Fransa Karapetyana qarşı ikinci cəbhə açdı

post-img

İttihamlar təsdiqlənərsə, oliqarxın “Mavi sahil”dəki 120 milyon avroluq villası müsadirə ediləcək

Ermənistanda həbs edilmiş rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, eyni zamanda, “Taşir” xeyriyyə fondunun rəhbəri Samvel Karapetyan özünün vəkillik qrupu vasitəsilə bəyanat yayıb. Bəyanatda Nikol Paşinyan iqtidarının ünvanına tənqidlər yağdırılıb. Hökumətin heç bir sahədə ciddi uğura nail ola bilmədiyi vurğulanıb.

Karapetyan qeyd edib ki, onun həbsi ilə bağlı qərarın verildiyi gün həyatının ən maraqlı günlərindən biri olub: “Hansı səbəbdən belə düşündüyümü izah edəcəyəm. Məhkəmənin mənim həbs olunmağımla bağlı qərarını elan etməsindən dərhal sonra, əslində, mənə qarşı absurd ittiham irəli sürməyə məcbur edilən müstəntiqin həyəcanını öz gözlərimlə gördüm. Təcrübəli prokurorun bütün məhkəmə prosesi boyunca ruh düşkünlüyü, ümidsizlik və məyusluq içində olduğuna şahidlik etdim. Və nəhayət, mən istintaq və ittiham tərəfinin qanunsuz ittihamını, əsassız arqumentlərini, deyəsən, təəccüblə, bəzən isə nifrətlə dinləyən, bununla da qərəzsizlik və müstəqillik illüziyası yaratmağa çalışan sınmış hakimin davranışını müşahidə etdim. Lakin 4 saat müşavirə otağında qaldıqdan sonra o, asılılığını və gücsüzlüyünü nümayiş etdirdi. Amma eybi yoxdur – tezliklə məhkəmələr müstəqil olacaqlar. Biz mübarizə aparacağıq”.

İş adamının həbsinə Ermənistandan, Rusiyadan və dünyanın digər yerlərindən, o cümlədən erməni diasporunun güclü olduğu Amerikadan da çoxsaylı reaksiyalar verilib. ABŞ-dakı erməni diasporunun tanınmış nümayəndəsi, “California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan bildrib ki, Ermənistan baş nazirinin Erməni Apostol Kilsəsinin (EAK) işlərinə qarışmaq hüququ yoxdur və o, diktator kimi hərəkət edir. İş adamının həbsini “RİA Novosti”yə şərh edən baş redaktor deyib: “Onun (Paşinyanın) kilsənin işlərinə qarışmaq hüququ yoxdur, çünki Ermənistan konstitusiyasına görə, kilsə dövlətdən ayrıdır”. Sasunyanın fikrincə, baş nazir kilsədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır və bütün ermənilərin katolikosu II Qaregini daha asılı fiqurla əvəzləmək istəyir: “Kilsənin ruhanilərlə problemləri necə həll etməklə bağlı 1700 illik ənənəsi var. Bu, baş nazirin məşğul olacağı iş deyil”.

Ancaq N.Paşinyanın yaxın ətrafına daxil olan şəxslər bu ittihamları qəbul etmir və S.Karapetyanla bağlı atılan addımların qanunlara və hüquqa uyğun olduğunu bildirirlər. Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan S.Karapetyanın təhdidlər səsləndirdiyini və bu səbəbdən onun barəsində cinayət işinin başlanmasına qərar verildiyini bildirib: “Mən qətiyyən bu məsələyə hüquqi qiymət verməyə hazırlaşmıram. Lakin başqa ölkədə həyati maraqları olan şəxs gəlib hansısa siyasi situasiyada “bir qrup insan” ifadələri işlədərək müəyyən bəyanatlar verməyə başlayanda, siyasi alətlər işləməsə, problemi öz metodları ilə həll etməyə çalışacaqlarını bildirəndə, o, əslində, hədə-qorxu gəlmiş olur”.

***

Bu arada S.Karapetyanın İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdə Fransaya qarşı məhkəmə prosesi başlatdığı məlum olub. Məlumatı Rusiyanın “Kommersant” qəzeti yayıb. Ehtimal edilir ki, iddia iş adamının Fransanın Aralıq dənizi sahilində yerləşən məşhur Kot d'Azur (“Mavi sahil”) kurort rayonunda üzərinə həbs qoyulan 120 milyon avro dəyərində villası ilə bağlıdır. Hüquqşünaslar hesab edirlər ki, iş adamının Ermənistanda hazırkı cinayət təqibi onun məhkəmədə Fransa hakimiyyətinə qarşı mövqeyini zəiflədə bilər.

Qəzet qeyd edir ki, “Taşir” şirkətlər qrupunun sahibi 2025-ci il iyunun əvvəlində İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID; mənzil-qərargahı Vaşinqtonda yerləşən Dünya Bankı qrupunun bir hissəsi–S.H.) Fransaya qarşı arbitraj prosesi başladıb. “Kommersant” bununla bağlı məlumatı müvafiq bazadan tapıb. İşin materialları və iddiaların mahiyyəti göstərilməyib, lakin mübahisənin predmeti daşınmaz əmlak olub. “Taşir” qrupu və ICSID nəşrin sorğusuna cavab verməyib.

Bildirilib ki, “Taşir” şirkətlər qrupu Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahiblərindən biridir. Şirkətin 1 milyon kvadratmetrdən çox müxtəlif daşınmaz əmlakı var. Şirkətin iri mülkləri arasında Moskva vilayətindəki Dmitrovskoe şossesində yerləşən “Rio” ticarət mərkəzi və “Novotel Moscow City” hoteli var. 2024-cü ildə qrupun ümumi gəliri 16 faiz artaraq 260 milyard rubla çatıb. “Taşir”in prezidenti və əsas sahibi S.Karapetyan Rusiyanın “Forbes” milyarderlər reytinqində 44-cü yerdədir. Onun sərvəti 3,4 milyard dollar dəyərində qiymətləndirilir.

S.Karapetyanın Fransaya qarşı iş materiallarında Fransa və Ermənistan arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında 1995-ci il tarixli saziş xatırlanır: bu sənəd müqavilə tərəflərinin investorların əmlakını müsadirə etməmək və ya milliləşdirməmək (qanuni ictimai maraqlara dair qeyd-şərtlərlə), habelə belə zəbt baş verərsə, kompensasiya ödəmək barədə qarşılıqlı öhdəliyi nəzərdə tutur. Güman etmək olar ki, S.Karapetyan ölkədəki əmlakına həbs qoyulduğu üçün Fransaya qarşı iddia qaldırıb. “Pravovaya qruppa” MMC-nin ortağı Vladimir Şalayev bunu istisna etmir.

Bildirilib ki, 2024-cü ilin əvvəlində Fransa məhkəməsi Karapetyanın “Irina Mariya” villasına və Kot d'Azurun Rokbryun-Kap-Martene bölgəsindəki 3 hektar torpaq sahəsinə sahibliyini dondurub. Villanın dəyəri 120 milyon avrodan çoxdur. Fransa prokurorluğu hesab edib ki, aktivin faktiki benefisiarı “Qazprom”un törəmə şirkəti olan “Qazprom neft”dir.

“Le Monde” qəzeti yazır ki, çirkli pulların yuyulması işi üzrə ibtidai istintaq zamanı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli Məhkəmənin (Paris prokurorluğunun bölməsi olan Junalco) maliyyə cinayət təhqiqat şöbəsinin gömrük işçiləri villanın faktiki olaraq heç vaxt “Qazprom neft”in nəzarətindən çıxmadığına dair çoxsaylı sübutlar tapıblar. İstintaqın nəticələrinə qədər cinayət işi üzrə həbs əmlakla hər hansı əməliyyatın qarşısını alır. İttihamlar təsdiqlənərsə, əmlak müsadirə olunaraq hərraca çıxarıla bilər.

“Kommersant” isə bildirir ki, bu, S.Karapetyanın Rusiyadan kənarda hakimiyyətlə yeganə münaqişəsi deyil. İyunun 17-də Ermənistan istintaq orqanları onu açıq şəkildə ölkədə hakimiyyəti ələ keçirməyə çağırmaqda ittiham edib. Milyarderin vəkili Armen Feroyan bildirib ki, müdafiə tərəfi bütün hüquqi vasitələrdən istifadə edəcək. Bundan bir qədər əvvəl iş adamı ölkənin baş nazirini Erməni Apostol Kilsəsinə hücumda ittiham edib. Öz növbəsində baş nazir S.Karapetyanın kilsəni dəstəkləyən bəyanatlarını “örtük” adlandırıb. Paşinyan Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətini ölkədə daxili narazılığı qızışdırmaq üçün qəsdən enerji böhranı yaratmaqda ittiham edib. İndi Ermənistan hakimiyyəti şirkəti milliləşdirməklə hədələyir.

Vəkil, “Rüstəm Kurmayev və tərəfdaşları” şirkətinin müşaviri Georgi Suxov isə bildlrib ki, Georgi Suxov hesab edir ki, Karapetyanın Ermənistanda indiki cinayət təqibi onun Fransadakı məhkəmə prosesində mövqeyini zəiflədə bilər.

Karapetyanın Fransaya qarşı beynəlxalq arbitraj iddiası, onun özünü zərərçəkmiş investor kimi təqdim etməyə çalışdığını göstərir. Lakin bu iddianın qaldırıldığı dövr – Ermənistanda ona qarşı cinayət təqibinin başlandığı vaxtla üst-üstə düşməsi təsadüfi görünmür. Karapetyan uzun illər ərzində həm Rusiyada, həm də Ermənistanda iqtisadi gücünü siyasi təsir alətinə çevirməyə çalışıb və indi də hüquqi mexanizmləri eyni məqsədlə istifadə etməyə cəhd göstərir. Fransa tərəfindən villasına qoyulan həbsin səbəbi kimi “Qazprom neft”lə əlaqələrin göstərilməsi də onun maliyyə əlaqələrinin qeyri-şəffaf ola biləcəyinə işarədir.

Ermənistanda isə Karapetyanın təkcə biznes fəaliyyəti deyil, ictimai çıxışları da siyasi ambisiya kimi qəbul olunur. Dövlətin enerji sektorunda gərginlik yaratmaq cəhdində ittiham olunması belə təsəvvür yaradır ki, o, ictimai rəyə təsir göstərmək üçün iqtisadi vasitələrdən istifadə edib. Bütün bunlar Karapetyanın, sadəcə, iş adamı deyil, həm də öz maraqları naminə müxtəlif güc mərkəzləri ilə oynamağı bacaran riskli fiqur olduğunu göstərir.

Rizvan HÜSEYNOV, 
siyasi şərhçi

– Samvel Karapetyanın Ermənistanda cinayət məsuliyyətinə cəlb olunması təkcə hüquqi məsələ deyil, həm də siyasi prosesin bir hissəsidir. Bu şəxs uzun illər boyu iqtisadi gücünü siyasi nüfuza çevirməyə çalışaraq, həm Ermənistan daxilində, həm də Rusiyada möhkəm dayaqlar qurub. Onun maliyyə imperiyası və kilsə ilə yaxın münasibətləri Paşinyan hakimiyyəti üçün potensial təhlükə kimi qəbul olunurdu. Karapetyanın fəaliyyəti uzun müddət ciddi ictimai və hüquqi nəzarətdən kənarda olub. İndi ona qarşı irəli sürülən ittihamlar Ermənistanda oliqarx sisteminin real ifşası kimi də yozula bilər.

Fransa ilə hüquqi mübahisəsi və beynəlxalq arbitraj prosesi də göstərir ki, Karapetyan, sadəcə, bizneslə məşğul olan şəxs deyil, həm də beynəlxalq səviyyədə maraqları və təsir dairəsi olan güc sahibidir. Onun hazırda həm İrəvanda, həm Parisdə, həm də mediada eyni anda mübarizə aparması göstərir ki, bu şəxs təkcə investor deyil, həm də siyasi layihələrə oynayan oyunçudur. Bu hadisələr Ermənistandakı daxili zəiflikləri və parçalanmaları daha açıq şəkildə nümayiş etdirir.

Səxavət HƏMİD 
XQ

 



Siyasət