Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, ölkələrimiz arasında münasibətlər 14-cü əsrdən başlayıb və bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına təkan verir. Çox xoşdur ki, Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Belə kitablar vasitəsilə özbək uşaqları Azərbaycan, Azərbaycan uşaqları isə Özbəkistan haqqında bilgi əldə edirlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alıb. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.
Qonaqlar – Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, “Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov və rəssam Nərmin Abdullayeva çıxış edərək belə layihələrin uşaqlar arasında mütaliə marağının artırılmasına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyindən danışıblar.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

