Diplomatik söz oyunu məsuliyyətə kölgə salır

post-img

Azərbaycan Moskvadan konkret addım gözləyir, XİN isə ümumi ifadələrlə kifayətlənir

Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl fəaliyyət göstərir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı TASS-ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan liderləri ötən il oktyabrın 9-da Düşənbədə keçirilmiş görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər: “Rusiya tərəfindən ətraflı izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl iş aparılır. Bu barədə azərbaycanlı tərəfdaşlarımız həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə mütəmadi şəkildə məlumatlandırılır”. 

M.Zaxarova bildirib ki, Azərbaycan tərəfi ilə bu mövzuda yüksək səviyyəli ikitərəfli təmasların yaxın vaxtlarda davam etdirilməsi barədə qarşılıqlı anlaşma mövcuddur. O iddia edib ki, Moskva sözügedən məsələ ilə bağlı məlumatları müntəzəm olaraq Bakıya ötürür: “Xüsusilə, 2025-ci il dekabrın 9-da Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən məsləhətləşmələr zamanı ətraflı məlumat təqdim olunub. Həmçinin 2025-ci il dekabrın 29-da və cari il fevralın 12-də Moskvada Azərbaycan səfiri ilə görüşlər zamanı bu məsələ müzakirə edilib. Biz qalan bütün məsələlərin tam şəkildə tənzimlənməsinə yönəlmişik”. 

Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, “ölkələrimiz arasında münasibətlərdə bu faciəvi səhifəni çevirmək” kimi bir məfhum mövcuddur və o, bu ifadəni işlətməkdən məmnun olardı: “Lakin bir məqam var: bu, faciənin unudulacağı və ya kitabı bağlayıb bir kənara qoyacağımız anlamına gəlmir. Xeyr! Məqsədimiz münasibətlərdə bu faciəvi səhifəni həqiqətən çevirməkdir, lakin baş vermiş hadisələr və həyatını itirən insanların xatirəsi, şübhəsiz ki, yaddşımızda qalacaq. Mənə elə gəlir ki, burada heç bir tərəddüd olmamalıdır. Bunu xüsusilə vurğulayıram, çünki Rusiya–Azərbaycan münasibətlərinin normallaşmasından narahat olan bəzi qüvvələrin sözlərlə oynamağı sevdiyini bilirəm. Qoy, sözlərlə manipulyasiya etməsinlər. Biz bu faciəni hər zaman xatırlayacaq, həlak olanların xatirəsini daim əziz tutacağıq”

M.Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasının zəruriliyini xatırladıb: “Biz Azərbaycanın diqqətini ötən ilin 30 iyun–1 iyul tarixlərində Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının mümkün qədər tez azad olunaraq evlərinə qaytarılmasının zəruriliyinə yönəldirik”. O, Rusiya–Azərbaycan münasibətləri ətrafında informasiya mühitinin sağlamlaşdırılmasını da “şərtsiz aktual məsələ” hesab etdiklərini vurğulayıb. “Şübhəsiz ki, bu, gələcək məhsuldar dialoqa da töhfə verərdi”, – deyə diplomat fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov fevralın 26-da jurnalistlərə açıqlamasında bu barədə danışıb. Nazir deyib: “AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır. Rəsmi Bakının gözləntisi ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır. Bu yanaşma ondan ibarətdir ki, təyyarənin vurulması Rusiya Müdafiə Nazirlyinin səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz bundan ibarətdir”.

***  

Bu baxımdan M.Zaxarovanın brifinqdə səsləndirdiyi fikirlər ilk baxışdan konstruktiv ton təsiri bağışlasa da, mahiyyət etibarilə əsas məsələdən yayınma cəhdi kimi görünür. Moskva “razılaşmaların icrası”, “mütəmadi məlumatlandırma”, “faciəli səhifəni çevirmək” kimi diplomatik ifadələrlə prosesi yumşaq çərçivəyə salmağa çalışır. Lakin burada əsas sual açıq qalır: qəzanın səbəbi və məsuliyyəti ilə bağlı konkret hüquqi və siyasi addımlar niyə hələ də atılmır? Azərbaycan tərəfi mövqeyini ən yüksək səviyyədə və birmənalı şəkildə ortaya qoyub. Xarici işlər naziri Ceyhun Bayramovun açıqlaması bir daha təsdiqlədi ki, rəsmi Bakı üçün məsələ emosional ritorika deyil, hüquqi və siyasi məsuliyyət məsələsidir.

Əslində, bu, maksimalist tələb deyil. Bu, beynəlxalq hüququn və dövlətlərarası məsuliyyət prinsipinin adi tələbləridir.

Əgər hadisə Rusiya MN-in səhvi ucbatından baş veribsə, o zaman məsul tərəf həm siyasi, həm də hüquqi müstəvidə cavab verməlidir. Əks halda, “faciəli səhifəni çevirmək” çağırışı formal və əsassız bəyanatdan başqa bir şey deyil. Səhifə yalnız həqiqət etiraf ediləndə və ədalət təmin olunanda çevrilə bilər. 

Zaxarovanın çıxışında diqqətçəkən məqamlardan biri də informativ fonun “sağlamlaşdırılması” barədə çağırışdır. Lakin informasiya mühitini sağlamlaşdırmağın yolu faktları kölgədə saxlamaqdan keçmir. Əksinə, şəffaflıq, açıq istintaq, məsul şəxslərin müəyyənləşdirilməsi və cəmiyyətə aydın izahın verilməsi etimad mühitini bərpa edə bilər. Əgər Moskva həqiqətən münasibətlərin normallaşmasında maraqlıdırsa, o zaman prioritet informasiya axınının idarə olunması deyil, konkret nəticələrin ortaya qoyulması olmalıdır. 

Rusiya tərəfi müxtəlif səviyyələrdə məsləhətləşmələrin keçirildiyini, Bakıya məlumatların təqdim olunduğunu bildirir. Ancaq təqdim olunan məlumatların mahiyyəti və hüquqi nəticəsi barədə ictimaiyyətə heç bir aydınlıq verilməyib. Halbuki söhbət onlarla insanın həyatına son qoymuş faciədən gedir. Bu məsələ diplomatik prosedur çərçivəsində uzadıla bilməz. Digər tərəfdən, Moskvanın Bakıda saxlanılmış Rusiya vətəndaşlarının azad olunması məsələsini gündəmə gətirməsi diqqətdən yayınmır. Bu iki mövzunun paralel səsləndirilməsi müəyyən balans görüntüsü yaratmaq cəhdi təsiri bağışlayır. Halbuki hüquqi mahiyyət etibarilə bunlar fərqli məsələlərdir. AZAL təyyarəsinin vurulması dövlət məsuliyyəti doğuran beynəlxalq hadisədir və burada prioritet məsələ səbəbin etirafı, hüquqi qiymət və kompensasiyadır. 

Azərbaycanın gözləntisi aydındır və beynəlxalq hüquqa əsaslanır: Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşma rəsmən təsdiqlənməli, Rusiya MN-in məsuliyyəti hüquqi müstəvidə tanınmalı, günahkarlar barədə tədbir görülməli və zərərçəkmişlərə kompensasiya ödənilməlidir. Bu addımlar atılmadan xanım Zaxarovanın bəhs etdiyi “faciəli səhifəni çevirmək” mümkün deyil. Nəticə etibarilə, top Moskvanın meydanındadır. Münasibətlərin həqiqi normallaşması emosional ifadələrdən deyil, konkret hüquqi qərarlardan keçir. Əgər Rusiya tərəfi doğrudan da bu məsələyə nöqtə qoymaq istəyirsə, o zaman diplomatik ritorikanı real məsuliyyət mexanizmləri ilə əvəz etməlidir. Yalnız bu halda həm ədalət bərpa olunar, həm də iki ölkə arasında etimadın yenidən qurulması üçün zəmin yaranar.

Səxavət HƏMİD

XQ

Siyasət