Yaxud Avropanın anti-Azərbaycan oyunu və “pendir bəxşişi”
Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən iclasda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bəyanat qəbul edib. Bəri başdan bildirək ki, bəyanatda ölkəmizə qarşı mənfi yöndə köklənmə motivləri var. Sanki Bakı demarş edən, despot tərəfdir, İrəvan isə məzlum. Əlbəttə, belə yanaşma qəbuledilməzdir, ikili standartlardan xəbər verir. Yazımızda bu yanaşmanın ayrı-ayrı təzahür formalarını diqqətə çatdıracağıq.
Başlayaq ondan ki, bəyanatda Avropa İttifaqının Azərbaycanın bu il 19 və 20 sentyabr tarixlərində keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin guya kütləvi surətdə köçürülməsi və Laçın dəhlizinin doqquz aylıq blokadası nəticəsində yaranmış “son dərəcə çətin vəziyyəti” narahatlıqla izlədiyi bildirilir. Həmçinin əlavə edilir ki, Qarabağın, demək olar ki, bütün əhalisi – 100,6 min nəfərdən çoxu Ermənistanda sığınacaq tapıb.
Bəli, Avropanın müxtəlif strukturlarında bu cür yaramaz münasibətə köklənmiş bəyanatların, açıqlamaların sayı artmaqdadır. Belə dəst-xəttin Ermənistanın ənənəvi anti-Azərbaycan ritorikasının tərkib hissəsi olduğu aşkardır. Sanki kimlərsə qarşılarına məqsəd qoyublar ki, ölkəmizin səsi eşidilməsin. Məsələn, bilinməsin ki, Bakı heç bir halda Qarabağ ermənilərinin ərazidən çıxmalarını istəməyib, dəfələrlə reinteqrasiya çağırışları edərək özünün xoş niyyətini ortaya qoyub. Haqqında söz açdığımız bəyanat da əsl həqiqətlərdən uzaqlaşmaq ruhundadır və sənədin qərəzini təsdiqləyən başlıca göstərici elə budur. Ancaq digər məqamlar da var.
Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İttifaqının nümayəndə heyətinin bəyanatında bildirilib ki, Qarabağda qalanlara və gedənlərə davamlı olaraq maneəsiz humanitar dəstəyin göstərilməsi son dərəcə vacibdir. Keçən həftə Avropa Komissiyası 2020-ci ildən bəri verilmiş 20,8 milyon avroya əlavə olaraq 10,45 milyon avro dəyərində humanitar yardım paketi elan etdi. Burada başlıca məsələ “maneəsiz” sözünün işlədilməsidir. Yəni, elə bu sözdən aydındır ki, məsələni Azərbaycan üzərinə öhdəlik kimi qoymaq məramı var. Yeri gəlmişkən, məramın dəqiq ifadəsi özünü çox gözlətmir.
Məsələn, “Azərbaycan Qarabağ ermənilərinin insan hüquqlarını, əsas azadlıqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində ləyaqətlə, heç bir qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməli, könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərait yaratmalıdır, qaçqın və köçkünlərin tarixlərinə, mədəniyyətlərinə və hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, yerli əhalinin mədəni irsi və mülkiyyət hüquqları effektiv şəkildə qorunmalı və təmin edilməlidir”.
Sual oluna bilər: Qarabağ erməniləri özləri tərəfindən Azərbaycana qarşı hansısa ləyaqətsiz hərəkət gördülərmi ki, getmək qərarına gəldilər? Xeyr! Elə isə başa düşmək olmur ki, Azərbaycan necə bir şərait yaratmalıdır? Bəlkə Xankəndidəki, Ağdərədəki, Xocalıdakı və digər yerlərdəki uçuq-sökük, heyvan damına oxşar evlərini tikib onların ixtiyarlarına təslim etməlidir ki, yenidən bölgəyə qayıtsınlar? Bəlkə separatçıların basdırdıqları minaların təmizlənməsini nəzərdə tuturlar?.. Onsuz Azərbaycan dövləti işğaldan azad edilmiş bütün bölgələrdə böyük quruculuq işləri gerçəkləşdirməkdədir. Antiterror tədbirlərindən sonra nəzarətinə keçən bölgələrdə də bunu reallaşdıracaqdır. Ölkəmizin reinteqrasiya təşəbbüsü ona hesablanıb ki, Qarabağ erməniləri prosesə fəal surətdə qoşulsunlar. Bununla həm də bir vətəndaş kimi üzərilərinə düşəni gerçəkləşdirsinlər, etimad qazansınlar. Etimad qazanmalı olan onlardır, azərbaycanlılar yox.
Əlbəttə, Azərbaycanın reinteqrasiya təşəbbüsünə dəstək həm də Qarabağ ermənilərinin həyat şəraitlərinin yaxşılaşması deməkdir. Hər halda, görülən işin qarşılığı ödənilməlidir və ödənilməsi nəzərdə tutulurdu da. Ancaq gördüyümüz kimi, ölkəmizin xoş niyyətinə məhəl qoyulmadı və cəmi üç gün ərzində bölgə erməniləri, sanki əvvəlcədən planlaşdırılıbmış kimi, ərazini tam boşaltdılar. İndi, necə deyərlər, hazıra nazir olmaq istəyirlər? Çox güman, avropalılar elə düşünürlər ki, Bakı onlar üçün komfortlu yaşam vəd etməlidir. Axı, belə yaşam üçün zəhmət çəkilməlidir. Qalıb zəhmət çəkəydilər, unutmayaydılar ki, havayı pendir yalnız tələdə olur. Daha doğrusu, azərbaycanlılarla birgə prosesdə iştirak edəydilər. Etmədilər və nəticə etibarilə erməni avantürizminin alətinə çevrilmək yolu tutdular. Yəni, havayı pendir yemək istədilər. Bu gün Ermənistanda azadlıqda yox, əslində, avantürizmin tələsindədirlər. Əminliklə deyə bilərik ki, yedikləri pendir-çörəkdən başqa heç nə olmayacaq...
***
Bəli, Avropa Şurasının Nazirlər Komitəsinin və Avropa İttifaqı nümayəndə heyətinin bəyanatı da, əslində, Qarabağdakı erməni avantürizminin davamına xidmət məramına söykənmiş kağız parçasıdır. Sənədin ana xəttini təşkil edən bu xidmətdir. Azərbaycandan tələb edilir ki, Qarabağ ermənilərinə hansısa fövqəladə yanaşma tətbiq edilsin, onlar üçün hüquq və azadlıqlar müəyyənləşsin. Başqa sözlə desək, ayrıca imtiyazlı təbəqə statusuna malik olmaları nəzərdə tutulur. Sən demə, bu, təhlükəsizliyin təminatı baxımından vacib imiş. Bəs, Azərbaycanın konstitusion əsasda verdiyi təminatlar? Görəsən, avropalılar bunu nəzərə alırlarmı? Axı konstitusion təminatlar haqqında söz açdığımız bəyanatın istinad etdiyi Avropa İnsan Hüquqları Konvensiyası üzrə nəzərdə tutulmuş öhdəliklərdən qaynaqlanır. Həmin ödəliklərdə yaşamaq hüququ da var, işgəncədən, qeyri-insani və ya ləyaqəti alçaldan rəftardan və ya cəzadan imtina da. Bunu təkrar xatırlatmağa nə ehtiyac var? Qətiyyən yoxdur! Məlumdur ki, xatırlatma əlahiddə baxış formalaşdırmaq məqsədi daşımaqdadır.
Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin Qarabağ erməniləri ilə sülh şəraitində yaşamağa, onların hüquqlarını qorumağa hazır olması barədə ictimaiyyətə açıqlamaları diqqətə alınır. Yaxşı ki, heç olmasa, bu məqam vurğulanır. Amma, ardınca bildirilir ki, Qarabağın erməni əhalisinin taleyi üçün birmənalı olaraq, Azərbaycan əsas məsuliyyəti daşıyır, dövlət maddi, konkret və şəffaf təminatlar yaratmalıdır. Ən əsası isə guya, mühüm etimad quruculuğu tədbiri kimi, Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya elan olunmalıdır.
Burada da vurğulanmalı bəzi cəhətlər var. Əlbəttə, yuxarıda dediklərimizi təkrarlamağa lüzum görmürük. Sadəcə suallar verək: Kimə amnistiya şamil edilməlidir? Müharibə cinayətləri törətmiş şəxslərəmi? Bəlkə Gəncəni raket atəşinə tutmaq əmrini verdiyini açıqca bildirərək əməlindən qürur hissi keçirmiş, onlarla dinc azərbaycanlının ölümünə səbəb olmuş separatçı Arayik Arutyunyanamı, yoxsa qətliamlar, insanlıq əleyhinə cinayətlər törətmiş Bako Saakyanamı, Arkadi Qukasyanamı? Hansına? Bəlkə, Rusiyadan gələrək Qarabağda separatçılığı qızışdıran, min bir oyunlara baş vuran Ruben Vardanyanamı amnistiya tətbiq edək? Avropalıların yanaşması budur? “Sərt ritorikadan çəkinməyi gözləyirik” –deyərkən, cinayətin cəzasız qalmasınımı nəzərdə tuturlar?
Sən demə, Qarabağa beynəlxalq çıxış ehtiyac duyulan yardımın göstərilməsi və yerlərdə vəziyyətin müstəqil monitorinqinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edirmiş. Və sən demə, Avropa İttifaqı BMT-nin Baş katibinin miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsinin kütləvi köçlə mübarizədə Ermənistan hakimiyyətinə dəstək və yardım göstərilməsi işini yüksək qiymətləndirirmiş, eyni zamanda, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi faktaraşdırıcı missiyasını və onun sonrakı tövsiyələrini səbirsizliklə gözləyirmiş. Deyəsən, demək istəyirlər ki, Azərbaycan da mövcud istiqamətdə nə isə etsin. Ölkəmizin nə isə etməsinə gəlincə, məlumdur ki, bununla bağlı Aİ Şurasının Prezidenti Şarl Mişelin fikirləri var. Cənab Mişelin sözlərindən belə çıxıb ki, Bakı Qarabağ ermənilərinin bölgəyə qayıdışına razıdırsa, onların təhlükəsizliyinə və hüquqlarının qorunmasına təminat verməlidir. Təminat isə BMT sülhməramlılarının Qarabağa buraxılması olmalı imiş. Görəsən, başqa nəsə istəmirlər ki? Könüllərindən ayrı nələri keçirirlər?
Deməli, Rusiya sülhməramlıları çıxacaq, yerinə BMT sülhməramlıları Qarabağa gələcək. Hər halda, başqa məntiq duyulmur. Nəticədə isə Qarabağ erməniləri yenə də əvvəllər, yəni separatçıların dövründə olduğu kimi, xüsusi imtiyazlı təbəqə statusuna qalxacaqlar. Belə olan halda Azərbaycanın suverenliyi hara gedəcək? Əlbəttə, mövcud məqam avropalıları qətiyyən maraqlandırmır. Onlar üçün əsas olan incik düşmüş erməniləri nəyin bahasına olursa-olsun, razı salmaqdır.
***
Bütün diqqətə çatdırdıqlarımızdan sonra bəyanatda bölgə üçün davamlı sülh zəngulələri vurulur. Sülhə nail olmaq budurmu? Sülhə nail olmağın yolu Azərbaycanı hədəf alan bəyanatların, qətnamələrin və başqa bu sayaq heç bir əhəmiyyəti olmayan sənədlərin, lakmus kağızlarının qəbulu deyil. Ermənistanı və dünya erməniliyini hansısa formada razı salmağa, erməni avantürizmi üçün necəsə qol-qanad verməyə hesablandığı aşkar görünən hərəkətlər heç bir halda sülh təşəbbüsü kimi qiymətləndirilə bilməz.
Sülh səmimi şəkildə dərk edilməlidir. Sülhün bir tərəfi Azərbaycandırsa, digəri Ermənistandır. Bu gün İrəvan bütün platformalarda anti-Azərbaycan davranışı ortaya qoyursa, deməli, onun 1991-ci il Alma-Ata Bəyannaməsini və digər hansısa sənədləri qəbul etdiyini bildirməsinin heç bir mənası yoxdur. Bir halda ki, Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentinə çıxışa dəvət edilir, ondan Nelson Mandella düzəldilirsə, Paşinyan isə ağzını açıb gözünü yumaraq Azərbaycan əleyhinə hədyanlar yağdırırsa, ölkəmizi az qala işğalçılıqda günahlandırırsa, deməli, ortada böyük spekulyasiya cəhdləri var. Hazırkı durumda Avropanın demokratiklik adına iddialı institutlarının işi səmimiyyətsizliyə sentimentallıq donu geyindirməkdir. Şübhəsiz, əməlləri də özləri kimi saxtadır.
Ə.RÜSTƏMOV
XQ

