1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Xocalıdayam. Yaşıllıqların ortasında yerləşən, təbii güllərlə, çiçəklərlə əhatələnmiş parkda uşaqlar oyunlar oynayır, yelləncəkdə yellənir, əylənirlər. Səs-küyləri, şən, şaqraq gülüşləri, sevinc dolu qışqırıqları ətrafa yayılıb. Qayğısızcasına öz uşaq dünyalarının keyfini çıxaran bu balaca fidanlara baxdıqca insanın də uşaqlaşmağı, onlara qoşulub oynamağı gəlir. Nə gözəldir azad Xocalının balaca sakini olmaq! Nə gözəldir gündən-günə abadlaşan Xocalının ağır yaralarına məlhəm olan bu mənzərələri izləmək!
Yaxınlaşıb salamlaşıram, bayramlarını təbrik edirəm. Bu gün onların günüdür axı, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü. Hamısı bir ağızdan “çox sağ ol” deyir, di gəl çoxu nə “beynəlxalq”ın nə demək olduğunu bilmir, nə də “hüquq”dan, “müdafiə”dən xəbərləri yoxdur. Şirin-şəkər Nihalın, onu hər addımda izləyən, qoruyan Şəmsəddinin, gülüzlü Nurayın, balıq bürcündən olan Zeynəb və gözəllər gözəli Zəhranın, böyüyəndə əsgər olacağını deyən zabit uniformalı Yusifin, dil-dil ötən ağıllı Aminənin, qardaşı “ağsaqqal” Asimanın, “mənim adımı yazdınmı” deyə soruşan Üzeyirin, Xəyalın, düz bir il əvvəl əlində Xocalıda onlara verilən yeni evin açarları olan şəkli ilə qəzetimizin səhifəsini bəzəmiş Rüqəyyanın indi üstündə atılıb-düşdükləri bu torpaqlarda yaşanmış, bu torpaqların əsl sahiblərinin yaşadıqları faciələrdən də xəbərləri yoxdur. Bilmirlər ki, bir vaxtlar həmyaşıdları elə bu yerlərdə vəhşiləşmiş, insan qanına susamış erməni cəlladları tərəfindən qətlə yetiriliblər, zülmə, işgəncəyə məruz qalıblar. Özü də başqa vaxt insan haqlarından, uşaq hüquqlarından dəm vuran dünyanın gözü qarşısında, laqeyd baxışları altında. Haradan bilsinlər ki, onların ata-babaları illər boyu tək bircə dəfə Xocalını görməyin, onun havasını udmağın, suyunu içməyin həsrətini nə qədər çəkiblər. Şən-şən oyun oynayan bu şirin balalar hələ bilmirlər ki, Xocalı adı çəkiləndə göz yaşlarımızı saxlaya bilmədiyimiz, boğazımızı qəhərə boğan dərdimiz olub. Hərəsi ölkəmizin başqa-başqa yerlərində doğulmuş bu xocalılı uşaqlar böyüdükcə, özlərinin dedikləri kimi, bu gün bulağını, lalələrini, təzə evlərini sevdikləri Xocalının azadlığı uğrunda neçə-neçə qəhrəmanımızın öz canından keçdiyini öyrənəcəklər. Biləcəklər ki, beynəlxalq hüququ da, ilahi ədaləti də müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında biz özümüz təmin etmişik. Bu fidanlar azad Xocalıda rahat yaşasınlar, qayğısız böyüsünlər, adlarının əvvəlinə “məcburi köçkün” söz birləşməsi qoşulmasın deyə...
Bu gün yenidən həyat qayıdan, gündən-günə dirçələn, inkişaf edən Qarabağımızın, Şərqi Zəngəzurumuzun azadlığı naminə çəkilən bütün əziyyətlərin ən böyük mükafatı, sözsüz, Xocalıda, yaşıllıqların ortasında yerləşən, təbii güllərlə, çiçəklərlə əhatələnmiş bu parkda oynayan tər qönçələrin, sevimli balacaların şirin, dərdsiz gülüşləridir. Onların bayramına – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə ən böyük hədiyyə də elə azad Xocalıdır. Çünki hər soruşan olanda onlar fəxrlə deyəcəklər ki, biz azad Xocalının övladlarıyıq!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı