəsinə sədaqəti ilə də seçilən bir insandır.  Əsas amalı mənəvi və fiziki sağlam həyat tərzi və onun bütün nəsillər arasında təbliği olan Övsət müəllim İslamın vacib şərtlərinə əməl edən və müqəddəs Həcc ziyarətində olan möhkəm əqidə sahiblərindəndir. Vətənpərvərliyi sadəcə sözdə deyil, həyat tərzində göstərməyi,  bu keyfiyyətləri gənc nəslə şəxsi nümunədə aşılamağı yaşlı nəsil üçün vacib əməllərdən hesab edir.  

Hacı Övsət vətənsevərliyi ilə bərabər, gözəl ailə başçısı, nümunəvi və qayğıkeş ata, baba və mehriban qardaşdır. Böyük oğlu Vüsal yüksək ixtisaslı göz həkimi, kiçik oğlu Nicat kompüter elmləri üzrə proqramçı mütəxəssis, qızı Humay isə uşaq həkimidir. Hər 3 övladın peşələrinə münasibəti babalarından gələn vəsiyyətə söykənir: “Kim olursan ol, peşənin ustası ol!”

İşdə bir qədər sərt və prinsipial olan Hacı Övsət, həyatda olduqca təvazökar, şəfqətli və xeyirxah insandır. Yaşı 65-i adlasa da, bu illər onun Çayrud kəndinin saf dağ havasından, suyundan, təbiətindən cilalanan sağlamlığına güc gələ bilməyib. Yenə gənclik həvəsi, yaradıcılıq enerjisi, vurğunu olduğu peşəsi ilə Vətənə xidmət etməkdədir. 

İlqar RÜSTƏMOV, 
Əməkdar jurnalist

Mədəniyyət