“İkinci Dünya müharibəsi illərində Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlər də saxlanılıb, burada işgəncələrə məruz qalıb və qətlə yetirilib. Biz səfirlik olaraq, Zaksenhauzen Muzeyi ilə əlaqə yaratdıq, azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət etdik. Uzun müzakirələrdən sonra bu barədə razılıq əldə olundu və bu gün həm Azərbaycan, həm də alman dillərində xatirə lövhəsi açıldı”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev səfirlik tərəfindən Almaniyanın Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Xatirə lövhəsinin açılış mərasimində Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasına verdiyi töhfələrdən danışıldığını vurğulayan səfir qeyd edib: “700 min azərbaycanlı ön cəbhələrdə döyüşüb və onlardan 300 mini həlak olub. Eyni zamanda, 10 min azərbaycanlının müqavimət hərəkatında iştirak etdiyi vurğulandı”.
Nəsimi Ağayev Almaniyada yerləşən əsir düşərgələrində saxlanılmış azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək qeyd edib: “Ötən il Almaniyadakı Daxau əsir düşərgəsində də oxşar xatirə lövhəsi açılmışdı. Bu il isə bu iş Zaksenhauzen düşərgəsində davam etdirilir. Məqsədimiz Almaniyada yerləşən digər əsir düşərgələrində də bu cür xatirə lövhələrinin açılması, azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsidir. Bu il faşizm üzərində qələbənin 80 illiyi qeyd olunur. Müharibənin başa çatmasından 80 il keçsə də, azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi işi davam etdirilir. Bundan sonra Zaksenhauzen əsir düşərgəsinə gələn insanlar bu lövhəni görəcək və Azərbaycanın faşizmə qarşı mübarizəyə verdiyi töhfələrlə tanış olmaq imkanı əldə edəcəklər”, - deyə diplomat bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin