II Qaregin və ətrafı baş nazirin açıq təhqir hədəfidir
Dünya bir-birinə qarışıb, Ermənistanın baş naziri Nikol Paşinyanın isə öz balaca dünyası var. O, yenə ölkəsindəki dini strukturun təmsilçilərini təhqir edib. Ancaq belə görünür, baş nazirin anti-kilsə ritorikasındakı qəzəb və hiddət heç də İran-İsrail müharibəsində tərəflərin bir-birinə bəslədiyi kin və küdurətdən əskik deyil. Çünki Paşinyan dayanmaq bilmir. Çox güman, mübarizəni başa çatdırmaqda israrlıdır. Mübarizənin konkret məqsədini və nəyə kökləndiyini isə ən sonda açıqlayacağıq.
Əslində, Nikol prinsip etibarilə başqa söz demir, əvvəl bildirdiklərini təkrarlayır. Daha doğrusu, bildirdiklərinə obrazlı təqdimat tonu qatır. Onun dediyi budur ki, din xadimi subaylıq andını pozmamalıdır. Obrazlı təqdimata gəldikdə, baş nazir dünənki sosial şəbəkə paylaşımında subay keşişin diz çökərək and içdiyinə dair internetdən götürdüyü videogörüntünü paylaşıb, həmçinin yazılı mətndə hər bir keşişin Erməni Apostol Müqəddəs Kilsəsinə, Eçmiədzinə və erməni xalqına iman və sədaqətlə xidmət etməyə and içdiyini xatırladıb. Lakin Paşinyanın, belə demək mümkünsə, and sıralaması bununla bimir: “İkincisi – bizə pravoslav atalar tərəfindən ötürülmüş iman təlimini qorumağa və onu kilsəmizin ənənəvi inancı əsasında qoruyub təbliğ etməyə. Üçüncüsü – ömrünün sonuna qədər Əsas Taxt Müqəddəs Eçmiədzin keşişi olaraq qalmağa, patriarxal təmkin, dini ayıqlıq və itaət qaydalarına riayət etməyə, nəfsindən imtinaya və müqəddəs atalar tərəfindən müəyyənləşdirilmiş qaydalara tabe olmağa. Dördüncüsü – saleh həyat tərzi sürməyə və nümunəvi davranış nümayiş etdirməyə, kilsə ibadətlərini sədaqətlə, keşiş andı qaydalarını tam itaətlə yerinə yetirməyə, daim mənəvi inkişaf yolunda çalışmağa və bacarığı çatdığı qədər elmi, ədəbi və maarifçi fəaliyyətə həsr olunmağa. Beşincisi – bütün ermənilərin katolikosunun əmrlərinə tabe olmağa, vəzifəri sevgi və səylə icra etməyə”.
Əlbəttə, Nikolun sadaladıqları erməni ruhaniliyinə tamamilə zidd mənəvi dəyərlərdir. Çünki erməni kilsəsi din adına rəzalət olan qurumdur. Tarixən də belə olub. Paşinyan isə mütərəqqi keyfiyyətləri sıralamaqla, əslində, kilsənin bütün mütərəqqiliklərdən məhrum durumda olmasının subliminal mesajını verir, daha sonra mətləbə gələrək bildirir ki, subaylıq andının pozulması subay keşişin kilsədən kənarlaşdırılması üçün mütləq və dəyişməz əsasdır. Ən başlıcası: “Subaylıq andının pozulmasının hər kəsə bəlli olduğu, amma heç kimin bu barədə danışmadığı vəziyyət Erməni Apostol Müqəddəs Kilsəsinin təməlini sarsıtmağa aparan birbaşa yoldur”.
Bəli, Paşinyan bu fikrə bənzər fikri özünün bir müddət əvvəl başlatdığı anti-kilsə ritorikasında dilə gətirib. Aydındır ki, Paşinyanın hədəfi Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu adlandırılan II Qaregindir. Ancaq Nikol əvvəlcə məsələni bir qədər yumşaq qoymuş, görünür, öz aləmində abır gözləmiş və şans vermişdi ki, bəlkə II Qaregin özxoşuna postunu tərk edər. Onun iyunun əvvəlində bölüşdüyü aşağıdakı fikirlər də qənaətimizin təsdiqidir: “Görəsən, yepiskoplardan neçəsi özünün bakirlik andına sadiqdir?, Məlum olsa ki, bakirlik andı içmiş bir ruhani bu andı pozub, onda nə baş verəcək? O, vəzifəsindən, rütbəsindən və ruhani libasından məhrum edilir. Bəs mənəvi baxımdan hansı daha dürüstdür: könüllü istefa vermək, yoxsa düşüncələr girdabına düşmək - görəsən istintaq olacaqmı, görəsən həqiqət üzə çıxacaqmı?, Heç kimin şəxsi həyatı başqa birinin işi deyil. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə sahib olmağa haqqı var”.
Lakin II Qaregin, necə deyərlər, üzüsulu getməyi yox, həyasızlığı üstün tutdu. Elə buna görə də Paşinyan məsələni konkretləşdirmək qərarına gəldi: “Mən Erməni Apostol Kilsəsinin davamçısı kimi bu məsələni qaldırıram. Mənəvi təhlükəsizlik durumunu görürəm. Bunu Ermənistan Respublikasının baş naziri kimi də deyirəm. Çünki dövlət təhlükəsizliyi məsələsi də var. Müqəddəs Eçmiədzin vəziyyətlə bağlı öz mövqeyini aydınlaşdırmalıdır”.
Yəni, Eçmiədzin deməlidir ki, II Qaregin övlad sahibidir, ya yox? Yaxud övlad sahibidirsə, postunda qalması mümkündürmü? Ancaq Eçmiədzin bu kimi suallar qarşısında susur, üstəlik, iqtidar əleyhinə kampaniyanı genişləndirir. Bəli, Nikol II Qareginin qanunsuz övlad sahibi olmasından söz açır, ancaq elə təsəvvür var ki, kimlərsə məsələni ört-basdır etməkdə israrlıdır. Bunun üçün müxtəlif tezislər uydurulur. Guya, Paşinyan Azərbaycanın və Türkiyənin sifarişini yerinə yetirirmiş, Ermənistanın dövlət əsaslarını parçalamaq niyyətində imiş və sair ilaxır.
Ümumən, Ermənistanda mayın sonu - iyun ayının əvvəlindən indiyədək baş verənlər göstərir ki, ruhanilik ölkə müxalifəti – revanşist və şovinist kəsimlə birləşərək anti-Paşinyan tezislərini sıralamaqla məşğuldur. Buna görə də Nikol, loru dildə desək, kilsəyə “ilişməyindən” qalmır. Digər tərəfdən, “ilişmək” üçün əsaslar da var. Əlbəttə, əsasların özü də Paşinyan iqtidarının anti-kilsə ritorikasının mövcudluğuna görə “tapılıb”. Bu ritorika isə Nikol hakimiyyət kreslosunda əyləşdiyi andan özünü göstərməkdədir.
Məsələ ondadır ki, Paşinyana məxsus düşərgənin təmsilçiləri həmişə kilsəni keçmişin qalığı qiyafəsində biliblər. Baş nazir və tərəfdarlarının düşüncəsinə görə, 2018-ci ildə inqilab edib hakimiyyəti deviriblər, ancaq əvvəlki iqtidarın mənəvi istinadgah yeri olan kilsəyə bata bilməyiblər. Durum, həqiqətən, belədir. Çünki 2018-ci ildən bu yana, müxtəlif vaxtlarda, erməni hakim düşərgəsinin II Qaregini taxtdan uzaqlaşdırmaq niyyətlərini görmüşük. Üstəlik, necə deyərlər, məqsəd vasitəyə bəraət qazandırıb. Vasitə isə kilsə daxilindəki eybəcərliklərin ictimaiyyətə tam şəkildə açıqlanması, ona münasibətdə ikrah hissinin formalaşdırılması olub.
Qeyd edək ki, Paşinyana yaxın jurnalist və blogerlər əvvəllər II Qaregini əxlaqsızlıqda, hətta uşaqbazlıq kimi iyrənc əməldə də ittiham edib, bu kimi məqamları qabardıblar. İlk baxışdan, deyilənlər şayiə və dedi-qodu xarakteri daşısa da, getdikcə belə fikirlər erməni ictimai rəyində də möhkəmlənib. Əlbəttə, söhbət ümumən kilsədən getdiyi üçün məsələni susqunluqla qarşılayanlar çox olub. Ancaq indi Ermənistanda elə vəziyyət yaranıb ki, susanlar da dilə gəlməlidirlər.
Tam əminliklə deyə bilərik ki, susmağın yolverilməzliyini təşviq və təlqin edən Paşinyan və komandasıdır. Baş nazirin özü isə kampaniyanın başında dayanır. Nikol II Qaregin və kilsə haqqındakı dedi-qoduların reallıq və həqiqətlə uzlaşdığını bildirir. Nəinki bildirir, həm də aləmə car çəkir. Onun dünənki sosial şəbəkə paylaşımı bunu söyləməyə əsas verir: “Düzünü desəm, uzun müddət söz-söhbətlərə, dedi-qodulara inanmırdım. Lakin indi bu faktı dəqiq və açıq şəkildə bildiyim vaxtda susmağım müqəddəsliyə təhqir və kilsəmizin əsaslarını sarsıdanlara yardım etmək deməkdir. Salehlik andını pozanlar – Ktritç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı - red) və Samvel Xaçatryan (baş yepiskop Arşak Xaçatryan nəzərdə tutulur - red) – artıq faktlarla sübut olunmuş hallarda Erməni Apostol Müqəddəs Kilsəsinin müqəddəs dəyərlərinə murdar əlləri ilə toxunmaq haqqına malik deyillər və Əsas Taxt Müqəddəs Eçmiədzini tərk etməlidirlər. Mən indi bu mətnə kilsə qanununun konkret maddələrini əlavə etməyəcəyəm. Ancaq yaxın gələcəkdə məsələyə ətraflı şəkildə toxunacağam”.
Göründüyü kimi, Paşinyan anti-kilsə ritorikasında israrlı və ardıcıldır, hətta durumu dramatikləşdirməkdən, daha doğrusu, çirkinləşdirməkdən belə çəkinmir. Onun fikrincə, ən böyük eybəcərliyə yol verən II Qaregin və tərəfdarlarıdır. Diqqət yetirdinizsə, Nikol paylaşımında həm II Qareginin, həm də baş yepiskopun dünyəvi adlarını qeyd edir. Yəni, ruhaniləri aşağılayıb müqəddəslikdən çıxarır. Üstəlik, Paşinyan hədə-qorxu gəlir və kilsəyə qarşı mübarizəsinin davamlı xarakter daşıyacağının növbəti anonsunu verir. Belə görünür, bu xəmir hələ çox su aparacaq.
Əvvəldə haqqında söz açdığımız məqsədə gəlincə, nəzərə alaq ki, qarşıda Ermənistanda 2026-cı ilin parlament seçkiləri var. Şübhəsiz, II Qaregin və ətrafı erməni müxalifəti ilə birgə ölkə iqtidarının başlıca rəqibidir. Ona görə də onun timsalında ruhaniliyi sıradan çıxarmaq Paşinyan və komandasının ilk seçki vəzifəsidir. Əslində, Nikol dünənki sosial şəbəkə paylaşımı ilə bu vəzifənin prioritet olduğunu yenidən açıqladı.
Ə.CAHANGİROĞLU
XQ