ABŞ Kuba prezidenti Migel Dias-Kanel, onun həyat yoldaşı və daha üç nəfərə qarşı sanksiyalar tətbiq edib. "AP News"un məlumatına görə, sanksiya siyahısına Kubanın sabiq prezidenti Raul Kastronun yeganə oğlu, əvvəllər Kubanın Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının müşaviri vəzifəsində çalışmış Alexandro Kastro Espin də daxil edilib.
İyunun 4-dən qüvvəyə minən sanksiyalar sözügedən şəxslərin Amerika Birləşmiş Ştatları ərazisinə girişini qadağan edir, onların ABŞ-dakı əmlaklarını və bank hesablarını dondurur. Bu məhdudiyyətlər, həmçinin onlarla biznes əlaqələri qura biləcək qeyri-Amerika təşkilatlarına da şamil olunur. Sanksiyalar fərdi şəxslərlə yanaşı, Kubanın Müdafiə Nazirliyini, Xalqlarla Dostluq İnstitutunu, "Amistur Cuba" turizm təşkilatını və İnqilabın Müdafiəsi Komitələrini də hədəf alır.
Donald Tramp tətbiq edilən sanksiyaları şərh edərkən qeyd edib: "Biz sadəcə bu ölkənin yaxşı idarə olunmasını istəyirik". O, Oval kabinetdə keçirilən brifinqdə bildirib: "Ölkə aclıq çəkir, enerjisi, neft xammalı, pulu – heç nəyi yoxdur. Amma çox gözəl bir torpaq sahəsidir. Orada möhtəşəm kurortlar tikmək olardı". Tramp, həmçinin əlavə edib ki, İrandakı hərbi əməliyyatlar başa çatdıqdan sonra "Kuba ilə məşğul olacaq".
Dias-Kanel isə öz növbəsində ABŞ prezidenti Donald Trampı "Kubaya qarşı yeni təhdid dolu bəyanatlar səsləndirməkdə" ittiham edib və bildirib ki, yeni sanksiyalar blokadanın gücləndirilməsinə, habelə Kuba ilə ABŞ arasındakı münaqişənin gərginləşməsinə yönəlib.
S.ELAY
XQ

