“Molla Nəsrəddin” – 120
AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin” jurnalının yaranmasının 120-ci ildönümünə həsr olunan konfrans keçirilib.
Elmi məclisdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Molla Nəsrəddin” jurnalının Azərbaycan ictimai fikir tarixində oynadığı rolu vurğulayaraq bu satirik nəşr ətrafında yaranmış ədəbi-publisistik məktəbin azərbaycançılıq məfkurəsinin ərsəyə gəlməsinə verdiyi töhfədən söz açıb.
Akademik qeyd edib ki, jurnalın Azərbaycan və Şərq ictimai-siyasi düşüncəsinə güclü təsiri yalnız müxtəlif səpkili tənqidi mətnlərində deyil, həm də bu yazıların bədii-estetik üslubunda, xüsusilə gerizəkalılığa ayna tutan karikaturalarında özünü parlaq şəkildə göstərirdi. Bu karikaturalar dövrün ictimai eyiblərini sadə, anlaşıqlı və təsirli dillə təqdim edir, geniş oxucu kütləsinə birbaşa təsir göstərirdi.
Bölmə sədri jurnalın nəşr coğrafiyasına da diqqət çəkərək bildirib ki, “Molla Nəsrəddin”in türk-müsəlmanların mədəni mərkəzləri kimi inkişaf etməkdə olan, dövrün ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan Tiflis, Təbriz və Bakı kimi şəhərlərdə çap olunmasının tarixi zərurət kimi baş verib. Ədəbi yaradıcılıqda tənqidi realizm metodunun əsasını qoymuş görkəmli ədib Cəlil Məmmədquluzadənin jurnalın naşiri, redaktoru və ideya rəhbəri olaraq yaratdığı məktəbdə yetişən qələm sahibləri cəmiyyətə yeni baxış bucağı gətiriblər, istiqlal məfkurəsinin dövlətçiliyimizin bərpası ilə kama çatmasına çalışıblar.
Akademik İsmayıl Hacıyev sonda qeyd edib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin zəngin irsinə, “Molla Nəsrəddin”in şərəfli mübarizə yoluna böyük dəyər verərək ədibin və jurnalın yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə qərar veriblər. “Molla Nəsrəddin” məktəbinin keçdiyi yolu yeni nəsillər xalqa xidmətin tarixi örnəklərindən biri kimi öyrənir və ondan bəhrələnir.
Konfransın davamında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “Molla Nəsrəddin” jurnalının yaranışı və ənənələri” mövzusunda məruzə edib. O bildirib ki, jurnal Azərbaycan mətbuat tarixində ən uzunömürlü və ardıcıl fəaliyyət göstərən nəşrlərdən biri olub. Məruzəçi Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadənin birgə fəaliyyəti nəticəsində jurnalın ilk nömrəsindən etibarən böyük nüfuz qazandığını diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə doktoru Mehriban Sultanova isə “Mollanəsrəddinçilik ədəbi məktəbi və təlimi” mövzusunda məruzə edib. Alim Cəlil Məmmədquluzadənin publisistik irsinə, xüsusilə “Azərbaycan” məqaləsinə diqqət çəkərək jurnalın ictimai geriliyə, milli bəlalara qarşı ardıcıl və inadla mübarizə apardığını vurğulayıb, “Molla Nəsrəddin” jurnalının fəaliyyətinin Naxçıvanın həyatı və ziyalıları ilə də sıx bağlı olduğundan söz açıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Aygün Orucova “Molla Nəsrəddin” satirik şeir üslubunun yaranması və inkişaf məsələlərindən bəhs edib. O vurğulayıb ki, misilsiz poetik külliyat olan Mirzə Ələkbər Sabirin “Hophopnamə”si də qaynağını bu jurnaldan alıb və əsasən, onun səhifələrində ərsəyə gəlib.
Məclisdə bildirilib ki, anadilli jurnalistikamızın ikinci bir nəşri öz ərtafında “Molla Nəsrəddin” kimi ünlü ədəbi məktəb yarada bilməyib, Şərqdə onun qədər geniş yayılmayıb və İslam dünyasına bu jurnal kimi güclü təsir göstərə bilməyib. Bütün bunlar onu zəmanəsinin qoca “Molla Nəsrəddini” kimi tanıdıb və şöhrətləndirib.
Tahir AYDINOĞLU
XQ


