Nikol Paşinyana xaricdən məqsədyönlü hücumlar təşkil edilir
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı yarıaçıq, yarıgizli şəkildə xaricdən müxtəlif platformalarda təzyiq kampaniyası davam etməkdədir. Parlament seçkiləri yaxınlaşdıqca, daha geniş vüsət alacağı şübhə doğurmayan bu kampaniyaya “ağır artilleriya”nın qoşulduğunu müşahidə edirik. Söhbət amerikalı tanınmış jurnalist, siyasi teledialoqların “ustası” sayılan Taker Karlsonun rusiyalı biznesmen Samvel Karapetyanın qardaşı oğlu Narek ilə müsahibəsindən gedir.
Hazırda haqqında qaldırılan cinayət işi ilə bağlı istintaq altında olan Samvel Karapetyan Nikol Paşinyana qarşı siyasi hərəkat yaratmağa, bu yolla hakimiyyəti ələ keçirməyə cəhd edib. İntəhası, biznesmenin siyasi karyera qurmaq eksperimenti həbsxana kamerasında başa çatıb. Karlsonun siyasi tok-şousunun qəhrəmanı kimi niyə məhz Karapetyanın qardaşı oğlunu və nə üçün indi seçdiyi kimi təbii suallar doğurmaya bilməz. Doğrudanmı erməni əsilli rusiyalı oliqarxın yaxın qohumu Amerika auditoriyası üçün maraqlı persona ola bilər? Məgər ciddi ittihamlar irəli sürülmüş və həbsdə olan oliqarxın yaxın çevrəsindən daha təcrübəli və ağırçəkili bir fiquru tapmaq mümkün deyildimi? Amma məsələnin mahiyyəti heç də ekranda kimin göründüyündə və ya müsahibinin nəyi müzakirə etdiyində deyil. Problem çoxmilyonluq auditoriya qarşısında “teletamaşa”nın hansı məqsədlə və necə icra edilməsindədir.
Yeri gəlmişkən, nəzərə çatdıraq ki, Taker Karlson ənənəvi mənada peşəkar telejurnalist deyil. O, “podkastlara” (podkast– müxtəlif mövzularda hazırlanan, internet üzərindən audio və ya video formatında yayımlanan verilişlər seriyasıdır. İstənilən vaxt rəqəmsal cihazlarda rahatlıqla izlənilən bu proqramlarda daha çox siyasi mövzulara üstünlük verilir - red.) aparıcılıq edir. “Podkastinqin” isə ənənəvi jurnalistikaya çox az aidiyyatı var. Qərbdə son 30-40 ilin efir məhsulu kimi meydana çıxan bu janr hələ də müəyyən edilmiş elektron media standartlarından kənarda mövcuddur. Bu da təbiidir, çünki “podkastlar” nisbətən yeni, müasir dövrün fenomenidir. Məhz ona görə təəccüblü deyil ki, Karlson müsahibələrində sərbəst və inamlı şəkildə müdaxilələrə yol verir, bəzən opponent qismində çıxış edir. Axı, bu efir “fəndləri” tok-şounu baxımlı və maraqlı edən əsas amillər hesab olunur. Yəni, bu telelayihədə teleaparıcıdan intellektdən daha çox çeviklik, erudisiya və intriqa yaratmaq qabiliyyəti tələb olunur. Əgər ortada siyasi sifariş, korporativ mənafe və ya digər maraqlar varsa, bu halda söhbət əvvəldən axıradək əvvəlcədən düşünülmüş ssenari üzərində qurulur. Məqsəd isə auditoriyada lazımi rəyi, daha doğrusu, müzakirə obyekti olan personalar haqqında mənfi rəy formalaşdırmaqdır.
***
Taker Karlsonun bu dəfə əsas vəzifəsi Ermənistanın hazırkı hakimiyyətinə qarşı tamaşaçı və dinləyicidə müəyyən təsəvvür yaratmaq idi. Süjetdən də hiss olunduğu kimi, görünür, amerikalı teleulduzun ətrafındakılardan, həmkarlarından heç kim müsahibədən əvvəl ona “Taker, sən bu mövzuda heç nə bilmirsən, sus, qonağın danışsın” deyə bilməzdi. Əgər deyilsəydi, o zaman bu, Karlson olmazdı ki. Verilişdə hər şey sifarişçinin istədiyi kimi getdi: şablon, birtərəfli, ağıllı, praqmatik təhlilə zərrə qədər dəxli olmayan müsahibə.
Müsahibənin məzmunu İrəvan isteblişmentinə qarşı erməni diasporasının təbliğatının parlaq nümunəsi sayıla bilər. Cansıxıcı, darıxdırıcı, motivi hamıya məlum söhbətlər, sanki diplomatiyaya aid iyirmi il əvvəlki dərslikdən köçürmələr. Paşinyana ünvanlanan tənqidlər isə iyrənc dərəcədə bəsit və səviyyəsiz idi: kilsəyə qarşı hücumlar, LGBT, “ənənəvi dini əxlaqın məhv edilməsi” və s.
Verilişin ən gülməli tərəfi ondan ibarətdir ki, qardaşı oğlu Narek Samvel Karapetyanla Nikol Paşinyan arasında yaranmış münaqişənin əsl səbəbləri barədə bir kəlmə danışmadı. Üstəlik, teleaparıcı da nə erməni oliqarxın Moskva ilə isti əlaqələri, nə Ermənistan üçün revanşist kursun yeni nümayəndəsi kimi ortaya atılması, nə də Samvel Karapetyan kimilərin qələbəsinin real Ermənistandan utopik Ermənistana qayıdışın demək olacağı barədə danışdı. Qardaşoğlu isə qeyd etmədi ki, əgər bu gün Ermənistan Şimal qonşusunun qanadının altına qayıtsa, son illər əldə etdiyi bütün uğurları – Azərbaycanla sülh prosesindəki irəliləyişlər, Bakının nəqliyyat dəhlizlərinin açılması yönündə atdığı addım və normallaşma yoluna düşən ikitərəfli münasibətlər yenidən divara dirənəcək.
Aşkar görünən mənzərə onu deyir ki, bu gün Nikol Paşinyan azsaylı erməni liderlərindən biridir ki, ölkəsinin açıq, müasir və qonşuları ilə qarşılıqlı hörmət və etimada söykənən münasibətlər qurması üçün çalışır, hayların beynini xəyali və zərərli niyyət və planlardan təmizləməkdə israrlıdır. Çıxışlarında dünənə deyil, gələcəyə fokuslandığını müşahidə edirik. Təəssüf ki, Taker Karlsonun verilişində hər şey Paşinyan iqtidarına qarşı yönəldildi. Guya Hayastanın baş naziri inanca qarşı mübarizə aparır və erməni xalqına LGBT gündəmini sırıyır. Sanki danışmağa başqa mövzular yox imiş.
Narek Karapetyan Ermənistanın daxili işlərindən də danışdı. Amma elə danışdı ki, tamaşaçıların əksəriyyəti kimi, biz də qəti əmin olduq ki, əgər Avropanın hər hansı bir ölkəsində siyasətçi LGBT və din haqqında bu cür danışmağa başlasa, ən yaxşı halda onunla məsafə saxlayarlar. Görəsən, tamaşaçıların neçə faizi Samvel Karapetyanın LGBT gündəminə görə həbsdə olduğuna inanıb? Axı, gənc Narek haradan bilə bilərdi ki, həm erməni kilsəsi, həm də onun şiddətlə müdafiə etdiyi Moskva Patriarxlığının Ukrayna Kilsəsi çoxdan Rusiyanın maraqları üçün kanala çevrilib? Onları ən yumşaq formada “konduitlər” adlandırırlar.
“Xarakterinə görə avtoritar lider olan baş nazir Paşinyan kilsəyə qarşıdır”, – deyən Karlson heç vaxt səfər etmədiyi və sözün əsl mənasında, haqqında heç bir məlumatının olmadığı ölkə və onun rəhbəri haqqında bu cür danışır və onu qınayır. Son nöqtəni isə qardaşoğlunun əvəzinə o, özü qoyur: “Paşinyan Ermənistanda pravoslav xristianlığın belini qırmaq istəyir”.
Bundan sonrasını şərh etməyə lüzum görmürük. Sadəcə, onu mütləq qeyd etməliyik ki, qarşıdan gələn 2026-cı il parlament seçkilərində Paşinyanı ciddi mübarizə gözlədiyinə kiminsə şübhəsi var idisə, bu “podkastinqdən” sonra aydın olur ki, onu “ağır döyüşlər” gözləyir. Amma bir həqiqəti deməyə məcburuq: Nikol Paşinyan “xristianlığa qarşı mübarizədə” və “LGBT-yə lobbiçilikdə” ittiham olunursa, deməli, o, düz yoldadır. O, həqiqətən də xarici qüvvələrlə əməkdaşlıq edənləri, daşnak və revanşistləri daha aşağı salmağa davam etməlidir. Bu yol bütövlük və qətiyyət tələb edir. İstənilən yumşaqlıq və ya özündən razılıq Ermənistanın dövlətçiliyi üçün real təhlükənin yaranması deməkdir.
İmran BƏDİRXANLI
XQ

