Müharibədə əlil olan daha bir qrup şəxslə görüş keçirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu vurğulayıb. Həmçinin qabaqcıl dünya təcrübəsi əsasında yeni reabilitasiya üsullarının tətbiq edildiyi, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının əhəmiyyətli dərəcədə artırıldığı qeyd edilib. Eyni zamanda, döyüşlərdə yaralanaraq əzalarını itirmiş 494 hərbçimizin 612 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi bildirilib.  

Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3600-dən çox müharibə iştirakçısının xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. Onlarla bağlı ardıcıl və effektiv bərpa müalicə tədbirlərinin həyata keçirildiyi qeyd edilib. 

Bu tədbirlər, həkim komandasının peşəkarlığı nəticəsində həmin qazilərimizdən böyük hissəsinin artıq sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları vurğulanıb. Onların yenidən sağlam, aktiv həyata, əmək fəaliyyətinə davam etdikləri bildirilib.  

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdir müavini Vüqar İmanov şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib. 

Postmüharibə dövründə bu kateqoriyalardan olan 27,4 min şəxsin məşğulluğunun təmin olunduğu, onlardan 13,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslərin yaradıldığı bildirilib.

Müharibə iştirakçıları daim diqqət və qayğı ilə əhatə olunmalarından, onlara göstərilən reabilitasiya və məşğulluq xidmətlərindən razılıqlarını bildiriblər. 

Görüşdə reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, onların aktiv məşğulluq proqramları ilə əhatə olunmaları istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Sosial həyat