Ermənistan ətrafında baş verən son proseslər, Avropa İttifaqının (Aİ) İrəvana siyasi və institusional dəstəyi, habelə qarşıdan gələn parlament seçkiləri fonunda “hibrid təhdidlər” mövzusunun aktuallaşması bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi trayektoriyasına təsir göstərə biləcək amillər kimi çıxış edir.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən səsləndirilən fikirlər rəsmi Brüsselin Ermənistanla əməkdaşlığı yeni mərhələyə daşımaq niyyətindən xəbər verir. Aİ-nin parlament seçkiləri ərəfəsində Ermənistanda “hibrid sürətli reaksiya qrupu” yerləşdirmək planı və ölkənin dayanıqlılığının artırılması üçün 15 milyon avro ayırmaq qərarı, faktiki olaraq, ölkənin daxili siyasi sabitliyinin artıq təkcə milli məsələ deyil, Avropa təhlükəsizlik gündəliyinin tərkib hissəsi kimi qiymətləndirildiyini göstərir. Söhbət təkcə texniki dəstəkdən getmir burada informasiya təhlükəsizliyi, seçki prosesinin bütövlüyü və dövlət institutlarının xarici təsirlərə qarşı davamlılığı kimi strateji məsələlər ön plana çıxır.
Rəsmi İrəvanın mövqeyi də diqqətəlayiqdir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Brüsselə ünvanlanan müraciət, eləcə də iqtisadiyyat naziri Gevork Papoyanın hibrid hücumlar və kibertəhdidlər barədə açıqlamaları göstərir ki, Ermənistan hakimiyyəti qarşıdan gələn seçkiləri yalnız daxili siyasi rəqabət kontekstində deyil, həm də geosiyasi təzyiqlər müstəvisində qiymətləndirir. “Demokratiyanın özünümüdafiə hüququ var” tezisi əslində kiçik və orta dövlətlərin yeni beynəlxalq reallıqda üzləşdiyi çağırışların ümumiləşdirilmiş ifadəsidir. Müasir dövrdə seçkilərə müdaxilə artıq klassik hərbi müdaxilə formasında deyil, informasiya manipulyasiyası, sosial şəbəkələrdə dezinformasiya kampaniyaları, iqtisadi təsir rıçaqları və siyasi təsir şəbəkələri vasitəsilə həyata keçirilir.
Erməni politoloq Areq Koçinyanın Rusiya amilini əsas təhlükə kimi qiymətləndirməsi İrəvanda formalaşmaqda olan yeni strateji düşüncənin göstəricisidir. Onun fikrincə, Rusiyanın Ermənistanda təsir gücü bu yaxınlarda seçkilərin keçirildiyi Moldovadan daha çoxdur: “Buraya həm şübhəsiz ki, “satın alınmış” siyasi fiqurlar və qüvvələr, həm də müxtəlif media qurumları, xeyriyyə fondları və QHT-lər şəklində birbaşa imkanlar daxildir. Bütün bunlar onların uğur şanslarını artıra bilər. Ermənistan öz dayanıqlığını gücləndirmək üçün dövlət səviyyəsində tədbirlər görməlidir”.
Bu yanaşma təsadüfi deyil. 2020-ci ildən sonra regionda yaranmış yeni reallıqlar, Qarabağ münaqişəsinin hərbi fazasının başa çatması və Rusiya sülhməramlı kontingentinin bölgədən çıxarılması fonunda Ermənistanın təhlükəsizlik arxitekturası ciddi transformasiya mərhələsinə daxil olub. Əvvəllər əsas dayağı Rusiya olan Ermənistan indi alternativ ünvanlar axtarmağa çalışır. Bu isə istər-istəməz, Moskva ilə münasibətlərdə gərginlik yaradır.
Burada Moldovanın təcrübəsinə istinad edilməsi də rəmzi xarakter daşıyır. Aİ ötən il seçkilər ərəfəsində Kişinyova oxşar dəstək göstərmiş və bunu uğurlu model kimi təqdim etmişdi. Lakin Ermənistanla Moldova arasında ciddi fərqlər mövcuddur. Moldova artıq Aİ-yə namizəd ölkə statusu alıb və onun Avroatlantik inteqrasiyası daha aydın institusional çərçivəyə malikdir. Ermənistan isə, eyni zamanda, Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu fakt geosiyasi balansı mürəkkəbləşdirir. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin Qərbin Ermənistanı geosiyasi mübarizə aləti kimi istifadə etdiyi barədə bəyanatı Moskvanın proseslərə hansı prizmadan baxdığını göstərir. Kreml üçün Ermənistanın Aİ ilə təhlükəsizlik və siyasi sahədə dərinləşən əməkdaşlığı postsovet məkanında təsir dairəsinin daralması deməkdir.
***
Cənubi Qafqazın digər mühüm aktoru Azərbaycan üçün isə əsas prioritet regionda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılmasıdır. Brüsseldə aparılan müzakirələrdə Aİ-nin Ermənistana dəstəyinin Azərbaycanla sülh prosesinə mənfi təsir göstərməməsinin xüsusi vurğulanması da bunu təsdiqləyir. Rəsmi Bakı son illər Ermənistan ərazisində yerləşdirilmiş Aİ müşahidə missiyası ilə bağlı müəyyən narahatlıqlarını ifadə edib. Lakin yeni missiyanın daha çox hibrid təhdidlərə və seçki prosesinin qorunmasına yönələcəyi bildirilir. Əgər bu mexanizm doğrudan da regionda sabitliyi gücləndirən və sülh gündəliyini dəstəkləyən amilə çevrilərsə, bu, Cənubi Qafqaz üçün müsbət presedent olacaq.
Eyni zamanda, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh təşəbbüsləri və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar yeni regional konfiqurasiyanın formalaşmasına xidmət edir. Ermənistan daxilində bəzi ekspertlərin təhlükəsizlik asılılığını azaltmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib sayması göstərir ki, regionun gələcəyi qarşılıqlı düşmənçilik modelindən əməkdaşlıq modelinə keçiddən asılıdır. Bu isə yalnız birtərəfli geosiyasi seçimlərlə deyil, balanslaşdırılmış və praqmatik siyasətlə mümkündür.
Hazırkı mərhələdə əsas sual ondan ibarətdir ki, Ermənistan qarşıdan gələn seçkiləri daxili sabitlik və xarici balansı qoruyaraq keçirə biləcəkmi? Əgər seçki prosesi legitim və şəffaf şəkildə baş tutarsa, bu, ölkənin beynəlxalq mövqelərini gücləndirə bilər. Əks halda, daxili siyasi parçalanma və xarici təsir iddiaları Ermənistanı daha dərin geosiyasi qarşıdurma meydanına çevirəcək. Bu isə bütövlükdə Cənubi Qafqazda sabitliyə mənfi təsir göstərər.
Beləliklə, Ermənistan ətrafında cərəyan edən proseslər təkcə bir ölkənin seçki təhlükəsizliyi məsələsi deyil, bütövlükdə regionun gələcək geosiyasi arxitekturasının formalaşması baxımından əhəmiyyətlidir. Aİ-nin fəallaşması, Rusiyanın narahatlığı, ABŞ-ın vasitəçilik təşəbbüsləri və Azərbaycan–Ermənistan sülh gündəliyi paralel şəkildə inkişaf edir. Cənubi Qafqaz üçün optimal yol qarşıdurma platformasına çevrilmək deyil, əməkdaşlıq məkanına transformasiya olunmaqdır. Bunun üçün isə region dövlətləri xarici təsir balansını qorumaqla yanaşı, milli maraqları əsas götürən, praqmatik və uzaqgörən siyasət yürütməlidirlər. Yeni reallıq məhz bunu tələb edir.
Pünhan ƏFƏNDİYEV
XQ

