COP31-in geosiyasi şifrələri

post-img

Braziliyanın etimadı və Azərbaycanın Türkiyə seçimində həlledici rolu

Qlobal iqlim dəyişmələri ilə mübarizənin müasir mərhələsində beynəlxalq münasibətlər sisteminin ən dinamik və həlledici platformasına çevrilən Tərəflər Konfransı (COP) prosesi dövlətlərin diplomatik gücünü, nüfuzunu və vasitəçilik qabiliyyətlərini nümayiş etdirdiyi qlobal arenaya çevrilmişdir. Bəşəriyyətin gələcəyini təhdid edən mövcud çağırışlar fonunda iqlim diplomatiyası ənənəvi beynəlxalq siyasətin sərhədlərini aşmaqda, Şimal və Cənub, Qərb və Şərq arasında yeni dialoq mexanizmlərinin qurulmasını şərtləndirməkdədir.

Məhz belə çətin tarixi şəraitdə Azərbaycan Respublikası COP29 sədrliyi dövründə nümayiş etdirdiyi yüksək peşəkarlıq, inklüziv yanaşma və qütblər arasında etibarlı körpü yaratmaq bacarığı sayəsində qlobal iqlim proseslərinin moderatoru statusunu qazanmışdır. Braziliyanın rəsmi sədrlik etdiyi COP30 çərçivəsində cərəyan edən proseslər və COP31-in ev sahibinin müəyyənləşdirilməsi ətrafında yaranan gərgin diplomatik vəziyyət Bakının beynəlxalq nüfuzunun əyani sübutu kimi qiymətləndirilməlidir. Avstraliya və Türkiyə kimi iki güclü namizəd arasından qardaş ölkənin seçilməsi prosesində ölkəmizin oynadığı həlledici rol və Braziliya tərəfinin məhz rəsmi Bakının təcrübəsinə istinad edərək həmin missiyanı dövlətimizə həvalə etməsi iqlim diplomatiyasında yeni reallıqların formalaşdığından xəbər verir.

Dünya birliyi COP29-un Bakıda keçirilməsi zamanı Azərbaycanın çoxtərəfli diplomatiyada nümayiş etdirdiyi ustalığın şahidi oldu. İnkişaf etmiş sənaye dövlətləri ilə inkişaf etməkdə olan ölkələr, ada dövlətləri ilə neft-qaz istehsalçıları arasında ortaq məxrəcin tapılması, iqlim maliyyələşməsi kimi həssas mövzularda konsensusun əldə edilməsi, rəsmi Bakının "dürüst vasitəçi" (honest broker) imicini möhkəmləndirdi. Həmin etimad kapitalı COP30-a sədrlik edən Braziliya üçün əvəzolunmaz resurs rolunu oynadı. COP31-in ev sahibliyi uğrunda gedən mübarizə, həm də geosiyasi və geoiqtisadi maraqların toqquşduğu strateji məsələ idi. "Qərbi Avropa və digərləri" qrupu daxilində namizədliyini irəli sürən Avstraliya Sakit okean regionundakı təsir imkanlarına və Qərb blokunun dəstəyinə arxalanırdı. Digər tərəfdən, Avrasiyanın mərkəzində yerləşən, G20 üzvü olan və inkişaf etməkdə olan dünyanın səsi kimi çıxış edən Türkiyə Cümhuriyyəti iqlim dəyişmələrinin ən kəskin fəsadları ilə üzləşən Aralıq dənizi hövzəsini təmsil edirdi.

Braziliya rəhbərliyinin COP31-in ev sahibinin müəyyənləşdirilməsi kimi strateji əhəmiyyətli missiyanın moderasiyasını Azərbaycana həvalə etməsi diplomatik tarixdə nadir rast gəlinən etimad nümunəsidir. Bu cür fakt Bakının qlobal Şimal ilə qlobal Cənub arasında qurduğu unikal dialoq platformasının işləkliyini təsdiqləyir. Azərbaycan diplomatiyası tərəflər arasında gərginliyi azaltmaq, namizədlərin üstünlüklərini və qlobal iqlim gündəliyinə verə biləcəkləri töhfələri obyektiv şəkildə dəyərləndirmək və ədalətli qərarın qəbuluna zəmin yaratmaq üçün bütün resurslarını səfərbər etdi.

COP31-in qardaş Türkiyədə keçirilməsi qərarı Azərbaycan üçün strateji qələbə və milli qürur mənbəyidir. Bakıdan sonra iqlim estafetinin Ankaraya ötürülməsi regionumuzun qlobal ekoloji gündəlikdəki yerini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqaz və Kiçik Asiya coğrafiyasının iqlim problemlərinin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmasını təmin edəcək. Bu proses Azərbaycan və Türkiyənin qlobal humanitar və ekoloji məsələlərdə "bir millət, iki dövlət" prinsipi əsasında hərəkətdə olduğunu nümayiş etdirir. İki ölkənin iqlim diplomatiyasındakı sinerjisi regionun səsini daha gur, tələblərini isə daha kəsərli edəcəkdir. Xüsusilə nəzərə almaq lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan coğrafi qurşaqda yerləşir. Xəzər dənizinin səviyyəsinin azalması, buzlaqların əriməsi, su ehtiyatlarının tükənməsi və torpaqların şoranlaşması hər iki dövlət üçün ortaq çağırışlardır.

Türkiyənin iqlim dəyişmələri ilə mübarizədəki rolu təkcə ev sahibliyi ambisiyası ilə məhdudlaşmır. Ankara son illərdə qlobal miqyasda rezonans doğuran bir sıra mühüm təşəbbüslərin müəllifidir. Həmin təşəbbüslər arasında Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən "Sıfır tullantı" (Zero Waste) layihəsi xüsusi yer tutur. BMT səviyyəsində dəstəklənən və qlobal ekoloji hərəkata çevrilən "Sıfır tullantı" konsepsiyası tullantıların idarə olunması, resursların səmərəli istifadəsi və dairəvi iqtisadiyyatın təşviqi baxımından inqilabi əhəmiyyət kəsb edir.

Azərbaycanın iqlim diplomatiyasındakı rolu COP29-un başa çatması ilə yekunlaşmır. Əksinə, COP31 ərəfəsində və konfrans zamanı rəsmi Bakı daha fəal və təşəbbüskar mövqedən çıxış edəcək. Türkiyənin ev sahibliyi edəcəyi konfransın gündəliyinin formalaşdırılması, prioritetlərin müəyyən edilməsi və danışıqlar strategiyasının hazırlanması prosesində Azərbaycanın "Troya" (əvvəlki, hazırkı və gələcək sədr ölkələrin əməkdaşlıq formatı) çərçivəsində və ikitərəfli kanallar vasitəsilə Ankaraya dəstək verməsi gözlənilir. İki qardaş ölkənin birgə fəaliyyəti, iqlim maliyyələşməsi, texnologiya transferi və adaptasiya tədbirləri kimi inkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət daşıyan məsələlərin qlobal müzakirələrin mərkəzinə gətirilməsini təmin edəcək.

COP31-in Türkiyədə keçirilməsi, həmçinin regional enerji və nəqliyyat dəhlizlərinin "yaşıllaşdırılması" istiqamətindəki səylərə yeni təkan verəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşan "Yaşıl Enerji Dəhlizi" layihəsi Xəzər dənizinin külək enerjisi potensialının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə və oradan Avropaya nəqlini nəzərdə tutur. Ankara sammiti sözügedən meqa-layihənin siyasi və iqtisadi dəstəyinin artırılması, beynəlxalq maliyyə institutlarının prosesə cəlb edilməsi üçün ideal platforma rolunu oynayacaq. Enerji keçidi prosesində karbohidrogen resurslarından asılılığın azaldılması və bərpaolunan enerji mənbələrinin payının artırılması həm Bakının, həm də Ankaranın strateji hədəfləri sırasındadır.

Kiçik dövlətlərin qlobal problemlərin həllində böyük dövlətlərlə bərabər səviyyədə iştirak edə biləcəyini sübut edən ölkəmiz beynəlxalq münasibətlərdə ədalət prinsipinin bərqərar olmasına çalışır. Braziliyanın Azərbaycana göstərdiyi etimad və Türkiyənin seçilməsindəki həlledici rol rəsmi Bakının qlobal vasitəçi və etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir.

COP31 regionumuzun qlobal proseslərə təsir imkanlarının genişlənməsini simvolizə edən tarixi hadisədir. Türkiyənin ev sahibliyi və Azərbaycanın strateji tərəfdaşlığı, iqlim dəyişmələri ilə mübarizədə regional həmrəyliyin və əməkdaşlığın yeni modelini ortaya qoyur. Bakı və Ankara əl-ələ verərək, gələcək nəsillər üçün daha təmiz, daha təhlükəsiz və daha dayanıqlı dünya qurmaq naminə qlobal səylərə liderlik etməyə davam edəcəklər. Braziliyanın sədrlik estafetini Türkiyəyə ötürməsi prosesində Azərbaycanın oynadığı körpü rolu ölkəmizin diplomatik tarixində qızıl hərflərlə yazılacaq və beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəklərə qaldıracaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət