“ Təmas” Takikası və “ Şimal küləyi”nin satqınlq cərəyanı
Beynəlxalq miqyasdakı uğurlarımız fonunda xaricdəki antimilli və onları hərəkətə gətirən anti-Azərbaycançı qüvvələrin əndazədən çıxma halları əvvəllər də yaşanıb və həmişə fiasko aqibəti ilə üzləşib. Yəni sözügedən kəsimin apardığı təbliğat Azərbaycan cəmiyyətinin ahəngini poza bilməyib. Nalayiq hərəkət, yarıtmaz siyasi mübarizə tərəfdarları ölkəmizdəki xalq-iqtidar birliyi və vəhdəti qarşısında duruş gətirməyi bacarmayıblar.
Necə deyərlər, milçək bir şey deyil, könül bulandırır. Xaricdəki “milçəklər” də böyük ölçüdə könül bulandırırlar. Onların “məşğuliyyətləri” Azərbaycan cəmiyyətində ikrah hissi doğurub. İnsanlarımız sapı özümüzdən olan baltaların xaricdəki anti-Azərbaycançı qüvvələrin oyunlarında iştiraklarını görüb, həmin oyunların eybəcərliyinə şahidlik ediblər. Mahiyyət yenə dəyişməyib. Dəyişən üsul və vasitələrdir. Dəyişən, obrazlı desək, musiqini sifariş verənlərdir. Yazımızda bu məqama diqqət yetirəcəyik.
***
Əvvəlcə onu bildirək ki, dünya miqyasında ölkəmizə qarşı aparılan təbliğatın, adətən, media seqmenti aktiv olub. Media təkcə Azərbaycanla, onun qanuni hakimiyyəti ilə bağlı mənfiyönümlü təqdimatlarla – şər və böhtanlarla kifayətlənməyib, eyni zamanda, bu kimi nalayiq davranışları, belə demək mümkünsə, sistemli şəklə salan ayrı-ayrı şəxslərin fikir tribunası rolunu oynayıb. İkincilər isə ağızlarını açıb, gözlərini yumublar... İndi də eyni neqativ təmayüllər qalmaqda və Azərbaycana qarşı ideoloji təbliğatın həm özünü, həm də onun informasiya cəbhəsini təşkil etməkdədir. Fəqət bəzi fərqləri görürük. O fərqlər ki, onlara nəzərən anti-Azərbaycançı qüvvələrin daha da azğınlaşdıqlarını söyləmək olar. Bunu isə müəyyən mənada təbii saymaq mümkündür. Axı ölkəmizin beynəlxalq miqyasdakı nailiyyətləri çoxalır. Deməli, kimlərinsə həyasızlaşmaq cəsarətlərini gücləndirmələri şəksizdir.
***
Əlbəttə ki, “cəsarətin” erməni amili də var. O amil ki, 44 günlük müharibəyədək onun təsiri ilə belə bir rəyin formalaşdırılmasına cəhd göstərilirdi: Azərbaycan Ordusu döyüş aparmaq qabiliyyətində deyil, müharibə başlayacağı təqdirdə, ölkəmiz acınacaqlı məğlubiyyətə uğrayacaq və sair. Üstəlik, bu sayaq təqdimatların Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini yaymaq seqmenti də var idi. Deməli, 6 il əvvəl savaş başlayanda həmin həyasızlar pusquda durub ovunu gözləyən çaqqallar kimi sakitliyə qərq oldular. Hərbi əməliyyatların bitəcəyini gözlədilər ki, üfunət qoxuyan ağızlarını açsınlar. Təxminən bu cür: gördünüz, demişdik ki, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarında deyil, bunun üçün ölkədə hakimiyyət dəyişikliyi olmalıdır və sair. Axı belələrinin “arqumenləri” də var idi: demokratik rejim qurulmalıdır ki, xalqla iqtidar arasında vəhdət yaransın və bu vəhdət torpaqları işğaldan qurtarmaq əzmi formalaşdırsın. Lakin sapı özümüzdən olan baltaların və onları öyrədib ortaya salanların bütün hesablamaları boşa çıxdı. 44 günlük müharibə Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. Zəfər isə məhz xalq-iqtidar vəhdətinin nəticəsində əldə olundu.
***
44 günlük müharibədən sonra Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşməsi Azərbaycanda rus təsiri təbliğatını gücləndirdi. Bu təbliğat Ermənistanın müharibədə itirdiklərini geri qaytaracağına dair baxışlarla çulğalaşdı ki, məqsəd qələbəmizin əhəmiyyətini kiçiltmək, 3 mindən çox şəhidin əbəs yerə verildiyi təəssüratını yaratmaq idi. Beləliklə, şəhid ailələrinin kütləvi etirazını doğurmaq, ümumən, cəmiyyətdə geniş narazılıq bumu yaratmaq hədəfi müəyyənləşdi.
Azərbaycan Prezident İlham Əliyevin liderliyi və bu liderliyə xas böyük siyasi məharətlə diplomatik mübarizədən də üzüağ, alnıaçıq çıxdı. Bu mübarizə yekunda hərbi güc tətbiqini leqallaşdırdı. Bu zərurət isə məntiqi yekunu gətirdi. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz lokal xarakterli antiterror tədbirləri həyata keçirib ölkəmizin bütün ərazilərində konstitusion quruluşu, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.
Bu nəticə sapı özümüzdən olan baltaları və onların havadarlarını dərin səssizliyə saldı. stəlik, Rusiya hərbçiləri də Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. “Böyük ümidlərlə” gələnlər boyunlarını büküb getdilər. Beləliklə, “44 günlük müharibə Rusiyanı hərbi güc şəklində Azərbaycana yerləşdirdi” kimi aparılan və ölkəmizdə hakimiyyətə qarşı etiraz dalğası yaratmaq niyyətli sərsəm ritorika iflasa uğradı. Amma xaricdəki anti-Azərbaycançı kəsim tamamilə kökdən düşmədi, “ampluasında” qaldı, özünün ənənəvi demokratiya və plüralizm kimi klişələrini tirajladı, ölkəmizdə ali dəyərlərə sayğısızlıq göstərildiyinə dair saxta tezislərini gündəmdə saxladı. Doğrudur, bu sayaq tezislərin ölkəmizin ictimai rəyinə heç bir təsiri, əvvəllərdəki kimi, yenə də olmadı və olmayacaq.
***
Bəli, Azərbaycan cəmiyyəti sapı özümüzdən olanların həyasızlıqlarına heyrətlənib. Bu kəsim indi də pis mənada heyrətləndirir. O anlamda ki, əgər əvvəllər onun təmsilçiləri sırf informasiya müstəvisində ölkəmizə qarşı diversiyalar həyata keçirirdilərsə, indi azğınlar sürüsü, belə demək mümkünsə, təmas taktikasına keçiblər. Bu taktikanın nədən ibarət olduğuna, haqqında bəhs etdiyimiz musiqi sifarişçilərinin dəyişilməsi fonunda aydınlıq gətirək. Axı xaricdəki satqınlar və xainlər sürüsü Azərbaycanın postmünaqişə dövrü siyasəti ilə beynəlxalq aləmdəki nüfuzunu artırdığı bir məqamda ABŞ kimi supergücün rəhbərliyinin ölkəmizə, şəxsən Prezident İlham Əliyevə yüksək münasibətindən xeyli pəjmürdə duruma düşüblər.
Məlum olduğu kimi, Birləşmiş Ştatların əvvəlki administrasiyası qatı ermənipərəst mövqeyi ilə seçilir, Azərbaycana qarşı qərəz yolu tuturdu. Tramplı Amerika isə rasional və praqmatik kursun tərəfdarıdır. Pəjmürdəlik də məhz bundan qaynaqlanır. Amma satqınlar və xainlər sürüsü üçün özünütəsdiqin ən müxtəlif yollarına düşmək heç bir mənəvi sıxıntı törətmir. Ona görə də onlar Şimal küləyinin əsintisi ilə hərəkətə keçməkdə problem görmürlər. Təsəvvür edin, bir vaxtlar Rusiyanı pisləyərək, Azərbaycanın bu ölkə ilə yaxınlığı təbliğatını aparıb ölkəmizə qarşı antipatiya formalaşdıranlar hazırda Kremlin direktivləri ilə “silahlanırlar”. Üzsüzlük olar, ta bu qədəri yox. Üzsüzlər üçün anonsunu etdiyimiz təmas taksikasını işə salmaq da problem deyil.
Diqqət yetirək, Azərbaycanın Prezidenti və Birinci xanımı ABŞ-dadır və bu üzsüzlərdən biri küçədə pusqu qurur. Guya jurnalistdir. Amma ilk cümləsindən, müraciət tonundan hiss olunur ki, onun peşə ilə heç bir əlaqəsi yoxdur. Sən demə, müstəqil medianın təmsilçisi imiş! Adamın nə müstəqillikdən, nə də mediadan anlayışı var. Anlayışı yalnız şəxsi mənfəətdir. Bu mənfəəti isə anti-Azərbaycan təmayüllü qüvvələrin ruporuna çevrilməklə, onların buyruqlarını yerinə yetirməklə əldə edib. İndi belə bir üzsüz Rusiyadan gələn direktivləri yerinə yetirir. Bu fəsilədən olan başqaları da var ki, onların Sülh Şurasının iclasında iştirak üçün ABŞ-a səfər etmiş Prezident İlham Əliyevin Vaşinqtonda yerləşdiyi hotelə daxil olmaq cəhdlərini də gördük. Təmas taktikası da elə budur.
***
Heç şübhəsiz, bu taktika Rusiyanın Azərbaycana qıcığından qaynaqlanır. Deməli, xaricdəki sapı özümüzdən olan baltaların ermənilərin Qarabağa qayıdış hüququ kimi cəfəngiyyatı qaldıranların, yaxud “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousunu quranların cəbhəsində görsək, təəccüblənməməliyik. Axı hər iki təbliğatın məramı eynidir – Bakı-İrəvan sülhünə yol verməmək, Ermənistanda siyasi hakimiyyəti ələ keçirərək ölkənin barışa gəlməsini əngəlləmək, bununla da Azərbaycana təzyiq alətini diri saxlamaqla, onun müstəqil xarici siyasət kursuna maneçilik törətmək.
Xaricdəki xain ünsürlər məhz sadaladıqlarımızı reallaşdırmaq istəyənlərlə əlbirdirlər. Onların özlərinin mənfur xislətlərini “Şimal küləyi”nin əsintisinə kökləmələri də bundan irəli gəlir. Onların ənənəvi “KQB” üsullarına xas şantaj və böhtan üsullarına əl atmaları da Şimalın sifarişidir. O Şimaldır ki, əsrlərdir Cənubi Qafqazı təsir dairəsi altında saxlamaq yolu tutur, normal, bərabərtərəfli münasibətlərin qurulmasına maneçilik törədir, imperiya ambisiyaları ilə nəfəs alır. Əlbəttə, xaricdəkilərimizin bu oyunlara alət olduqlarını görmək son dərəcə üzücüdür. Ancaq təskinliyimiz var və onu əvvəldə də vurğulamışdıq. Bir daha tam qətiyyətlə deyək ki, nə xaricdəki antimilli ünsürlərin, nə onların havadarlarının, nə də ayrı-ayrı ermənipərəst dairələrin Azərbaycana qarşı qurduqları mənfur ssenarilər məqsədinə çatacaq. Xalqımızın müdrikliyi nəticəsində belə sərsəm və cılız siyasi oyunlar, həmişəki kimi, puça çıxacaq.
Ə.CAHANGİROĞLU
XQ

