Oğuz Arif,
hüquqşünas
Rusiyanın siyasi səhnəsində uzun illərdir ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə tanınan Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə gündəmdədir. Bu dəfə o, yenidən köhnə, çoxdan iflasa uğramış ritorikasına qayıdaraq, keçmiş hadisələri təhrif etməklə özünü “haqlı tərəf” kimi təqdim etməyə çalışır.
Zatulin müxtəlif bəyanatlarında Rusiyanın, guya uzun illər ərzində Ermənistan və Azərbaycan arasında “ədalətli sülh” yaratmaq istədiyini iddia edir. Lakin bölgəni yaxından izləyən hər kəs yaxşı bilir ki, Moskvanın “ədalət” anlayışı həmişə öz maraqlarına xidmət edib. Qarabağ məsələsində də Kremlin siyasəti, əslində, tərəflər arasında sabit sülhün deyil, idarəolunan gərginliyin qorunmasına yönəlib.
Onun açıqlamalarında özünə sərf edən tarix versiyasını qabartması, faktları dəyişdirməsi və günahı başqalarının üzərinə yıxması artıq yeni deyil. Bu yanaşma, xüsusilə müharibə və postmüharibə dövründə, Rusiyanın bölgədəki real məqsədlərini açıq göstərdi.
Zatulin, Ermənistanın “tarixi yaddaşı”, “dəyərləri” və “milli faciələri” barədə danışarkən, guya bu mövzuları “satışa çıxarmadığını” iddia edir. Amma reallıq başqadır: Moskva bu “tarixi həqiqət”i dəfələrlə siyasi və iqtisadi maraqlarına uyğun şəkildə alver mövzusuna çevirib. Ermənistandan istifadə edərək həm regiondakı geosiyasi təsirini qoruyub, həm də Qərb və Türkiyə ilə münasibətlərdə özünü “vazkeçilməz vasitəçi” kimi təqdim edib.
Zatulin və onun kimi siyasətçilər illərlə Ermənistanın zəifliyindən və Qarabağ kartından istifadə edərək regionda balansı öz xeyirlərinə qurmağa çalışıblar. Bu siyasət həm Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təhdid, həm də sülh prosesinə əngəl olub.
Bu gün isə, dəyişən reallıqlar qarşısında Zatulin köhnə ritorikasını diriltməyə çalışır, amma onun manipulyasiyaları nə Ermənistanı əvvəlki kimi idarə edə, nə də Azərbaycanın mövqeyini sarsıda bilir.
Zatulin artıq uzun illərin köhnəlmiş siyasi texnologiyalarına güvənir. Amma bölgədə yeni reallıqlar formalaşıb: Azərbaycan qalib dövlət kimi söz sahibidir, Ermənistan isə Moskvanın himayəsinə kor-koranə güvənməyin nəticələrini yaşayır. Bu şəraitdə Zatulin kimilərin manipulyasiyaları yalnız tarixi fiasko kimi yadda qalacaq.