Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, “Türk ədəbiyyatı dərgisi”nin baş redaktoru, araşdırmaçı-yazar İmdat Avşar illərdən bəri gözəl əsərlər yazmaqla bərabər, Azərbaycan türkcəsindən sanballı çevirmələr edərək yazıçı və şairlərimizi qardaş Türkiyədə daha yaxından tanıdır. AYB-nin Natəvan klubunda yazıçı ilə keçirilən görüşdə bu barədə geniş söhbət açıldı.
“Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva giriş sözündə İmdat Avşar yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, onun çoxşaxəli fəaliyyətindən, o cümlədən, Qarabağ həqiqətlərinin beynəlxalq ədəbi müstəviyə çıxarılmasında mərhum deputat Qənirə Paşayeva ilə birgə reallaşdırdığı “Qarabağ hekayələri” layihəsindən ətraflı bəhs etdi.
AYB-nin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları Azərbaycan sevdalı yazar, tanınmış ziyalı, ədəbiyyatımızın yorulmaz təbliğatçısı İmdat Afşarın ədəbi və ictimai-mədəni sahədə uğurlarından söz açdılar, ona sənət yolunda yeni nailiyyətlər arzuladılar.
Görüşdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri İmdat Afşar yaradıcılığından nümunələr səsləndirdilər və ona Azərbaycan–Türkiyə ədəbi əlaqələrinin perspektivləri, gələcək planları ilə bağlı suallar verdilər.
İmdat Avşar Azərbaycan və Türkiyə xalqlarının ədəbi-məfkurəvi yaxınlığından, tarixi əlaqəsindən danışdı. Qonaq türkdilli xalqların ədəbi-estetik və ictimai-mədəni həmrəyliyinin bu birliyi şərtləndirən əsas amil olduğunu vurğuladı. O sonda Azərbaycan yazarlarının ədəbi nümunələrini Türkiyə türkcəsinə çevirməkdən daim mənəvi zövq aldığını və bu fəaliyyətini bundan sonra da məsuliyyətlə davam etdirəcəyini söylədi.
Ə.ƏLİYEV
XQ

