Poeziyamızın Xocalı harayı

post-img

Azərbaycan poeziyasında xalqımızın ağır sınaqlara çəkildiyi tarixi hadisələr bədii boyalarla əks etdirilib. Bu baxımdan 34-cü ildönümünü qeyd etdiyimiz Xocalı faciəsi də istisna deyil. Ötən illərdə bir sıra yazarımız  bu qanlı faciəyə çoxsaylı şeir, poema, hekayə, esse həsr edib. Xalq şairi Vahid Əziz də həmin hadisələri bəşər övladı üçün görk olsun deyə, özünəməxsus şəkildə qələmə alıb. Onun Vətən müharibəsi ərəfəsində yazdığı və tezliklə qisasın döyüş meydanında alınacağına inamını bildirən “Xocalı” adlı şeirini oxuculara təqdim edirik.

XOCALI
Gözlər yolda, ruhlar durna köçündə,
Torpağımın sinə dağı – Xocalı.
Viran qalıb bir gecənin içində,
Dönüb oldu qan çanağı – Xocalı.

Yaraların indiyədək göynədir,
Qaysaqları həm təzə, həm köhnədir.
Körpələrin cavanlığı görmədi,
Cavanların – qocalığı, Xocalı.

Gerçəyindən xəbər ala bilmədik,
Dar günündə sipər ola bilmədik.
İndiyədək sızıltıyla dinlərik
Gec yetişən səs-sorağı, Xocalı.

Zaman keçir, vaxt qovğanı bitirmir,
Qudurmuşu haqq yoluna gətirmir.
Götürmədi, düşmən gözü götürmür
Yurdumdakı xoş növrağı, Xocalı.
 
Az qalıbdır – sevinərik şəstinə,
Çox ağladıq ocağında tüstünə.
Kölgəsini salacaqdır üstünə
Vətənimin öz bayrağı, Xocalı.

Vahid Əziz,
Xalq şairi
26 iyun 2020-ci il.  

Qan yaddaşı