I məqalə
Türk dövlətləri və türk birliyi
Məsələnin qoyuluşu sizə qəribə gəlməsin. Son zamanlar türk birliyinə ilk olaraq məhz türk dövlətləri və cəmiyyətlərində bu məsələyə münasibətin necə olması prizmasından baxmağa ehtiyac yaranmışdır. Türk xalqlarının inkişafını istəməyənlər daha da fəallaşmış və təəssüf ki, onların təxribatçı və dərinlərdə olan düşmən davranışlarına türk cəmiyyətlərinin öz içindən dəstək verənlər tapılır. Üzdəniraq, bədnam “ziyalılar”, “jurnalistlər”, “analitiklər” yaşadıqları cəmiyyətin əleyhinə mövqe tutmağa çalışırlar. Bunun səbəbləri ayrıca mövzudur. Ümumi olaraq, hadisələrin gedişatı göstərir ki, türk cəmiyyətlərinə yad elementlər ya yerləşdiriliblər, ya da daxildə illərlə yetişdiriliblər.
İndi onlar hər bir türk dövlətində və cəmiyyətində türk dilində danışan, lakin təfəkkürü, düşüncəsi, niyyəti yad olan adamlardır. Müxtəlif sferalarda və şəbəkələrdə təşkilatlandırılıblar. Davamlı fəaliyyət göstərməyə və bu zaman əksər hallarda özlərini “əsl vətənpərvər”, “əsl türk”, “əsl müsəlman” kimi təqdim etməyə çalışırlar.
Reallıqdır ki, son bir neçə ildə Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda, Mərkəzi Asiyada və Türkiyədə Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı mövzular çox aktuallaşmışdır. Öncə, TDT-yə bir təşkilat kimi ciddi yanaşmaq istəməyən böyük güclər və onlarla yanaşı, ambisiyalı orta ranqlı ölkələr TDT-nin uğurlarını gördükdə tamamilə dəyişdilər.
Vurğuladığımız məqamların işığında hazırda türk dövlətlərinin özlərində belə müxtəlif üstüörtülü üsullarla antitürk və ayrıca anti-Türkiyə təbliğatı aparmağa çalışan KİV orqanlarına rast gəlinməsi düşündürücü görünür. Eyni vəziyyəti Türkiyə KİV-də anti-Azərbaycan və anti-Mərkəzi Asiya mövzularında görə bilərik. Onlar müxtəlif uydurma və şişirdilmiş informasiyaları fərqli kontekstlərdə təmsil etdikləri türk dövlətlərinin zərərinə manipulyasiya etməyə cəhdlər göstərirlər. Bu cəhdlərdə türk cəmiyyətləri və dövlətləri haqqında neqativ xarakterli informasiyaların yayılması, bütövlükdə türk dövlətlərinin hansısa böyük güclərdən, hətta orta ranqlı dövlətdən asılı olduğu və s. kimi cəfəng məlumatlar yayılır.
Bundan başqa, həmin dairələr türk cəmiyyətlərində yadların nümunə obrazını müxtəlif ibarələr və bəhanələrlə yaratmağa çalışırlar. Məsələn, bir qrup Amerikanın qüdrətindən, dünyanı idarə etməsindən, digərləri Rusiyanın “dünyanın yarısı olmasından”, dili və mədəniyyətinin tayı-bərabəri olmamasından, başqaları Qərbin (Böyük Britanya, Fransa, Almaniya və s.) möhtəşəmliyindən və “demokratiya”sından, bir başqaları dini məzhəbçilikdən dəm vururlar. Elələri var ki, “Çindən yoxdur” deyə bağırır, yəqin ki, bir azdan da “hind kinosu”nun möcüzələri müzakirə mövzusu olacaq.
Düşündürücüdür ki, bu kimi cəhdlər Azərbaycan və Türkiyənin daxili və xarici siyasətdə əldə etdikləri ciddi uğurların fonunda daha da şiddətlənir. Səbəb nədir? Onu hər kəs bilir. Buna görə də dərinlərə getmədən bir sıra məqamlara baxaq.
Səbəblər
Əlbəttə, dünyada hər bir xalqın, ölkənin, dövlətin özünəməxsus üstün cəhətləri və uğurları vardır. Türklər, o cümlədən azərbaycanlılar onların mədəniyyətinə, dövlətçiliyinə, uğurlarına pis baxmamış və hətta öyrənməyə çalışmışlar. Azərbaycanda bu, dövlət siyasəti və ideologiyası kimi rəsmi olaraq azərbaycançılıqda və multikulturalizmdə təsbit edilmişdir. Buna görə də türk toplumları həmişə başqa mədəniyyət nümunələrinə açıq olmuşlar. Onu tarix və indiki gerçəklik sübut edir.
Bundan başqa, bizim yad elementlərin türk cəmiyyətlərində (o cümlədən Azərbaycanda) hansısa üstünlük təşkil etdiyi və ya böyük imkanlara malik olduğu haqqında yanlış və əsassız təsəvvür yaratmaq fikrimiz yoxdur. Çünki tam əminik ki, belə bir hal yoxdur.
Ancaq indi regional və qlobal miqyaslarda müşahidə edilən geosiyasi, ideoloji, siyasi, texnoloji, kommunikativ və hərbi proseslər onu göstərir ki, vurğulanan halların dərin və obyektiv təhlili mütləq vacib məsələdir. İndi bu kimi halların qarşısı müstəqil dövlətçilik, əsl inkişaf və tərəqqi, cəmiyyətin birliyi xeyrinə alınmasa, iraq olsun, sonrakı mərhələ daha ağır ola bilər!
Deməli, ibrət dərsi götürməli, öyrənilməli və ciddi şəkildə reaksiya verilməlidir. Çünki onların hədəfləri birbaşa türk birliyi layihəsini iflasa uğratmaqla bağlıdır. Bu kimi hallara dövlət və cəmiyyət lazımi reaksiya verməsə, türk xalqlarının azad və suveren olmaları ciddi çətinliklərlə üzləşəcək!
Bütün bunlara rəğmən, həm Azərbaycanın tərəqqisi, həm də türk birliyinin gələcəyi ilə bağlı çox nikbinik! İzah etməyə çalışaq.
Azərbaycan möcüzəsi
Böyük Sabirin çoxsaylı sarkastik kəlamlarından birini improvizə etdik. Məqsəd ondan ibarətdir ki, artıq türk cəmiyyətləri son 300 ilin vurduğu geosiyasi, mədəni, mənəvi, əxlaqi, dövlət, ərazi zərbələrinin kökündə dayanan səbəbləri gözəl dərk etmiş durumdadırlar. Türk toplumları kimin dost olduğunu, kimin özünü döst kimi gəstərib, əslində düşmən olduğunu, hansı ideologiyanın bizə fayda verə biləcəyini yaxşı anlayırlar. Türklər həmişə zəki olmuşlar! Ona görə də cəmiyyətin böyük əksəriyyəti milli maraqlara uyğun hərəkət edir və fikir bildirir. Nümunələr.
Azərbaycan xalqı keçən əsrin son illiyində nə kəskin böhranlı dönəmində düzgün tarixi qərar verdi: Heydər Əliyevi hakimiyyətə dəvət etdi! Dəvətində israr etdi və milli marağının təmininə nail oldu. Bu qərar indi asan görünə bilər. Lakin o dönəmin canlı şahidləri kimi deyə bilərik ki, müxtəlif tərəflərdən təxribatçı təsirlər, anti-Azərbaycan addımlar olurdu (açıq deyək – Rusiyadan, ABŞ-dan, Avropadan, İrandan). Hətta cəmiyyətin daxilində müəyyən məhdud etnik qruplar antitürk təbliğatı aparırdılar. Xalq bütün bunlara nəinki sinə gərdi, hətta mütəşəkkil surətdə öz liderini siyasi olimpə çıxardı və xilas oldu! Bu, tarixdə hələ çox öyrəniləcək “Azərbaycan milli möcüzəsi”dir!
Özü də bunu elə bir xalq etmişdir ki, sovet dönəmində hər bir respublikadan çox təzyiqlərə, məhrumiyyətlərə, ədalətsizliyə, ərazi itkilərinə məruz qalmışdır. Sirr deyil ki, hər fürsətdə bizi aşağılayır, sivil yaşamağa haqqımızın olmadığı görüntüsü yaratmağa və daim ruslara, ermənilərə, gürcülərə və hər kəsə güzəşt etməli olduğumuzu beyinlərimizə yeritməyə çalışırdılar.
Bu kimi güclü və əhatəli təzyiqlər, sıxma-boğmalar içində yaşayan azrəbaycanlılar həm də uzun müddət soyqırımına, deportasiyalara, kütləvi qətliamlara məruz qalmışdılar. XVIII əsrin başlanğıcından XX əsrin 90-cı illərinə qədər ermənilərin əli ilə Qərb və Rusiya imperia dairələri bizi hansı mərhumiyyətlərə düçar etmədilər? Təsəvvür etmək belə tük ürpədir!
Yalnız kimliyini bilən, ləyaqətini daim gözləyən və mentalitetində azad olmağı hər şeydən üstün yerə qoyan bir ümmət bütün bu itkilərə tab gətirib, yenidən qəddini düzəldə bilərdi. Bu, Azərbaycan insanı və cəmiyyyəti oldu! Öz liderini tarixin ən həssas anında meydan çıxardı və qalib gəldi!
Xalq bununla kifayətlənmədi. Ulu öndərinə tam inanıb, onun siyasi varisinə səs verdi. Özünə məhz Heydər Əliyevin siyasi və liderlik varisini rəhbər seçdi! Müqəddəs dövlətini İlham Əliyevə etibar etdi.
2003-cü ildə bunu etmək asan idimi? Şahid kimi deyirik: çox çətin idi! Yenə də uydurmalar, təxribatlar, bizi aşağılayan hekayələr qondarmaq, düşməni tərifləyən alçaq hərəkətlər və s.
İndi mövcud olan real mənzərə göstərir ki, digər türk xalqları da böyük əksəriyyətlə müstəqil dövlətçiliyi seçdilər və hər biri öz imkanı daxilində bu yolda inamla irəliləyir! 2025-ci ildən baxanda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla yanaşı, Şimali Kipr Türk Respublikası və “avropalı türk” Macarıstan bir yerdə yeni Türk dünyası qururlar! Burada bir məqamı vurğulamaq yerinə düşərdi.
Macar möcüzəsi
Macarıstan Türk Dövlətləri Təşkilatında fəaliyyətini getdikcə gücləndirir və genişləndirir. Mayın 21-də Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi olaydır! Macarıstan rəhbərliyinin çox müxtəlif təzyiqlərə və təsirlərə baxmayaarq, hədə-qorxuları rədd edərək, Türk dünyası üçün etdikləri müsbət işləri bir kənara qoyub, bu il mayın 3-də Türkiyədəki bir tədbirdə macar nümayəndənin fikirlərini qısa vurğulayaq.
Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balazs Hendrich Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında demişdir ki, “bu zirvə də daxil olmaqla qarşıdakı görüşlər ortaq gələcəyi formalaşdırmaq və yeni təşəbbüslərə start vermək baxımından həlledici rol oynayacaq”.
Fikirlərinə davam edərək vurğulamışdır: “Macarıstanın bu proseslərdə fəal iştirakı, eyni zamanda, məsuliyyətli imkan kimi dəyərləndirilmişdir. Səylərimizi TDT-nin strategiyaları ilə uyğunlaşdıraraq bölgələr arasında azad ticarət və investisiyanı təşviq edə, innovasiya və rəqəmsal tərəfdaşlıqları inkişaf etdirə, daha yaxşı gələcək üçün dayanıqlı yaşıl siyasətləri irəli apara, mədəni və mənəvi bağlarımızı möhkəmləndirə bilərik”.
Nəhayət, macar rəsmisi TDT-nin təşkilat kimi əsl mahiyyətini yığcam ifadə etmişdir: “TDT, sadəcə olaraq, bir ittifaq deyil. Bu, tarix, dil və ortaq dəyərlərlə birləşən xalqlar ailəsidir. Birliyimiz müxtəlifliyimizi aradan qaldırmır, əksinə, onu ortaq tərəqqi naminə dəyərləndirir. Macarıstan bu ortaq yolun bir hissəsi olmaqdan qürur duyur”.
Heç şübhəsiz, bu fikirlər Azərbaycan Prezidentinin Türk Dünyası və TDT ilə bağlı irəli sürdüyü tezislərdən yaranmışdır. Məsələnin bə tərəfi üzərində növbəti məqalələrdə siyasi-nəzəri və geosiyasi kontekstdə geniş dayancağıq. İndi bir özəlliyi vurğulayaq.
Azərbaycanın dövlət başçısı İlham Əliyevdən sonra Balazs Hendrichin ifadə etdiyi fikirlər qlobal geosiyasi kontekstdə TDT-nin real və dərin mahiyyətini, onun strateji məqsədlərini və onlara nail olmaq üçün reallaşdırdığı fəaliyyət mexanizmlərini, prinsipilərini dərindən açır.
Bunun təməlində isə Azərbaycanın daha bir tarixi uğuru dayanır. Bu aspektə baxaq.
Azərbaycanın möhtəşəm uğuru
Azərbaycan Avrasiya tarixində elə bir geosiyasi dönüş etmişdir ki, müəyyən beynəlxalq dairələr hələ də onu həzm etmək istəmirlər. II Qarabağ müharibəsində əldə edilən Qələbə bütün dünyanın geosiyasi dinamikasına təsir etdi. Sözün həqiqi mənasında, Qafqazda “Azərbaycan əsri” başladı. Buna çox tərəfdən əks-reaksiya oldu və o, davam edir. Qərbdən əvvəlcə gizli sonra açıq etirazlar eşidildi. Müxətlif bəhanələr gətirdilər – “insan haqları”, “dinc ermənilərin qovulması”, “Azərbaycan Ordusunun terror törətməsi” və digər sərsəmləmələr. Bunlar keçmədi.
O halda başladılar ki, guya, Azərbaycan Ermənistana hücum edib, ərazisini işğal edəcək. Çox dəridən-qabıqdan çıxdılar. Hətta İran da bir ara qərblilərə qoşuldu. Rusiya adəti üzrə əməldə bir cür, sözdə başqa cür olmaqda davam etdi. Bu qənaətimiz mülki təyyarəmizin vurulması və hələ ondan bir neçə il öncə Xəzər üzərində hərbi təyyarəmizin məhv edilməsi, Rusiya KİV-də hər hansı bəhanə ilə vay-şivən qoparması, böhtanlar atılması və s. əsasında indi yaranmışdır. Son iki ildə bunlara uzaq Hindistan da qoşulmuşdur. Bu da keçmədi. Əsas olaraq Azərbaycan və Türkiyə cavablarını verdilər.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru