Gəncədən Göygölədək...

post-img

Hamının arzuladığı gün gəldi. Qar yağdı! Gəncədən başlamış ta gözəllər gözəli Göygölə kimi hər tərəf ağ örpəyə bürünüb. Gecədən başlayan qar günorta saatlarına kimi davam edir. Gəncənin park və meydanlarında, yol kənarlarında uşaqların sevinc dolu səsləri bir-birinə qarışıb. Qartopu oyununu bəlkə də kinolarda görən uşaqların özləri indi həmin filmlərin sanki iştirakçılarına çevriliblər. Elə bil özləri də inanmır ki, Gəncəyə  qar yağarmış...

         Əvvəllər qar yağanda əksəriyyət gileylənərdi, “əşi, bizə qar yaraşmır, maşınlar sürüşür, hər yer palçığa qərq olur” deyirdilər. Amma indi Gəncədə hara baxırsan, qar təmizləyən, duzlu qum səpən maşınlara rast gəlirsən. Gəncə Kommunal Təsərrüfatı İstehsalat birliyinin işçiləri sanki əmrə müntəzir dayanıblarmış. Gecədən yollara çıxıblar,necə deyərlər, əl-ayaq görürlər. Şəhər icra hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Kamran Məhərrəmov deyir ki, bu sahədə bir sistem yarada bilmişik. Belə fövqalədə hallarda fəhlədən tutmuş mühəndisə, idarə rəhbərinə kimi hərə öz vəzifəsini bilir və onlara əlavə söz deməyə ehtiyac da yoxdur. Niyazi müəllimin təşəbbüsü və köməyi ilə Gəncəyə kifayət qədər texnika alınıb gətirilib. Yaydan bütün hazırlıqları görmüşük və buna görə də çətinlik çəkmirik.

         ...Göygöl rayonu ərazisinə daxil oluruq. Hələ də söküllməmiş nəcib yolka diqqətimizi cəlb edir. Qara bürünən ağacın yarpaqları daha təbii, daha gözəl görünür. Son vaxtlar yenidən bərpa edilən tarixi memarlıq abidələri, almanlardan qalmış yaşayış evləri gecədən yağan qarı sanki qoyunlarında saxlamaqla öyünür, onu gəlib-keçənlərə nümayiş etdirirlər. Yeri gəlmişkən qeyd edək ki,  bu rayon indi maraqlı təşəbbüslər, nəcib işlər, adamların torpağa daha çox bağlanması ilə diqqəti cəlb edir.

         Təsadüfən rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Ariz Eyvazovla rastlaşıram. Uzun illərdir tanıyıram, təcrübəli dövlət qulluqçusu, rayonda sayılıb-seçilən ziyalılardandır. Məni görən kimi “müəllim, ilk qarınız mübarək” deyib hal-əhval tutur. Deyir ki, Göygöl rayon sakinləri qarlı-şaxtalı havalara az-çox öyrəşsələr də, son vaxtlar onlar da qarı həsrətlə gözləyirdilər.

          Ariz müəllim buradan Hacıkəndə, oradan da Göygölə gedəcəyimizi bilib çox inamla “arxayın gedin, yol işçiləri bürün tədbirləri görüblər, ətraf qar topaları olsa da, yol sürüşkən deyil, qarşısını alıblar” deyir.

         Doğrudan da dağların, təpələrin qoynuna dolaşan, Hacıkənd meşələrinin arasından keçən yol çox rahatdır. Doğrudur, bəzi yerlərdə maşınımız sürüşsə də elə də ciddi narahatlıq doğurmur. Təbii ki, bir gecədə və gündüz saatlarında bu qədər qar yağdıqdan sonra yolları tam təmizləmək bir o qədər də asan iş deyil.

         Nəhayət, füsunkar Göygöl ərazisinə daxil oluruq. Qoruğun direktoru, bütün fəaliyyətini, gününü-güzəranını bu yerlərə həsr edən Fuad Quliyev deyir ki, qoruğun ərazisinə 20-25 santimetr qar düşüb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyatı əməkdaşları tərəfindən Göygöl Milli Parkın ərazisindən keçən asfalt yollarda qarın kürünməsi və duzlu qumlanması icra olunur. Biz özümüz də direktorun dediklərinin şahidi oluruq.

         -Turistlər belə havada Göygölə gəlməyə daha çox həvəs göstərirlər, deyir,- biz də çalışırıq ki, onlar məmnun qalsınlar. Burada qış fəslində də istirahət üçün hər cür şərait var. O cümlədən yollarımızı başlı-başına buraxa bilmərik. Sağ olsunlar, əlaqədar qurumlar vaxtında və operativ tədbirlər görürlər.

         …Gölün kənarına kimi düşürük. Burada xeyli turist var. Özləri ilə xizək gətirənlər, əylənənlər, şəkil çəkdirənlər, sadəcə Göygölün gözəlliyinə tamaşa edənlər onlarladır.

         …Gəncədən Göygölədək məsafəni əvvəllər bir neçə saata qət edirdik. Çünki yol narahat idi, çala-çuxurlar addımbaşı qarşına çıxırdı. Digər tərəfdən lazımı materiallarla təmizləmək əvəzinə yolun bir-iki yerinə adi torpaq tökürdülər, vəssalam. İndi tamam başqa bir mənzərənin şahidi olduq, Gəncə-Göygöl yolunu cəmi 1 saata qət etdik və sevindik ki, nə yaxşı bizim də qarlı-şaxtalı günlərimiz olur. Nə yaxşı ki, Gəncəmiz, Göygölümüz var və qar onlara daha çox yaraşır!

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

 

 



















Sosial həyat