Azərbaycanın və Sloveniyanın xarici işlər nazirləri müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər

post-img

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksəksəviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksəksəviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.

Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin, ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş Minsk qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar.





Siyasət