Bu gedişlə Nikolu, deyəsən, “ildırım vuracaq”
Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı həm Ermənistan daxilində, həm də xaricdə müxtəlif reaksiyalar doğurub. Hökumət tərəfdarları və Avropa rəsmiləri Paşinyanın Avropa ilə yaxın münasibətlər qurmaq istəyindən danışmasını və Rusiyaya qarşı üstüörtülü tənqidini məmnuniyyətlə qarşılayıblar. Digərləri isə Nikolun söylədiklərini onsuz da təhlükəsizlik problemləri ilə üzləşən ölkə üçün əlavə təhlükə kimi qiymətləndiriblər. Bundan əlavə, Moskvada adı çəkilməyən yüksək rütbəli mənbə baş nazirin dediklərini “tamamilə məsuliyyətsiz və təxribatçı” fikirlər adlandırıb.
Əlbəttə, N.Paşinyanın Avropa Parlamentində oktyabrın 17-dəki çıxışı özlüyündə əlamətdardır. O anlamda ki, Nikol Avropanın qanunverici orqanının tribunasından çıxış etmək üçün dəvət olunan ilk erməni liderdir. Amma unutmaq olmaz ki, bu, Ermənistan–Rusiya münasibətlərinin pisləşməsi, eyni zamanda, birincinin özü üçün təhlükəsizlik problemlərini kəskinləşdirməsi fonunda baş verən hadisədir.
Əvvəllər rəsmi İrəvan dəfələrlə Moskvanın mövqeyindən narazılığını bildirib. Çünki Ermənistan hakimiyyətinin qeyd etdiyi kimi, Rusiya Azərbaycanla qarşıdurmada ona hərbi-siyasi dəstək göstərməyib. Son vaxtlar isə bu ziddiyyətlər Ermənistanın Rusiya hökumətinin yüksək rütbəli nümayəndələrinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasından – Roma statutunun ratifikasiyasından sonra daha da dərinləşib.
Doğrudur, Avropa Parlamentində çıxış edən N.Paşinyan Ermənistanın Qərbyönümlü ictimai-siyasi dairələrinin gözləntilərinin əksinə olaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyi ilə bağlı heç nə demədi. O, bundan əvvəl də ölkənin İctimai televiziyasına müsahibəsində əmin etmişdi ki, İrəvan özünün xarici siyasət vektorunu dəyişmək yolu ilə getmir. Ancaq yuxarıda da vurğuladığımız kimi, baş nazirin 40 dəqiqəlik nitqində konkret vurğular var idi. O vurğular ki, onları Moskvada anti-Rusiya və təxribat xarakterli fikirlər kimi qəbul ediblər. Görünür, Nikol Avropanın gözləntilərini yalnız bu formada doğrulda bilir. Yəni, yarımçıq şəkildə.
***
Bəli, N.Paşinyan Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Qarabağın erməni əhalisinin bölgədən çıxması fonunda Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib. Halbuki Moskva dəfələrlə bildirib ki, Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri aydın şəkildə yerinə yetirib. Bunu Prezident Vladimir Putin də son günlərdəki çıxışlarında bir neçə dəfə vurğulayıb. O, xüsusən “Valday” Diskussiya Klubunun iclasındakı nitqində məsələyə çox geniş yer ayıraraq deyib ki, Qarabağdakı rus sülhməramlılarının missiyası qarşı tərəflər arasında atəşkəs rejiminin saxlanılmasına nəzarət olub. Rusiyanın dövlət başçısının fikrindən gəlinən qənaət isə budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla qarşı duran tərəflərdən biri olmaq istəməyib. Buna görə İrəvanın Moskvadan incik düşməyə əsası yoxdur.
Digər bir məqam da var. Nikolun üstüörtülü ittihamlarında Ermənistanın təhlükəsizlik üzrə müttəfiqlərinin Qarabağ ətrafındakı vəziyyət fonunda “açıq şəkildə ölkədə hakimiyyətin dəyişdirilməsinə çağırıblar” motivi də yer alıb. Heç şübhəsiz, o, Rusiyanı nəzərdə tutub və bunu dana bilməz. Çünki başqa müttəfiq yoxdur. Moskvada mövcud məqam kifayət qədər aydın dərk edilməkdədir.
Bəli, əvvəldə də bildirdiyimiz kimi, Rusiyada erməni baş nazirin üstüörtülü tənqidini cavabsız qoymamağı zəruri hesab ediblər. Lakin məsələyə birbaşa deyil, anonim “yüksək rütbəli mənbə”nin dili ilə cavab veriblər. Diqqət yetirək, mənbə Paşinyanın çıxışını “tamamilə məsuliyyətsiz və təxribatçı” formada qiymətləndirdiyini TASS-a deyib. Hər halda TASS-ın Rusiyada nə demək olduğunu bilməyənlər olmaz. Bu agentlik ölkənin dövlət mediasıdır və orada səslənmiş fikrin çəkisinin mövcudluğu şübhəsizdir. Yeri gəlmişkən, mənbə onu da bildirib ki, Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin izi ilə fəal şəkildə getməkdədir: “Biz Moldovanı 2 nömrəli Ukrayna hesab etsək, Ermənistanı 3 nömrəli Ukraynaya çevirməyə çalışdıqlarını görürük. Paşinyan isə Zelenskinin yolu ilə sıçrayış edir”.
Görünür, Paşinyanın komandasında da baş nazirin çıxışında, necə deyərlər, barıtı çox etdiyini düşünürlər. Amma ortaya tamamilə qeyri-ciddi durum çıxır. Qeyri-ciddilik baxımından isə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovannisyanın söylədikləri diqqət çəkməkdədir. Onun sözlərinə görə, Nikol çıxışında heç bir ölkənin adını çəkməyib, müttəfiqlərin davranışından məyusluğunun olduğunu deyib, hansı müttəfiqləri nəzərdə tutduğunu qeyd etməyib. Yəni, Hovannisyan Paşinyanın uşaq oyununa haqq qazandırır. Əslində, buna haqq qazandırmaq mümkün deyil.
***
Erməni politoloq David Arutyunov Ermənistan hakimiyyətinin öz xarici siyasətini Qərbə yönəltmək istəyinə əmindir. Politoloq deyib ki, eyni zamanda, Qərb və Rusiya ilə münasibətlərin müvafiq şəkildə yenidən qurulması üzrə real sistemli iş aparılmır və ya bu iş məhdud miqyasda aparılır. “İrəvanın hərəkətləri anti-Rusiya ritorikasında cəmlənib və bunun müqabilində erməni tərəfi Qərbdən dəstək alacağını gözləyir. İndiyədək yalnız xarici siyasət sferasında Qərblə təmasların intensivləşdirilməsi və Rusiya istiqamətində fəaliyyətin əhəmiyyətli hissəsinin dondurulması, eləcə də təhlükəsizlik sahəsində aktiv axtarış formasında real addımlar müşahidə olunub”, – deyən Arutyunov Ermənistanın Rusiyaya alternativ silah tədarükçüləri axtarmasını da münasibətlərin kəskinləşdirilməsi baxımından mühüm cəhət kimi vurğulayıb.
Digər erməni politoloq Beniamin Poqosyan Ermənistan hökumətindən hazırkı xarici siyasət kursunu dəyişmək üçün aydın siqnallar görmədiyi qənaətindədir. Onun sözlərinə görə, rəsmi İrəvanın hansı məqsədləri güddüyü aydın deyil. Çünki hakimiyyət daxilində strukturlaşdırılmış qərar qəbuletmə mexanizmi yoxdur. “Ermənistanın baş nazirinin qərarlarını necə əsaslandırdığı aydın deyil. Onun kimə və nə vəd etdiyi qeyri-müəyyəndir”, – deyən Poqosyan, eyni zamanda, belə düşünür ki, Ermənistan Rusiyadan uzaqlaşmaq üçün hələ də simvolik addımlar atır. Məsələn, Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edir, ölkənin Rusiyanın hakim rol oynadığı təşkilatlarda üzvlüyü faktiki olaraq dondurulub və sair: “Lakin Ermənistanın KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxması prosesinin başlaması və ya İrəvanla Moskva arasında böyük dostluq və qarşılıqlı yardım müqaviləsinin ləğvi kimi real addımlar yoxdur. Bu baxımdan, Nikolun hakimiyyətdə qalmaq naminə Qərbdən daha çox dəstək almaq üçün imitasiya ilə məşğul olduğunu, yoxsa, doğrudan da, Rusiyadan real məsafə saxlamağa getdiyini söyləmək çətindir”.
***
Qeyd edək ki, N.Paşinyan Avropa Parlamentindəki çıxışında Ermənistanı Cənubi Qafqazda demokratiya qalası kimi göstərdi. Sanki elə təəssürat yarandı ki, ölkə diktaturanın təzyiqləri ilə üz-üzədir və əgər təhdidlər güclənsə, demokratiya məhv olacaq. Əlbəttə, Nikolun belə ritorika ilə hansı hədəfləri nişan aldığı məlum idi. Onun çıxışında adını çəkdiyi ölkə Azərbaycandır. Nikol Bakını işğalçı kimi göstərdi. Bu, öz yerində. Yəni, bildirdi ki, Azərbaycanın guya ekspansionist hərəkətləri Ermənistan daxilində onun hakimiyyətinə qarşı çıxanları hərəkətə gətirməkdədir.
Əlbəttə, Nikolun söylədiklərində sırf ölkəmizə yönəlik gizli motiv də var. Paşinyan Avropanın bəzi dairələrinin ənənəvi anti-Azərbaycan ritorikasına siyasi sərmayə yatırmaqla məşğuldur. Məlum olduğu kimi, həmin ritorikanın tərkibində, guya, Azərbaycanda insan hüquq və azadlıqlarına etinasız münasibətin olduğuna dair yanaşmalar var. Erməni baş nazir diktaturanın təzyiqi deyimində məhz bu motivə də köklənmiş oldu. Başqa sözlə desək, Avropanı qıcıqlandırmaq yolunu tutdu.
Bir qədər əvvəl fikirlərini diqqətə çatdırdığımız Beniamin Poqosyan da təxminən mövcud məqamın üzərində dayanır. Ancaq bir qədər fərqli. O deyir ki, Nikol özünü böyük demokrat kimi qələmə verməklə, hər kəlməsinin əvvəlinə və axırına demokratiya yarlığı yapışdırmaqla, əslində, Qərbin Ermənistanda gedən anti-demokratik proseslərə göz yummasına çalışır. Başqa sözlə desək, hakimiyyətini qorumaq üçün əlavə immunitet axtarır. Baş nazir Avropa Parlamentinin tribunasından da məhz həmin məqsədi reallaşdırmaq naminə bəhrələndi.
Ə.CAHANGİROĞLU
XQ

