Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları”nı bəyan etməsinə münasibət bildirib.
A.Hacızadə bununla bağlı deyib: “Niderland Krallığı hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir...
Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və bölgəni tərk etməmək barədə ölkəmizin çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiqləyib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.
Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqisinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı”.
XQ

