Ağırlıqqaldıma idman növü Los-Ancelesdə keçiriləcək XXXIV Olimpiya Oyunlarının proqramında qalacaq. Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Hindistanın Mumbay şəhərində keçirilən 141-ci sessiyasında Olimpiya yarışlarının proqramının təsdiq edildiyi iclasda qəbul edilib.
Əslində, bir idman növünün Olimpiadanın proqramından kənarda qalması üçün çox ciddi əsaslar olmalı idi. Təəssüf ki, uzun illər – təxminən O 40 il ərzində “Dopinqsiz bu idman növündə uğur qazanmaq mümkün deyil” fikri çoxlarının düşüncəsinə hakim kəsildiyi üçün bu idman növündə ağlasığmaz dərəcədə dopinqdən istifadə etməklə uğurlar qazanılırdı. Antidopinq tədbirləri nəticəsində qazaxıstanlı ikiqat Olimpiya çempionu İlya İlyinin və digər titullu idmançıların nəticələrinin ləğvi dünya idman ictimaiyyətində şok effekti yaratdı.
Bununla da, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (BAF) fəaliyyətinin araşdırılması, konstitusiyasının dəyişdirilməsi, orada bu və digər məsələlərin nəzərə alınması qaçılmaz olub. Beynəlxalq Antidopinq Agentliyi ilə birgə fəaliyyət göstərən Beynəlxalq Test Agentliyi yaradılıb. BAF büdcəsinin çox hissəsini dopinqlə mübarizəyə xərcləməyə başlayıb.
Təxminən bir neçə il əvvəl BOK-un BAF-a müraciəti əsasında ehtiyat analiz nümunələrinin yenidən yoxlanmasına başlanıb ki, bu da böyük dopinq qalmaqallarına səbəb olub. Təkrar analizlər nəticəsində çox ciddi problemlər meydana çıxıb. Azərbaycan da daxil olmaqla, 9 ölkənin milli federasiyaları cəzalandırılıb. Azərbaycan Ağırlıqqaldırma Federasiyası 2017-ci ilin oktyabrından başlayaraq 1 illik cəzaya məruz qalsa da, görülən geniş tədbirlər nəticəsində artıq iyun ayında bəraət alıb.
Bəs hazırda Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin sədri, mütəxəssis Kənan Mustafayev qurumun antidopinqlə mübarizə sahəsində ciddi səylər göstərdiyini bildirdi: “Dopinqin aradan qaldırılmasının əsas yolu beyinləri, düşüncələri təmizləməkdir. Əsas da məşqçilər başa düşməlidirlər ki, biz dopinqsiz də uğur qazana bilərik. Bu gün qələbə qazanıb, sonra idman karyeramız ləkələnərsə, buna getmək olmaz. Bu məsələ ilə bağlı çoxsaylı seminarlar, idmançılar, mütəxəssislər, məşqçilərin iştirakı ilə təbliğat xarakterli tədbirlər keçiririk. Federasiyanın gördüyü iş nəticəsini verir. Hazırda beynəlxalq səviyyədə dopinqlə bağlı problemimiz yoxdur”.
Dopinq idmançının daha böyük uğur qazanması üçün qadağan olunmuş maddələrlə kömək etməsi məqsədi daşıyır. Məsələn, ağırçəkili idmançı 1 məşq ərzində təxminən 10-12 ton çəki qaldırır. Bu çəkinin altında insanın bədəninin yorulması, hətta deformasiyaya uğraması normal haldır. İdmançı axşam məşqinə qədər bərpa olunmalıdır. Dərmanların məhz böyük bir hissəsi bərpa prosesinə kömək etsə də, insan orqanizminə böyük ziyan vurur, sonsuzluq, ciddi zədələr, bədənin bir hissəsinin deformasiyaya uğraması, digər ağır xəstəliklərə səbəb olur.
K.Mustafayev artıq antidopinq mədəniyyəti yarandığını, yeni nəslin təmiz idman uğrunda mübarizəyə qoşulduğunu dedi: “Qadağan olunmamış çoxlu vitaminlər var ki, onların effekti qadağan olunmuş vitaminlərdən az deyil. Bu xeyirli maddələr bədəndəki enerjini bərpa etməyə kömək edir. Təbii ki, bunlar birdən-birə effekt vermir. Sadəcə vitaminlər qəbul edib, doğru qidalanıb, doğru rejim quraraq istədiyimiz nailiyyəti əldə edə bilərik. Böyük uğura ədalətli mübarizə ilə nail ola bilərik”.
Beynəlxalq Antidopinq Agentliyinin son statistikasına əsaslansaq, dünya idmanında ağırlıqqaldırma dopinqə görə cəzalandırmaya görə heç ilk 5-likdə deyil. Amma üstündən illər keçməsinə baxmayaraq ağırlıqqaldırmanın adı bu problemlə yanaşı çəkilir. Bunun üçün dünyanın müvafiq qurumları çalışırlar ki, ağırlıqqaldırma ən təmiz idman növlərindən biri kimi tanınsın.
L.QURBANOVA
XQ


