İki dost, qardaş və müttəfiq

post-img

II məqalə

Xalq müdrikliyindən siyasi müdrikliyə

Prezident İlham Əliyevin “Qəhrəmanmaraş tezisi”nin ikinci dəyər-faktoru kimi qardaşlığın siyasi mənasını doğru dərk etmək üçün bir nəzəri haşiyə çıxmağımız lazım gəlir. Biz, Azərbaycanda tarixən xalq müdrikliyi ilə siyasi müdrikliyin daxili məntiqi bağlantısının və məna transformasiyasının özəlliklərini nəzərdə tuturuq. Məsələnin bu tərəfini siyasi-nəzəri kontekstdə prinsipial məqam hesab edirik. Çünki siyasi dostluqla yanaşı, qardaşlığın da siyasi mənasını adekvat anlamasaq, Azərbaycan–Türkiyə münasibətlərinin məğzini düzgün tuta bilmərik. Bu isə yalnız reallığı təhrif olunmuş qavramaqla bağlı deyildir, həm də praktiki nəticələri ola biləcək səhv kimi qəbul edilməlidir. 

Çünki təcrübə göstərir ki, iki dövlət arasındakı münasibətlərin qardaşlıq kontekstində ifrat formada (ya neqativ, ya da pozitiv) təqdimatlarına daha çox rast gəlinir. Əlbəttə, qardaşlığın tarixi, ictimai, insanlararası bağlılıq, dini və sair anlamları ilə əlaqəli zəngin tədqiqatlar mövcuddur. 

Məsələn, təkcə Rusiyada son onilliklərdə 10-larla dissertasiyalar və çoxlu sayda monoqrafiyalar bu mövzunun müxtəlif aspektlərinə həsr edilmişdir. Azərbaycanda qardaşlığın fəlsəfi, elmi və politoloji araşdırılmasına rast gəlmirik (bəlkə, vardır, ancaq bizə məlum deyildir). Azərbaycanda “qardaşlıq”, siyasi anlamı izah edilmədən Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin xarakteristikası kimi ifadə edilir. 

 Məsələyə, ümumiyyətlə, Azərbaycan siyasi ənənəsində liderlərin xalq müdrikliyinə münasibəti kontekstində baxmaq mümkündür. Bu cür yanaşmanın təməlini qədimdən Azərbaycan siyasi ənənəsində ölkə başçısı və parlamentin qanunları ilə cəmiyyətin özünütəşkiletmə (özünüyaratma) qaydaları arasında münasibətlərin özəllikləri təşkil edir. Belə ki, hər bir siyasi lider, hökmdar, dövlət başçısı Azərbaycan cəmiyyətinin özünütəşkiletmə qanunlarını əsas götürmüşdür ki, bu da xalq müdrikliyinin idarəetməyə geniş proyeksiyasını tələb edir. Müasir mərhələdə ulu öndər Heydər Əliyev xalq müdrikliyini siyasi müdrikliyə tətbiq edən dahiyanə lider olmuşdur. Heydər Əliyevin atdığı siyasi addımlar, cəmiyyətdə davranışları və siyasi ritorikası bunun çoxlu sayda nümunəsini verir. 

Azərbaycan Prezidenti İlham Əliyevin yeni tarixi mərhələnin başlıca tezislərindən olan “dostluq, qardaşlıq, müttəfiqlik” kəlamı bu kontekstdə yeni bir nümunədir. Burada “dostluq” və “qardaşlıq” məhz xalq müdrikliyinin siyasi müdrikliyə proyeksiyasının yeni nümunəsi kimi dərk edilməlidir. Bu bağlılıqda “qardaşlığın” sosial və siyasi mənaları haqqında nə demək olar?

Qardaşlığın sosial anlamı

“Qardaş” sözünün Azərbaycan sosial-mədəni və psixoloji ənənəsində çox dərin mənası vardır. Xalq müdrikliyində “qardaş” kəlməsi sosial-psixoloji münasibətlərin tənzimlənməsində mərkəzi rol oynayan terminlərdən biridir. Onun təməlində Azərbaycan ailəsinin sosial özünüyaratmada oynadığı rol dayanır. Məhz qardaşın ailədaxili anlamı onun sosial mühitə proyeksiyasının əsasını təşkil edir. Bu iki aspektin vəhdətindən isə qardaşlığın siyasi anlamına ideya keçidi vardır. Bu mənada türk toplumunda ailə anlayışı ilə siyasi kontekstdə “Türk Ailəsi” anlayışı arasında məna bağlantılarının araşdırılması faydalı olardı. Əslində, Türk Dövlətləri Təşkilatının (TDT) siyasi-ideoloji və mədəni quruluşunda vurğulanan özəllik əsas yerlərdən birini tutur. O baxımdan bir mühüm məqamı vurğulayaq. 

Xalq yaradıcılığında qardaş yaddaşa aşiq olan və buna görə də  fərdin “öz”ündən ayrı olmayan, həyat və tale ortağı kimi dərk edilir. Təsadüfi deyildir ki, Azərbaycanda “vermə yada qardaşı”, “heç kəs əvəz eyləməz bu dünyada qardaşı” və s. kimi deyimlər məşhurdur. Xalq müdrikliyinin ümumi ruhundan gələn və türk törəsinin mahiyyətində konkret “semantik şəkil” alan bu cür deyimlər çoxdur. Onların praktiki həyatımızda da yeri və rolu əvəzedilməzdir. Yəni “qardaş olmaq” bir intellektual və psixoloji fakt kimi mentalitetimizin nüvəsində yer tutmuşdur. Azərbaycanlı üçün qardaş bu anlamda ən etibarlı, etimadlı və yolu həmişə bir olan “özününküdür”! Qardaş xəyanət etməyəndir, sözünü tutandır, ən çətin anlarda arxa olandır. 

Yəni Azərbaycanda qədimdən dostluq kimi qardaşlığın da struktural və institusional dərki çox güclüdür. O, artıq mentalitetin elə atributudur ki, dəyişməz kod və ya sosial-mədəni mem statusundadır. Bütün dövrlərdə, azərbaycanlıların bir-birinə müraciətində uzun müddət işlənən sözlər belə dəyişə bilir. Məsələn, “bəy” müraciətini “yoldaş” əvəz etdi, “hörmətli” kəlamı tez-tez işlədilir, indi isə “cənab” və ya “müəllim” deyə müraciət dəbi vardır. Ancaq tarix boyu cəmiyyət üçün “qardaş” müraciətini heç bir söz əvəz etməmişdir. Məhz bu mental özəlliyə görə, azərbaycanlılar “abi” sözünə belə birmənalı baxmırlar. 

Deməli, “qardaş” söz olaraq azərbaycanlının mental kimliyinin, sosial varlığının və birgəyaşam formasının mərkəzi anlayışı kimi qəbul edilməlidir.  

Qardaşlığın dini və siyasi anlamı

Qərbdə 1896-1938-ci illərdə Dünya Qardaşlıq Federasiyası adlı beynəlxalq təşkilat mövcud olmuşdur. Onu xristian təşkilatı adlandırırlar. Millətlər Liqasının bağlanması ilə həmin təşkilat da dağıldı. Bu təşkilat özündə kilsələrarası əlaqələri və İslamla dialoqu ehtiva edirdi. Əməkdaşlığı dini əsasda universallaşdırmaq cəhdi özünü göstərirdi.

XIX əsrin 80-ci illərində bir neçə liberal rus ziyalısını birləşdirən “Sığınma qardaşlığı” (“Priyutinskoye bratstva”) adlı dini-elmi xarakterli təşkilat yarandı. Onun üzvlərindən biri məşhur təbiətşünas Vladimir Vernadski idi. Bütövlükdə Rusiyada çox sayda qardaşlıq təşkilatları meydana gəlmişdir və onların böyük əksəriyyəti dini xarakterli idi. 

Bütün bunlardan müasir mərhələdə qardaşlığın siyasi anlamı kəskin fərqlənir. Burada dövlətlərarası münasibətlərin bütün istiqamətləri bu və ya digər dərəcədə “qardaşlıq” anlayışının məzmununa aidiyyatlı olur. 

Ayrıca, “Azərbaycan-Türkiyə qardaşlığı”nin çoxaspektli mənası vardır. Deməli, biz faktiki olaraq müasir dövlətlərarası münasibətlərdə yeni növ birlik forması anlamından danışmalıyıq. Onun elmi, hüquqi və siyasi məzmunu formalaşmaqdadır. Bu prizmada isə “Qəhrəmanmaraş tezisi”nin məzmunu böyük önəm kəsb edir.         

“Qəhrəmanmaraş tezisi”ndə qardaşlığın anlamı

Azərbaycan Prezidentinin fikrinin ümumi məntiqi kontekstindən aydın görünür ki, “qardaşlıq” dərin struktural və institusional köklərə malik “qardaş” sözünün Azərbaycanda dərk edilən ənənəsinə əsaslanır. Konkret olaraq, burada “qardaş” etibarlı, etimadlı, sözü bütöv, daim “qardaş” dediyi insanla bir olan, vədindən və sözündən dönməyən, qoşa dayanaraq inkişaf edən, qardaşını heç zaman yada dəyişməyən və vüqarlı şəxsiyyət obrazına malikdir. Bu mənada qardaş dost anlamını daha da dərinləşdirən, onu məzmunca genişləndirən və bu zaman cəmiyyətin ənənəvi strukturuna və institusional özəlliyinə söykənən bir məfhum kimi işlədilir. Bununla yığcam bir tezisdə iki fundamental anlam – dostluqla qardaşlıq vahid məntiqi çərçivədə vəhdətdə dərk edilir. 

  Bu cür anlam bir tərəfdən “dost” və “qardaş” sözlərini sırf mental, fərdi, romantik, emosional müstəvidən çıxararaq ona siyasi-nəzəri anlam verməyə imkan yaradır. Digər tərəfdən isə həmin anlayışların siyasi-hüquqi məna yükü çox zəngin olan müttəfiqliyin Azərbaycan-Türkiyə nümunəsini adekvat dərk etməyə əsas yaradır. 

Dostluq və qardaşlığın institusional kökləri

Yuxarıdakı təhlildən belə alınır ki, Azərbaycan-Türkiyə qardaşlığının siyasi anlamının təməlində sosial institutlaşma ənənəsi və təcrübəsi dayanır. “Dost” və “qardaş”ın siyasi məzmunu türk qövmünün birgəyaşamında həmin anlayışların oynadıqları rolla sıx bağlıdır. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda “dost” və “qardaş” anlayışlarının ənənəvi pozitiv mənalarını müasir dövrün şərtləri daxilində siyasi münasibətlər müstəvisinə uğurlu proyeksiya etmək zəruridir. Onun bir neçə siyasi-nəzəri məna çalarları mövcuddur.

Birincisi, özlüyündə iki dövlət arasında münasibətlərdə etnik, mədəni, ənənəvi və dini birliyin olduğu aksiom kimi qəbul edilməlidir. Yəni tarixən sosial, siyasi, mədəni, psixoloji və digər aspektlərdə Azərbaycanla Türkiyə faktiki olaraq vahid orqanizm kimi olmuşlar. Hətta tarixin müəyyən dönəmlərində Azərbaycanla Türkiyə arasında siyasi anlaşılmazlıqlar meydana gəlmişsə də, cəmiyyət olaraq birliyə qətiyyən zərər dəyməmişdir. Siyasiləşmiş kəsimin də bir-birinə münasibətində soyuqluq və uyğunsuzluq müəyyən müddətdən sonra aradan qalxmışdır. Bütün hallarda ilk növbədə toplumda mövcud olan dostluq və qardaşlıq anlamları siyasi dostluq və qardaşlığın təminində həlledici rol oynamışdır. 

İkincisi, “bir millət, iki dövlət” kəlamı özlüyündə iki dövlətin müstəqil və güclü olmasını önə çəkir. Yəni bir millətin qəlbindən “çıxmış” iki dövlətin münasibətləri güclü və sivil formada özünün real təcəssümünü tapa bilər. Azərbaycan və Türkiyə həm güclü, həm də müasir səviyyədə hüquqi dövlətlər kimi dost və qardaş ola bilərlər. 

Üçüncüsü, Azərbaycan və Türkiyənin siyasi anlamda əsl dost və qardaş olmaları üçün kənardan olan hər bir siyasi, diplomatik, ideoloji, hərbi, informasiya və s. təsirlərə qarşı bir yerdə dayanışma göstərmələri zəruridir. Bu, bir seçim deyildir, zərurətdir! 

Faktdır ki, son illər Azərbaycanla Türkiyə Prezidentlərinin hər görüşündən sonra iki dövlətin əleyhinə təbliğat güclənir. Əsas hədəf iki qardaş dövlət arasına nifaq salmaq olur. Təəssüf ki, bu prosesdə bir sıra hallarda hər iki dövlətin içində olan müəyyən KİV də iştirak edir. Lakin o da faktdır ki, bütün bu aravurucu və nifaqsalıcı cəhdlər boşa çıxır. Səbəbi nədir?

Azərbaycan Prezidenti İlham Əliyevin “Qəhrəmanmaraş tezis”ində də yer almış dostluq, qardaşlıq və müttəfiqliyin ənənədən gələn anlamları. Azərbaycan və Türkiyə sosial-mədəni, mənəvi-əxlaqi və siyasi ənənəsində əsrlərlə formalaşan dostluq, qardaşlıq və müttəfiqlik anlayışlarına tam uyğun fəaliyyət göstərir, bir-biriləri ilə münasibət qururlar. 

Təbii ki, dövlətçilik baxımından burada müttəfiqliyin siyasi və hüquqi mənaları üzərində ayrıca dayanmaq lazım gəlir. Çünki söhbət iki dövlət arasındakı xüsusi münasibətlərdən gedir. Həmin bağlılıqda müttəfiqlik dostluq və qardaşlığı özündə ehtiva edən siyasi anlayışdır. Məsələnin bu aspekti üzərində geniş dayanaq.   

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət