Bu gün Korsika Fransanın “bütövlüyü” içində susdurulmuş, amma heç vaxt tabe olmayan bir xalqın yaşadığı adadır. Korsikalıların “Biz azadlıq istəyirik” çağırışı Parisin eşitmək istəmədiyi səsdir. Bu səbəbdən Korsika məsələsi təkcə bir regionun deyil, Avropa demokratiyasının vicdan məsələsinə çevrilib.
Onu qeyd edək ki, Korsika heç vaxt Fransa ilə könüllü birləşməyib. 1769-cu ildə Fransa tərəfindən işğal edilən bu ada, o gündən bugünədək həm fiziki, həm də mənəvi cəhətdən müstəmləkə statusunda qalıb. Halbuki, işğaldan əvvəl Korsika öz konstitusiyasını qəbul etmiş, özünüidarə prinsiplərinə əsaslanan cəmiyyət qurmuşdu. O vaxtan çox illər keçib, vəziyyət tamamilə dəyişib. Hazırda rəsmi Paris korsikalılara qarşı sistemli assimilyasiya siyasəti həyata keçirir. Yerli dil qadağan edilib, təhsil və mədəniyyət sahələrində mərkəzləşdirilmiş idarəetmə tətbiq edilir, Korsika liderləri təqibə məruz qalırlar.
Korsikalıların mədəni hüquqlarını tələb etməsi “separatizm” adlandırılır. Muxtariyyətə dair istənilən siyasi təşəbbüs “vahid dövlət” ideologiyası ilə əzilir. İnsanlar ana dilində danışdığı üçün işdən çıxarılır, milli simvollar qadağan edilir. Bütün bunlar “demokratik Fransa”nın vitrinin arxasında gizlətdiyi həqiqətlərdir. Adanın adından qərarları Parisdən göndərilən təlimatlar verir. Yəni, korsikalılar tamamilə hüquqsuz vəziyyətdədirlər, göz-görə assimilyasiyaya məruz qalırlar. Əgər bu cür siyasət başqa bir ölkədə baş versəydi, Fransa diplomatik bəyanatlar verərək insan haqları təşkilatlarına çağırış edərək, beynəlxalq aləmi hərəkətə gətirməyə çalışardı. Amma korsikalıların azadlıq tələbini boğur.
Ən dəhşətlisi odur ki, Fransa özünü Korsikanı “tərbiyə etməli olan güc” kimi aparır. Bu da müstəmləkə yanaşmanın yeni formasıdır: zorla birliyi təmin etmək, fərqliliyi təhlükə kimi görmək və mərkəzdən idarəetməni yeganə çıxış yolu saymaq. Bunu Paris konstitusiya ilə əsaslandırır: “La République est une et indivisible” (“Respublika vahiddir və bölünməzdir”).
***
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüsalə Yıldırım XQ-yə açıqlamasında dedi ki, Fransa uzun illərdir özünü demokratiyanın, insan haqlarının və azadlıqların müdafiəçisi kimi təqdim edir: “Amma daxili və xarici siyasətində bu iddialar tez-tez ikili standartlara çevrilir. Fransa uzun illərdir ki, Korsika xalqının dilini, mədəniyyətini, kimliyini tanımaq və qorumaq əvəzinə, onları susdurmağa çalışır. Halbuki, korsikalılar “azadlıq” deyərkən yalnız müstəqillik istəmir – onlar öz mədəniyyətlərinə hörmət, təhsildə və idarəetmədə ana dillərinin tanınması, Parisin mərkəzləşmiş idarəetmə siyasətinə qarşı real muxtariyyət tələb edirlər. Bu isə bir demokratik dövlətin təmin etməli olduğu əsas hüquqlardır. Amma Fransa bu çağırışlara qulaq vermək əvəzinə, onları görməzdən gəlir, mediada işıqlandırmır, siyasi dairələrdə isə məsələni daim təxirə salırlar. Fəqət, korsikalılar nə qədər susdurulsa da, bu səs getdikcə daha güclü və daha israrlı şəkildə eşidilir. Hazırda Korsikada baş qaldıran mədəni və siyasi mübarizə sivil yollarla, demokratik çərçivədə davam edir. Lakin əgər Paris bu sivil çağırışa cavab verməzsə, mülayim hərəkatın radikallaşması ehtimalı istisna edilmir”.
Deputat əlavə etdi ki, bütün bunların fonunda Fransanın Cənubi Qafqazdakı siyasəti ikrah doğurur: “Ermənistana verilən aşkar dəstək beynəlxalq hüququn və dövlət suverenliyinin tam şəkildə tapdanması deməkdir. Yaxın keçmişdə separatçıların qondarma liderinin Fransaya dəvət edilməsi, dövlət kanalına “prezident” kimi çıxarılması ikiüzlülüyün kulminasiya nöqtəsi idi. Fransa Ermənistana təkcə media dəstəyi ilə kifayətlənmədi. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsindən sonra bu ölkə Azərbaycanın daxili işlərinə qarışaraq, Qarabağ ermənilərinə muxtariyyət verilməsini tələb etdi. Halbuki Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində təmin etmişdi və bu məsələdə heç bir xarici müdaxiləyə haqq verilmir. Fransa isə beynəlxalq hüquqa əsaslanan prinsipləri Korsikaya şamil etməkdən çəkinir.
Əgər Paris doğrudan da azadlıq, demokratiya və xalqların hüquqlarının müdafiəsini iddia edirsə, niyə bu prinsiplər Korsika üçün keçərli deyil? Niyə Korsika xalqının mədəni muxtariyyət tələbləri terrorizm kimi damğalanır, lakin Cənubi Qafqazdakı silahlı separatçılara “öz müqəddəratını təyinetmə hüququ” adı altında dəstək verilir? Bu, Parisin beynəlxalq siyasətdə prinsiplər yox, maraqlar əsasında hərəkət etdiyini göstərir”.
***
Korsika isə susmur. Azadlıq ideyasına bağlı siyasi partiyalar, xüsusən FLNC (Korsika Milli Azadlıq Cəbhəsi) illərlə həm siyasi mübarizə, həm də silahlı müqavimət yolu ilə öz tələblərini gündəmə gətirirlər. 2024-cü ilin yanvarında Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni bir "Nazione" hərəkatını təsis edildi. Bu mübarizənin kökündə əsrlərlə boğulan mədəni irs, Parisin ikili standartları və Korsika xalqının özünü ifadə etmək imkanlarından məhrum olması dayanır. Məhz bu səbəbdən korsikalıların mübarizəsi təkcə etnik və ya coğrafi deyil, həm də siyasi və ideoloji xarakter daşıyır. Bəli, onlar öz haqlarını tələb edirlər. Bu tələb nə radikallıqdır, nə də təhlükə. Bu, insanın təməl haqqıdır – özünü tanımaq, öz dilində danışmaq, öz mədəniyyətini yaşatmaq. Korsikalılar deyir: “Biz buradayıq, biz varıq, bizim də öz dilimiz, hekayəmiz var”.
Bu mübarizəni susdurmaq mümkün deyil. Korsikalıların azadlıq tələbi separatizm deyil. Bu, kimlik uğrunda haqq və ədalət tələbidir. Onlar öz dillərində danışmaq, uşaqlarına öz tarixlərini öyrətmək, torpaqlarının taleyi barədə qərar vermək istəyirlər. Onlar, sadəcə, xalq kimi tanınmaq və yaşamaq istəyirlər. Bu istək isə amansızcasına susdurulur.
Fransa hökuməti 2022-ci ildə millətçi Korsika lideri İvon Kolonanı həbsxanada döyülərək öldürülməsi ilə başlayan iğtişaşlardan sonra belə, adaya qarşı siyasətini dəyişmədi. Bu hadisə yalnız bir şəxsə qarşı hücum deyil, bütöv xalqın öz siyasi liderlərinin Paris tərəfindən nə qədər “dəyərsiz” sayıldığının simvolik göstəricisi idi. Kolona illərdir Korsikanın müstəqilliyi uğrunda mübarizə aparırdı. Onun həbsxanada ölümündən sonra Korsikada küçələr doldu, gənclər səsini ucaltdı, “azadlıq” çağırışları yenidən yüksəldi.
Bəs Paris bu etirazlara necə cavab verdi? Ənənəvi olaraq – susqunluq və polis zorakılığı ilə. İctimai etirazlar zamanı onlarca insan saxlanıldı, mitinqlər dağıdıldı, mətbuat susduruldu. Fransa hökuməti dialoq yolunu seçmək əvəzinə, muxtariyyət tələbini “təhlükəli populizm” adlandırdı. Halbuki bu çağırışlar demokratiya çərçivəsində, dinc və hüquqi yollarla irəli sürülürdü. Hətta Korsika regional məclisi bir neçə dəfə Parisə rəsmi şəkildə muxtariyyət danışıqlarına başlamağı təklif etsə də, mərkəzi hökumət bu təkliflərə ya cavab vermədi, ya da vaxtsız və nəticəsiz “komissiyalar”la vəziyyəti uzatmağa çalışdı.
Hazırda Emanuel Makronun tərəfdarları iddia edirlər ki, Korsika yalnız ölkənin xaricdəki əraziləri ilə eyni statusa sahib olacaq. Məsələn, buna oxşar hərəkatların olduğu Yeni Kaledoniya kimi. Korsikalıların muxtariyyət və doğma dildən istifadə tələblərini Makron “yolverilməz, əsassız və qanunsuz tələblər” adlandırır.
Bəli, Korsika bu gün öz haqq səsini ucaldır. Onun bu səsinə Bakı Təşəbbüs Qrupu dəfələrlə həm Azərbaycanda keçirdiyi tədbirlərlə, həm də beynəlxalq platdformalarda daim dəstək verib. Onların azadlıq çağırışı təkcə siyasi şüar deyil, tarixi ədalət tələbidir. Bu, həm də demokratik hüquqdur. Fransa bu çağırışı dinləməlidir. Çünki bu çağırışa qulaq tutmamaq, əslində, Avropanın öz demokratik mahiyyətindən imtina etməsi deməkdir.
Pünhan ƏFƏNDİYEV
XQ