Azərbaycan xalqının taleyində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti bir dövrün deyil, bütöv bir xalqın gələcəyinin müəyyənləşməsində həlledici rol oynayır. Belə nadir və böyük şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Onun həyat yolu dövlətə, xalqa və milli maraqlara xidmət nümunəsi kimi tarixə çevrilmişdir. Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə onun Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı misilsiz xidmətləri bir daha böyük ehtiramla xatırlanır.
1923-cü il mayın 10-da Naxçıvanda dünyaya göz açan Heydər Əliyev gənc yaşlarından zəhmətkeşliyi, intizamı və yüksək idarəçilik keyfiyyətləri ilə seçilmişdir. Dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə qazandığı təcrübə sonradan onun böyük siyasi lider kimi formalaşmasında mühüm rol oynadı. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi isə ölkənin həyatında yeni bir mərhələnin başlanğıcı oldu.
Heydər Əliyevin ilk hakimiyyəti dövründə Azərbaycan keçmiş sovet məkanında sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Sənaye müəssisələrinin tikilməsi, kənd təsərrüfatının inkişafı, yeni zavod və fabriklərin istifadəyə verilməsi ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdı. Respublikada elmə, təhsilə, mədəniyyətə və incəsənətə xüsusi diqqət ayrıldı. Minlərlə gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün imkan yaradıldı. Azərbaycan dili və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqın milli özünüdərk prosesini gücləndirdi.
1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndərin milli maraqlara bağlılığının ən mühüm nümunələrindən biri idi. O dövrdə bu addımı atmaq böyük siyasi iradə tələb edirdi. Heydər Əliyev xalqın milli ruhunu yaşatmağın gələcək müstəqilliyin əsas şərtlərindən biri olduğunu uzaqgörənliklə anlayırdı.
1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə irəli çəkilən Heydər Əliyev Sovet İttifaqının ən nüfuzlu siyasi simalarından birinə çevrildi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büro üzvü kimi fəaliyyət göstərən Ulu Öndər Azərbaycanı ittifaq səviyyəsində layiqincə təmsil etdi. Onun təşəbbüsü ilə Azərbaycanda bir sıra iri iqtisadi layihələr həyata keçirildi və respublikanın inkişafı üçün mühüm qərarlar qəbul olundu.
1987-ci ildə vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı erməni separatizmi və təxribatları daha da gücləndi. Qarabağ münaqişəsinin başlanması, xalqımıza qarşı törədilən cinayətlər və 20 Yanvar faciəsi ölkəni ağır sınaqlarla üz-üzə qoydu. Həmin dövrdə xalqın haqq səsini dünyaya çatdıran yeganə böyük siyasi lider məhz Heydər Əliyev idi. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin cinayətkar siyasətini açıq şəkildə ifşa etdi.
1990-cı ildə Naxçıvana qayıdan Ulu Öndər burada milli dövlətçilik ideyalarının əsasını daha da möhkəmləndirdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul olunması məhz onun təşəbbüsü ilə həyata keçirildi. Naxçıvan həmin dövrdə Azərbaycanın müstəqillik yolunda mühüm siyasi mərkəzə çevrildi.
1993-cü ildə ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyin dağılması təhlükəsi yarananda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Onun qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları formalaşdırıldı və milli ordu quruculuğuna başlanıldı.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın yeni neft strategiyası müəyyən edildi. “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. Xarici investisiyaların cəlb olunması, enerji layihələrinin həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişlənməsi Azərbaycanın dünya miqyasında mövqeyini gücləndirdi.
Heydər Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri hüquqi dövlət quruculuğu idi. Yeni Konstitusiyanın qəbul edilməsi, demokratik institutların yaradılması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Ölüm hökmünün ləğvi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirildi.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Heydər Əliyev ideyalarının təntənəsi oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərin ən böyük arzularından birinin gerçəkləşməsi idi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında təkcə dövlət xadimi kimi deyil, həm də xilaskar lider, müdrik siyasətçi və milli birlik simvolu kimi yaşayır. Onun müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycanın tərəqqisinin əsasını təşkil edir. Nə qədər ki Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq və xalqımızı yeni uğurlara aparacaqdır.
Emin Rəhimov,
YAP M.Füzuli küçəsi, 69 üzrə (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) partiya təşkilatının sədri, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktor müavini

