Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

post-img

Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub, yeni kritik dönüş nöqtəsindədir. Beynəlxalq vəziyyətdəki dərin dəyişikliklər siyasi partiyaların, siyasətçilərin ictimai rəyin aparıcısı kimi çətinlikləri aradan qaldırmaq, böhranları fürsətə çevirmək, təlatüm və transformasiya şəraitində islahatlar və yeniliklər həyata keçirmək missiyasını və məsuliyyətini daha da gücləndirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.

Səfir bildirib ki, hazırda süni intellekt kimi yeni texnologiyaların sürətli inkişafı elmi-texniki inqilabın və sənaye dəyişikliklərinin yeni mərhələsinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Süni intellekt insanların həyatında və istehsalda misli görünməmiş imkanlar açır, qlobal idarəçilikdə yeni mühüm mövzu kimi siyasi partiyaların və hökumətlərin diqqətini cəlb edir. Çin hər zaman süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olub. Məqsəd bu texnologiyaların bütün bəşəriyyətin rifahına xidmət göstərməsini təmin etmək və süni intellektin “zənginlərin və güclü ölkələrin oyuncağı”na çevrilməsinin qarşısını almaqdır.

Səfir qeyd edib ki, Çin ilə Azərbaycan dost və etibarlı tərəfdaş ölkələrdir. Diplomatik əlaqələrin qurulmasından keçən 33 il ərzində ikitərəfli münasibətlərin sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayan Lu Mey müxtəlif sahələrdə əməkdaşlığın məhsuldar nəticələr verdiyini də deyib. Onun sözlərinə görə, son illərdə isə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyevin şəxsi diqqəti və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olub.

“Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə uğurlu dövlət səfəri baş tutdu və Sədr Si Cinpin ilə Prezident İlham Əliyev ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzaladılar. Bu sənədlə müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün vacib razılaşmalar əldə olundu və bu, ikitərəfli münasibətlərdə yeni bir tarixi mərhələnin başlanğıcını qoydu”, - deyən səfir bildirib ki, siyasi partiyalararası münasibətlər Çin-Azərbaycan əlaqələrinin mühüm tərkib hissəsidir. Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə institusional əməkdaşlığa böyük əhəmiyyət verir: “Partiyalar arasında münasibətlər formalaşan dövrdən həm Çin Kommunist Partiyası, həm də Yeni Azərbaycan Partiyası ölkə liderlərinin mühüm konsensusunun həyata keçirilməsində daim irəliləyiş əldə ediblər və Çin-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr veriblər. Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə siyasi dialoqu, strateji əlaqələri gücləndirməyə, müxtəlif səviyyələrdə təmasların artmasını dəstəkləməyə, partiyalar arasında müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq haqqında anlaşma memorandumunu həyata keçirməyə, əməkdaşlığı dərinləşdirməyə və Çin-Azərbaycan əlaqələrinin inkişafına töhfə verməyə hazırdır”.

Siyasət