Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Seyfəddin Vəliyev, həmin institutun Elm, innovasiyalar və təhsilin inkişafı şöbəsinin müdiri Toxtamurod Atakulov, Kənd Təsərrüfatı Biznes və İnnovasiyalar üzrə Milli Mərkəzin direktoru Şuxrat Otajonov, Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsi Aqrotexnologiyası Elmi-Tədqiqat İnstitutunun direktoru Şadman Namazov, Akademik M.Miqzaueç adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Alijon Esankulov, Tərəvəzçilik, Bostan Bitkiləri və Kartofçuluq Elmi-Tədqiqat İnstitutunun direktoru Rüstəm Nizamov elmi əməkdaşlıq üzrə danışıqların aparılması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) olublar.
Qonaqlar Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü ilə görüşüblər.
Görüşdə Azərbaycanda və Özbəkistanda ipəkçiliyin mövcud vəziyyəti, baramaçılıq və tutçuluq sahələri üzrə aparılan elmi-tədqiqatlar və onların istehsalata tətbiqi, eləcə də tut ipəkçiliyi, baramaçılıq və barama emalı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin 2025-2029-cu illər üçün elmi əməkdaşlığın əsas aspektlərinə dair müzakirələr aparılıb, Şəki Regional Elmi Mərkəzi ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutu arasında ipəkçilik sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Daha sonra qonaqlar Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin fəaliyyəti ilə tanış olub, baramaçılıq təsərrüfatlarına, barama emalı müəssisələrinə, mövcud və yeni yaradılmış tut plantasiyalarına səfər ediblər.
Sonda qonaqlara Şəki REM-in nəşri olan kitablar hədiyyə edilib.