Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin birinci, ikinci, altıncı (birinci halda) və yeddinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin dördüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;

1.4. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-1.1.3-cü və 25-1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 25-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti (vəsaitin bölgüsünə münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.6. həmin Qanunun 25-1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.2. bu Fərmanın 1.5-ci və 5.3-cü bəndləri nəzərə alınmaqla, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-1.3-cü maddəsinə uyğun olaraq, ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“2.1-1. həmin Qanunun 11-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

3.2. aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin altıncı cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

3.3. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin birinci, ikinci, altıncı (birinci halda) və yeddinci cümlələrində, 5-ci maddəsinin birinci və yeddinci hissələrində, 6-cı maddəsinin adında və mətnində, 8-ci maddəsinin birinci hissəsinin on altıncı abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”;

3.4. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin dördüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;”;

3.5. 2.4-cü bənddən “, 12-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarılsın;

3.6. 2.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.6-cı bənd ləğv edilsin.

4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I); 2025, № 6, maddə 544) 2.5-ci bəndi ləğv edilsin.

5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I); 2024, № 5 (I kitab), maddə 523, № 12 (II kitab), maddə 1358) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bənddə birinci halda “maddəsində” sözü “, 25-1.1.3-cü, 25-1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 2.1-2-ci və 2.5-1-ci bəndlər əlavə edilsin:

“2.1-2. həmin Qanunun 25-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti (vəsaitin bölgüsünə münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.5-1. həmin Qanunun 25-1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

5.3. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

“2.11. həmin Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı kimi bölüşdürülür:

2.11.1. 60 faizi dövlət büdcəsinə köçürülməklə həmin vəsait tam həcmdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;

2.11.2. bu Fərmanın 2.11.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsi həmin Qanunun 25-1.2.1-ci, 25-1.2.3–25-1.2.6-cı maddələrində nəzərdə tutulan məqsədlərə sərf edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülür.”.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.10-cu bəndində “vəzifəsinə” sözü “və icra məmuru vəzifələrinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2025-ci il

Fərmanlar