1.Ordu quruculuğu və hərb sənətinin təcəssümü
Ordu dövlətin müdafiə funksiyasının həyata keçirilməsi üçün zəruri şərt olmaqla, hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Dövlətin mövcudluğu özündə ordunun da mövcudluğunu ehtiva edir. Ordu isə sadəcə mövcudluq atributu kimi çıxış etməməli, ona qarşı qoyulmuş tələblərə cavab verməlidir.
1993-cü ilin yayında xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi, yeni-yeni yaşayış məntəqələrinin hücuma məruz qaldığı bir şəraitdə düşmənə qarşı duran silahlı dəstələrimizin hərtərəfli ağır durumu ilə üzləşdi.
Bu cür vəziyyətin əsas səbəbləri ölkənin müharibə vəziyyətində olması, silahlı dəstələrin vahid rəhbərliyinin və birliyinin olmaması, daxili çəkişmələr, biganəlik, etinasızlıq idi.
Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrə diqqət və qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm, prioritet istiqamətlərindən birinə çevrildi. Onun Vətənin ağır günlərində yorulmaq bilmədən göstərdiyi fəaliyyət tədricən bəhrəsini verirdi.
Qədim Çin hərb nəzəriyyəçisi və strateqi Sun Tzu yazır ki, “Sərkərdə müdriklik, etibar, xeyirxahlıq, mərdlik və ciddilik keyfiyyətlərini ehtiva edir... Şərait daha əlverişli olanda, planları da dəyişib şəraitə uyğunlaşmaq lazımdır”. Özündə bütün bu sadalanan keyfiyyətləri ehtiva edən Heydər Əliyev şəraiti qiymətləndirməkdə, planları şəraitə uyğunlaşdırmaqda mahir idi. O bilirdi ki, Azərbaycan xalqı hər cəhətdən ermənilərdən üstün gücə, döyüş qabiliyyətinə malikdir və təkbətək döyüşdə Ermənistan dövlətinə qalib gəlmək Azərbaycan üçün heç bir çətinlik yaratmayacaqdır. Dünya düzənində şəraiti nəzərə almadan insanları qırğına vermək müdriklik hesab oluna bilməzdi.
Ümummilli lider Heydər Əliyev mübarizlikdə, əyilməzlikdə ordu, əsgər və zabit üçün bir nümunə idi. O, Ali Baş Komandan kimi bu nümunəni sona qədər nümayiş etdirdi. Prezident İlham Əliyev başqa sahələrdə olduğu kimi ordu quruculuğunda da Heydər Əliyev həqiqətlərinə söykənir, ondan ilham alır, Ulu öndərin yolunu özü üçün işıq yolu hesab edirdi: “Müdriklik, mərdlik, güclü iradə, cəsarət – Azərbaycan xalqına xas olan bütün bu keyfiyyətlər Heydər Əliyevdə var idi... O, bir liderlik nümunəsi idi. Dəmir iradə nümunəsi idi... O, həmişə qalib gəlirdi. Heç kim və heç nə onu məğlub edə bilmədi. Qalib kimi yaşadı, öz xalqına xidmət etdi, qalib kimi də dünyadan getdi. Bizim vəzifəmiz, bizim borcumuz ondan ibarətdir ki, bu siyasəti davam etdirək... Azərbaycan dünyadakı mövqelərini daha da inamla möhkəmləndirəcəkdir. Biz öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik”.
İlham Əliyev hakimiyyətə gələnə kimi ordu quruculuğunda əhəmiyyətli işlər görülmüş, pərakəndə silahlı dəstələr ləğv edilərək, vahid komandanlığa tabe olan ordu formalaşdırılmış, imkan dərəcəsində ordunun maddi-texniki bazası yaradılmış, orduda vətənpərvərlik hislərinin yüksəldilməsi üçün əsaslı işlər görülmüş, zabit korpusunun möhkəmləndirilməsi üçün məktəblər yaradılmış və ordunun inkişafı və güclənməsi üçün təməl hazırlanmışdı.
Azərbaycan Respublikasına başçılıq etdiyi ilk günlərdən ölkənin idarə olunmasında işıq yolu həqiqətlərini rəhbər tutan İlham Əliyev fəaliyyətini bu yolun təməlləri üzərində həyata keçirməyə, Heydər Əliyev siyasətini davam etdirməyə başladı.
Ölkə prezidenti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yenə də işıq yolu həqiqətlərinə istinad edir və münaqişənin həlli üçün yalnız bir istiqamətli deyil, müxtəlif istiqamətli fəaliyyət müəyyənləşdirir və həyata keçirirdi. Onun fəaliyyəti iqtisadiyyatın inkişafı, güclü ordu, dövlətlərarası əməkdaşlıq əsasında dünya miqyasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, dost ölkələrlə, xüsusən Türkiyə Cümhuriyyəti ilə daha sıx münasibətlərin yaradılması, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində səmərəli irəliləyiş, ölkə daxilində birlik və vətənpərvərlik hissini artırmaqla müharibəyə hazır olmağı əhatə edirdi.
XXI əsrin birinci onilliyində Azərbaycan dövləti artıq bölgədə siyasi və iqtisadi sahələrlə yanaşı, hərbi sahədə də qüvvələr nisbətini öz xeyrinə dəyişməyə nail olmuşdu. Əslində, bu dəyişiklik Ermənistan tərəfini düşünməyə və konstruktiv olmağa vadar etməli idi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz çıxışlarında qeyd edir ki, “Azərbaycanda gedən güclü ordu quruculuğu prosesi bu gün artıq bizə imkan verir ki, bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişək. Artıq bizim üstünlüyümüz təkcə siyasi və iqtisadi meyarlarla ölçülmür. Bizim gücümüz, o cümlədən hərbi sahədə də özünü göstərir. Güclü orduya malik olmaq o deməkdir ki, istənilən anda öz doğma torpaqlarımızı biz azad edə bilərik. Biz dünya tarixindən görürük ki, bəzi hallarda müharibəni başlamaq heç lazım olmur. Sadəcə olaraq, artan güc, potensial və imkanlar qarşı tərəfi daha da konstruktiv edir”.
Ordunun qalibiyyəti əsgər və zabitlərdə ruh yüksəkliyinin, döyüş əzminin, torpaqları azad etmək təşnəsinin olmasını tələb edirdi. Cənab Prezident cəbhə bölgəsində əsgərlərlə, zabitlərlə təmasda olanda bu ruh yüksəkliyini görərək, qeyd edirdi ki, “İndi Azərbaycan Ordusu bu bölgədə ən güclü ordudur. Son illər ərzində biz ordumuzu həm peşəkarlıq, hazırlıq, həm də avadanlıq, texnika, silah-sursat baxımından xeyli dərəcədə gücləndirmişik. Mən bütün bölgələrdə təmas xəttində olmuşam. Aprel ayında Füzuli rayonunda, ondan əvvəl Ağdam, Tərtər istiqamətlərində səngərlərdə əsgərlərlə görüşmüşəm və bir daha gördüm ki, gənc əsgərlərimizdə çox böyük ruh yüksəkliyi var. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq, çalışmalıyıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Ancaq biz öz haqqımızı tələb edirik”.
Azərbaycan xalqı Ali Baş Komandanın başçılığı altında 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın yeni təcavüzünə qarşı Zəfər yürüşünə başladı. Həmin günlərində İlham Əliyevin döyüş meydanında baş verənlərə münasibəti hərbi-strateji və taktiki xarakter daşıyırdı. Çünki məqsəd Vətən torpaqlarının bütövlükdə və tamamilə işğaldan azad edilməsi idi. Prezident İlham Əliyev “status-kvo”, “təmas xətti” məfhumlarını “Vətən torpaqlarının işğaldan azad olunması”, “ərazi bütövlüyünün təmin olunması” ifadələri ilə əvəz etdi, artıq Azərbaycan sərhədləri çərçivəsində hər hansı bir xətdən söhbət getməməli idi, Vətənin hər bir qarış torpağı azad olunmalı idi.
Polkovnik A.Kiselyov Böyük Vətən müharibəsində Sovet İttifaqı marşalı Kirill Meretskov haqqında xatirələrində yazırdı: “Mövcud qüvvə və vasitələri son dərəcə qənaətlə sərf etmək lazım gəlirdi… Gah sönən, gah da yeni qüvvə ilə alovlanan belə döyüşlər hansısa ayrıca bir təpəni, kiçik dayaq məntəqəsini, bataqlığın kənarını, ağaclığı tutmaq məqsədilə aparılırdı. Bütün bunlar isə tutulmuş mövqeləri yaxşılaşdırmağa imkan verir, beləliklə də, gələcək iri hücum əməliyyatları üçün əlverişli zəmin yaradırdı. Hərbi məlumatlarda onlardan çox vaxt “yerli əhəmiyyətli döyüşlər” kimi danışılırdı”.
Çin hərb nəzəriyyəçisi Sun Tzu sərkərdənin davranışı və məharəti ilə bağlı yazırdı: “Sərkərdəlik qabiliyyətinin ən yaxşı təcəssümü düşmənin planlarını pozmaqdır; ikinci yaxşı olan düşmən qüvvələrinin birləşməsinin qarşısını almaqdır; növbəti yaxşı olan döyüş meydanında hücum etməkdir; ən pis olan isə qala-şəhəri mühasirədə saxlamaqdır. “Əsgərlərinlə öz övladların kimi rəftar et və onlar sənin arxanca ən dərin vadilərə gedərlər; onlara sevimli oğulların kimi bax, onlar ölənə qədər sənə arxa olacaqlar”. “Əgər düşmənin böyük qüvvələrinin öhdəsindən necə gəlmək və hücum zamanı haraya zərbə vurmaq lazım olduğunu soruşsalar, mən deyərdim: rəqibiniz üçün çox qiymətli olanı almaqdan başlayın, onda rəqibiniz sizin iradənizə tabe olmağa başlayacaq”.
Hər fəaliyyət sahəsi kimi hərbi işin də özünəməxsus cəhətləri vardır. Hərbi işdə əksər hallarda qərar birdəfəlik qəbul olunmur. Hər bir qərarın qəbul olunması üçün ilkin olaraq böyük düşüncə işi aparılır. Burada təkcə yüksəkliyi, şəhəri almaq, düşmənin cəbhəsini yarmaq barədə qənaətə gəlmək kifayət etmir. Burada, həmçinin sərkərdənin hansı miqyaslı olması və onun hansı qərarı qəbul etməsindən asılı olaraq, onlarla və ya minlərlə adamı hansı istiqamətdən, nə vaxt, hansı silahlarla döyüşə göndərmək, onların həyatına, tapşırığın uğurlu həllinə, əməliyyatın düzgün planlaşdırılmasına görə məsuliyyət hissi də təzahür edir. Müharibənin qəddar gedişində qələbəyə aparan yol insanların həyatı hesabına salınır. Hər bir komandirin sərəncamındakı adamlar ciddi hesabla məhdudlaşır. Roma tarixçisi Svetoni yazırdı ki, Sezar döyüşlərdə yalnız “əvvəlcədən düşünüb-daşındığı qərarlardan deyil, həm də improvizasiyanın gücündən” istifadə edirdi. O, yalnız sürətlə yerdəyişmə aparıb öz qərarlarını bir göz qırpımında məharətlə həyata keçirmir, bəzən “yürüşdən sonra, yaxud pis havada, yəni bunu ondan heç kimin gözləmədiyi məqamda” vuruşa başlamağa üstünlük verirdi.
Aristotel vaxtilə deyirdi ki, “müharibənin məqsədi sülhdür”. Azərbaycanın apardığı müharibəyə münasibətdə Aristotelin fikirləri həqiqət idi. Azərbaycanın apardığı müharibənin ədalətli xarakteri göz qabağında idi; komandirlər, hərbi rəislər, dövlət xadimləri müharibəni Vətəni müdafiə etmək, işğal altında olan torpaqları azad etmək, öz torpaqlarında yaratdıqlarını qorumaq üçün aparırdılar. Ona görə də əsgəri döyüşə yollayanda da Azərbaycan zabitləri kimləri və nə məqsədlə döyüşə göndərdiklərini dərk edir və bu işə böyük məsuliyyətlə yanaşırdılar. Onlar hazırladıqları və qəbul etdikləri qərara görə həmişə məsuliyyət hissini xatırlayır və davranışlarını bu hissin təsiri altında formalaşdırırdılar.
Prezident İlham Əliyev də Azərbaycan Ordusunun döyüş meydanındakı əməliyyatlarına rəhbərlik edir, ordunun hansı istiqamətlərdə, nə vaxt və necə əməliyyat keçirəcəyini, bundan əldə olunacaq faydaları ölçüb-biçir, qoşun və birləşmələr arasında əlaqənin təmininə nəzarət edirdi. Kəşfiyyat xəbərlərinin və cəbhələrdə cari vəziyyətə dair toplanmış məlumatların saf-çürük edilməsi, buna müvafiq olaraq əməli təklif və sərəncamların, gələcək əməliyyat planlarının hazırlanması, cəbhənin silah, döyüş sursatı və digər maddi vasitələrlə təmin olunması, ehtiyat qüvvələrinin yaradılması – bütün bunlar İlham Əliyevin nəzarətində olmaqla döyüş meydanlarında uğurun əldə edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi.
Dövlətimizin başçısı İlham Əliyev 15 oktyabr 2020-ci il tarixində Türkiyənin NTV televiziyasına müsahibəsində deyirdi: “Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. ...biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib”.
Prezidentimiz Azərbaycan ərazilərini güc tətbiq etmək yolu ilə azad etməyə hazırlaşarkən özü də hərb sənətinin incəliklərinə bələd olmuş və sərkərdəlik məharətlərinə, hərb sənətinin sirlərinə yiyələnmişdi. O, öz qoşunlarının hərəkətini istiqamətləndirməyi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmağı bacarırdı.
Rus yazıçısı L.N.Tolstoy müharibənin gedişində sərkərdənin qarşılaşdığı çətinliklər və şəraitə uyğun olaraq fəaliyyət göstərməyə məcbur olması ilə əlaqədar “Hərb və sülh” romanında yazırdı: “Kutuzov vuruşmanın səhərisi günü fransızlara hücum etmək istəyirdi, bütün ordu da bunu istəyirdi. Lakin hücum etmək üçün ancaq bunu arzu etmək kifayət deyildi: bunun üçün imkan olmalı idi, imkan isə yox idi... vəziyyət bu qoşunların Moskvadan kənara çəkilməsini tələb edirdi. Qoşun axırıncı dəfə olaraq bir mənzil də geri çəkilib Moskvanı düşmənə verdi.
General G.K.Jukov İkinci Dünya müharibəsi günlərində sərkərdənin çətin vəziyyətlərdə qərar qəbul etməsi ilə bağlı yazırdı: “Bütün nəticələr məlum olandan sonra hadisələrin əvvəlinə qayıdıb müxtəlif qiymətlər verməkdən asan heç nə yoxdur. Bütün qüvvələrin qarşı-qarşıya durduğu, çoxsaylı fikir, məlumat və faktların bilavasitə qarşı-qarşıya qoyulduğu müəyyən tarixi anda məsələlərin bütün məcmusundan baş açmaqdan isə çətin bir şey yoxdur”. Komandanlıq, sərkərdəlik məharəti məhz bu cür məqamlarda ən doğru olanı etməyə, mümkün qədər az itki verməklə üstünlük qazanmağa yardımçı olur.
Dövlət başçısının rəhbərliyi ilə aparılan döyüşlər hərbi üstünlüklər əldə etmək, işğal altında olan torpaqları oba-oba, kənd-kənd azad etməklə bərabər, həm də siyasi əhəmiyyətə malik idi. Bu döyüşlər erməni silahlı qüvvələrini “cəzalandırmaqla”, onlara “öz yerlərini göstərməklə” yanaşı, Ermənistanı danışıqlar prosesinə, həm də Azərbaycan üçün sərfəli olan şərtlərlə danışıqlar prosesinə başlamağa məcbur edirdi. Azərbaycan Ordusu milli vahidliyin bəhrəsini görür, bu birlik daha da möhkəmlənir, Azərbaycan əsgəri qürur və məmnunluq hissləri yaşayırdı.
İşğalçı Ermənistan uzun illər ərzində işğal olunmuş ərazilərdə istehkamlar, səngərlər yaradaraq məlumatları gizli saxlayaraq, hücum əməliyyatlarının həyata keçirilməsini daha da çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan Ordusu peşəkarlığı, hazırlığı, əzmkarlığı və mənəvi ruh yüksəkliyinə görə fərqlənirdi. Müasir müharibənin taleyi qədim zamanlardakı kimi döyüşdə iştirak edən adamların sayı ilə deyil, əsgər və zabitlərin döyüş hazırlığı, müasir texnika, silahlara malikolma və onlardan istifadə etmək bacarığı ilə müəyyən edilirdi.
Hərbi terminologiyada “hərbi əməliyyatlar teatrı” deyilən bir ifadə var. Bu, “teatr” sözü ilə assosiasiya olunmur. Bu teatrda heç kim və heç nə oynamır, burada hamı döyüşür, yaralananlar və ölənlər olur. Hərbi əməliyyatlar teatrını elmi dildə qısaca, orduların yerləşdiyi və qarşı-qarşıya durub döyüş əməliyyatları apardıqları ərazi kimi müəyyən etmək olar. Bu teatrın öyrənilməsi hərb elminin bütöv bir sahəsidir. İlk vaxtlar bu elm ərazinin coğrafi xüsusiyyətləri və onların hərbi əməliyyatlara təsiri ilə məşğul olurdu. Sonradan buraya siyasi və iqtisadi amillər də əlavə olundu. Aviasiyanın yaranması ilə hava məkanının da hərbi əməliyyatlara təsiri öyrənilməyə başladı. Hazırda raketlər, dronlar artıq kosmik fəzanın öyrənilməsini tələb edir.
Ordunun əsgərləri üçün silahdan əlavə, onların cəhdlərini gücləndirən, fəallıqlarını yüksəldən və onları nəzərdə tutulan məqsədə aparan mənəvi stimullar da zəruridir. Ali Baş Komandan İlham Əliyev müharibə döyüşçülərinin igidlik və mərdliklərini yüksək qiymətləndirir, onlara olan inamından güc və qüvvət alırdı.
Çünki vətənini, torpağını böyük məhəbbətlə sevən, işğal altında olarkən dağıdılmış şəhər və kəndlərin vəziyyətinə görə düşmənə dərin nifrət bəsləyən sadə Azərbaycan əsgər və zabiti tarix yazırdı. Onlar özlərinin Vətən, xalq qarşısında borclarını sadəcə yerinə yetirmir, həm də bu borcu cəsarətlə, mərdliklə, düşmənə ağır zərbələr endirməklə edirdilər.
Ölmək lazım gələndə isə onlar müdhiş ölümün üzünə mərdi-mərdanə, dik baxırdılar. Həlak olanların dostları isə döyüş yoldaşlarının həlak olmasından kədərlənərək, döyüşü daha da qəhrəmanlıqla davam etdirir, öz borclarını mərdliklə yerinə yetirirdilər.
Döyüşün Vətən torpağının azad olunması ilə nəticələnməsi isə azadlıq mübarizlərinə yeni ruh, güc və təpər verdi.
Prezident İlham Əliyevin Vətən Müharibəsi günlərində nə qədər zəhmətə qatlaşdığı göz qabağında idi. Bu zəhmət çoxtərəfli fəaliyyəti əhatə edirdi. Lakin əsas və vacib olan o idi ki, onun zəhməti öz bəhrəsini verirdi. Müharibə günlərində onun fəaliyyəti çox geniş dairəni əhatə edirdi. Dinc vaxtda silahlı qüvvələrin hazırlığı, təchizatı, təlim prosesi, əsgər və zabitlərin yaşayış şəraiti ilə bağlı, müharibənin gedişində isə ordudan düzgün istifadə olunması, hücum əməliyyatlarının hazırlanması və həyata keçirilməsi ilə bağlı bütün məsuliyyəti Ali Baş Komandan öz üzərinə götürür, Ordu rəhbərləri ilə birlikdə hərbi əməliyyatların uğurlu keçməsinə öz töhfə və dəstəyini verirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il mart ayının 15-də Qarabağ ərazisinə səfəri zamanı Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərindən söhbət açarkən deyirdi: “Dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar… Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür”.
44 günlük müharibə dövründə Azərbaycan ordusu Ermənistanın təxribatlarına yalnız adekvat cavab vermis, nəticədə beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan əraziləri azad etmişdi. Azərbaycan Ordusu yüksək səviyyəli döyüş bacarığını və potensialını nümayiş etdirərək Ermənistanı döyüş meydanında məğlub etmiş, onları işğal etdikləri torpaqlardan qaçmaq məcburiyyətində qoymuşdu.
Bu, hərb sənətinə yiyələnmənin, onun incəliklərindən məharətlə istifadə etmənin bariz nümunəsi, əyani təcəssümü idi.
Vəfaddin İbayev,
Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin
İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru

