Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı etimada, strateji maraqlara və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan bu münasibətlər artıq təkcə iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji, geosiyasi tərəfdaşlıq və davamlı inkişaf kimi mühüm istiqamətləri də əhatə edir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən qısa müddət sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı, sabit və uzunmüddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha nümayiş etdirir”. Bu fikirləri XQ-yə Milli Məclisin deputatı Səbinə Salmanova söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Ursula Fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır: “Onun Azərbaycanın regionun aparıcı dövləti olduğunu, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulaması, eyni zamanda möhtərəm Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi qeyd etməsi ölkəmizin beynəlxalq nüfuzunun və siyasi çəkisinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın regional proseslərə təsir imkanlarının artdığını, beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqelərinin daha da möhkəmləndiyini göstərir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün təkcə mühüm enerji tərəfdaşı deyil. Ölkəmiz həm də Avropa ilə Asiyanı birləşdirən əlverişli strateji coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi genişmiqyaslı beynəlxalq layihələr sayəsində qlobal iqtisadi və logistik sistemin vacib iştirakçılarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan beynəlxalq yükdaşımalarının, ticarət marşrutlarının və regional iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. Orta Dəhlizin inkişafı istiqamətində həyata keçirilən layihələr də ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artırır. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin, eləcə də ölkəmizdə həyata keçirilən ardıcıl iqtisadi və nəqliyyat strategiyasının uğurlu nəticələridir”.
Parlamentari qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir: “Xüsusilə 2022-ci ildə Avropanın enerji təhlükəsizliyi sahəsində ciddi çağırışlarla üzləşdiyi, Rusiyadan qaz tədarükündə problemlərin yarandığı dövrdə Azərbaycan özünü etibarlı, məsuliyyətli və strateji tərəfdaş kimi bir daha təsdiq etdi. Həmin dövrdən etibarən Azərbaycanın Avropa İttifaqına qaz ixracını təxminən 65 faiz artırması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını aydın şəkildə göstərir. Bu gün Azərbaycan Avropanın enerji xəritəsində strateji əhəmiyyətə malik dövlətlərdən biri kimi çıxış edir.
Eyni zamanda, ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində də Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir. Xəzər dənizinin zəngin bərpaolunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanı gələcəyin enerji tərəfdaşına çevirir. Təsadüfi deyil ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu göstərici ölkəmizin regionun aparıcı iqtisadi gücü olduğunu və Avropa İttifaqı üçün xüsusi strateji əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir”.
S.Salmanova vurğulayıb ki, Avropa İttifaqı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına da xüsusi diqqət yetirir: “Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə dəstək məqsədilə sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsi, həmçinin iki ölkənin icmaları arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın təşviqinə yönəlmiş təşəbbüslər Brüsselin regionda davamlı sabitliyin bərqərar olunmasında maraqlı olduğunu göstərir. Azərbaycan isə postmünaqişə dövründə regionda dayanıqlı sülhün, qarşılıqlı əməkdaşlığın və yeni regional reallıqların formalaşmasının əsas təşəbbüskarlarından biri kimi çıxış edir”.
Deputat daha sonra qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət kursu öz müsbət nəticələrini verməkdədir: “ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Çin ilə hərtərəfli strateji əməkdaşlığın genişləndirilməsi, Türk dünyası ilə əlaqələrin gücləndirilməsi və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlərin dərinləşdirilməsi möhtərəm Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun mühüm nailiyyətləri sırasında xüsusi yer tutur. Bu gün Azərbaycan regionun lider dövləti, etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da gücləndirir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması ölkəmizin beynəlxalq nüfuzunun artmasının, strateji əhəmiyyətinin yüksəlməsinin və gələcək inkişaf perspektivlərinin daha da möhkəmlənməsinin növbəti mühüm göstəricisidir. Şübhəsiz ki, qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı bundan sonra da uğurla inkişaf edəcək, həm regionun, həm də daha geniş coğrafiyanın təhlükəsizliyi, sabitliyi və rifahına mühüm töhfələr verəcək”.
Müşfiq MİRZƏ
XQ

