TÜRKPA-nın hüquqi sənədləri təkmilləşdirilir

post-img

Martın 2-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri xanım Aygül Kuspanla onlayn formatda görüş keçirib.

TÜRKPA-dan XQ-yə verilən məlumata görə, Baş katib R.Həsən A.Kuspana qardaş Qazaxıstanda aparılan konstitusiya islahatlarını tam dəstəklədiyini qeyd edib. O, yeni Konstitusiyanın qardaş ölkədə rifahın və sabitliyin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Baş katib Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində TÜRKPA-nın referendum prosesinin şəffaflığına töhfə vermək üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, xanım Aygül Kuspan Baş katibə yeni parlament sistemi çərçivəsində gözlənilən dəyişikliklər barədə məlumat verib. O, yeni sistemin Qazaxıstan Parlamentində hesabatlılığı və səmərəliliyi daha da gücləndirəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər, eyni zamanda, TÜRKPA-nın hüquqi sənədlərinin təkmilləşdirilməsinin əhəmiyyətini müzakirə ediblər. Həmçinin, aprel ayında İstanbulda keçiriləcək TÜRKPA Üzv Parlamentlərinin rəhbərlərinin qeyri-rəsmi görüşünün parlamentlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi üçün yüksəksəviyyəli platforma kimi əhəmiyyəti xüsusi qeyd olunub.



Siyasət