Qara qarağat insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən hesab olunur. Buna görə xalq təbabətində bu meyvədən bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Gün ərzində 15–20 ədəd yeməklə orqanizmin gündəlik C vitamininə olan tələbatını ödəmək olar. Çünki qarağat tərkibində olan C vitamininin zənginliyi ilə digər meyvələr arasında liderlik edir.
Bununla yanaşı qarağat A, D, E, K, B qrup vitaminlərlə, sellüloz, pektin, üzvi turşular, kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, yod, kobalt, manqan, mis, molibden, ftor və sinklə zəngindir. Bu zəngin tərkibin faydaları da çoxdur.
1. Qarağatdan istifadə edənlərdə ürək-damar xəstəliklərinin yaranması ehtimalı azalır, arterial təzyiq normaya düşür, qanın tərkibi yaxşılaşır.
2. Qaraciyər və böyrək xəstəliklərinin sağalmasını sürətləndirir. Şəkərli diabetin inkişaf riski azalır. Ahıl yaşlı insanlarda əqli zəifləmə yavaşıyır.
3. Qara qarağat onkoloji xəstəliklərin profilaktikası üçün effektli vasitədir. Təbii antioksidant kimi iltihabi prosesləri, mövsümi soyuqdəymələri aradan götürür.
4. İmmuniteti gücləndirir, görmə qabiliyyətinə müsbət təsir edir.
Digər faydalı qida məhsulları kimi qara qarağatdan da qədərincə istifadə olunmalıdır. Həddən çox qəbulu qan laxtalanmasına səbəb ola bilər.
Qarağatın meyvəsindən, mürəbbəsindən, yarpaqlarından hazırlanmış dəmləmə və kompotdan vaxtaşırı istifadə etmək tövsiyə olunur.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

