Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

18 oktyabr

• Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Silahlı Qüvvələrimizin qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırması ilə bağlı məlumat verib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Fü zuli ş əhərinin və Fü zuli rayonunun bir sıra kəndlərinin işğ aldan azad edilməsi ilə bağlı rəsmi “İnstagram” hesabında paylaşım edib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində işğalçının 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qətiyyətlə dəf olunub və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Məlumatda daha sonra bildirilir ki, Azərbaycan Ordusu əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, cəsədlərin toplanılması, eyni zamanda, tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır. Təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini dəfələrlə ağır artilleriya və minaatanlardan atəşə tutur.

Bundan başqa, işğalçı ölkə ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda işğalçı ölkə ordusunun bölmələri Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

• Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntüləri paylaşıb.

• Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Dağıntılar altından xəsarət almış 53 nəfərin və 13 cəsədin çıxarıldığı bildirilib.

• Azərbaycanın Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb.

• Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

• Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.

Mustafa KAMAL
XQ





Siyasət